Bu, bir ildə ikinci oxşar hadisədir
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində iki gün öncə bir ailənin üç üzvünün qətli, birinin isə yaralanmasıyla nəticələnən cinayət hadisəsi baş verib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin dekabrın 1-də yaydığı məlumatda bildirilir ki, cinayətin üstü açılıb. Hadisəni tötərməkdə şübhəli bilinən isə ailənin keçmiş kürəkənidir.
Sözügedən ağır cinayət hadisəsi noyabrın 29-da saat 20 radələrində baş verib. Buzovna sakini, 1939-cu il təvəllüdlü Elbrus Muradov, onun həyat yoldaşı – 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu – 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi – 1997-ci il təvəllüdlü Elbrus Ağalarova bıçaqla çoxsaylı zərbələr endirilib. Elbrus Muradov hadisə yerində ölüb. Həyat yoldaşı və oğlu isə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun bu hadisəni şəxsi münasibətlər zəminində mübahisə nəticəsində törətdiyi iddia olunur.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa madələri ilə cinayət işi başlanıb, istintaq gedir. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Nofəl Səfərovun ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
2022-ci ilin fevralında Bakının Nizami rayonunda da ana və iki övladının qətlə yetirildiyi ağır cinayət hadisəsi baş vermişdi. Həmin cinayətə görə hazırda məhkəmə prosesi gedir. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında dayanan şəxs isə qadının bacısının keçmiş həyat yoldaşıdır. Keçmiş məktəb direktoru və müəllim olan bu şəxsin qətli tamah məqsədilə törətdiyi, onun ailənin mənzil almaq üçün pul toplaması haqda öncədən məlumatlı olduğu bildirilir. Lakin özü bu ittihamı rədd edir, işgəncə altında etiraf ifadəsinə imza atdığını deyir.