Orxan Abdullayev: “Hakim köməkçisi vasitəsilə 26 min alıb, şərti cəza verdi”
MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Mövlam Şıxəliyev və onun keçmiş üç işçisindən zərərçəkmişlərdən biri də Cavidan Hacıyevdir. O danışır ki, vaxtilə şəriki ilə birlikdə girov qoyub, bizneslərini inkişaf etdirmək məqsədilə “Texnikabank”dan 30 milyon kredit götürmüşdülər. Bununla da MTN-çilərin hədəfinə çevrilmişdilər. Heç bir cinayət törətmədikləri halda, MTN-də ondan və şərikindən 1 milyon pul alındı. Cavidan Hacıyev mayın 31-də sabiq MTN-çilərin məhkəməsində zərərçəkmiş qismində ifadə verərkən bu barədə danışıb.
Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha üç nəfərin – istintaq idarəsinin sabiq rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində baxılır. Bu işə baxan hakim Elbəy Allahverdiyev əvvəlki kimi, yenə də jurnalistləri sabiq MTN-çilərin məhkəməsinə buraxmır. Jurnalistlər də əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də prosesdə baş verənlər haqda ətraflı məlumat əldə edə biliblər.
Zərərçəkmişlər isə hakimi sabiq MTN-çilərin əməllərini ört-basdır eləməkdə, onları qorumaqda ittiham edir.
Zərərçəkmişlər həmçinin Mövlam Şıxəliyev kimi, digər üç təqsirləndirilənin də həbs olunmasını tələb edir. Onlar bildirir ki, adları çəkilən üç nəfər nə əməllərindən peşmandır, nə də zərərçəkmişlərə vurduqları ziyanı ödəmək niyyətindədir. Onların hansı səbəbdən azadlıqda saxlandığı da anlaşılmır.
Mayın 31-də keçirilən məhkəmə iclasında öncə şahid kimi Vüqar Cəfərov dindirilib. O, zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır.
Şahid deyir ki, qardaşı “Sədərək” ticarət mərkəzində sahibkarlıqla məşğul olurdu. 2013-cü ilin avqustunda qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birlikdə MTN əməkdaşları saxlayıb, onları qaçaqmalçılıqda ittiham ediblər. Etibar Cəfərovun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“İstintaqı Fuad Məmmədov aparırdı. Müstəntiq Fuad Məmmədov şöbə rəisi Yasin Məmmədovla birlikdə atamdan qardaşımın buraxılması üçün 300 min manat istədi. Halbuki, qardaşım nə qaçaqmalçılıq, nə də başqa bir cinayət törətmişdi, onu şərləyirdilər. Qohum-əqrəbadan borc aldıq, nəyimiz var, satdıq, 210 min manat toplayıb, MTN-in arxasında Fuad Məmmədova verdim. 3-4 gün sonra qardaşımı azad etdilər”, – şahid ifadəsində bildirib.
Etibar Cəfərov və digərləri haqqında cinayət işi Qaradağ Rayon Məhkəməsinə göndərilib. Orada qaçaqmalçılıq ittihamı ölkəyə keyfiyyətsiz mal gətirilmə ittihamına tövsif olunub: “Bu da yalan idi, mallar keyfiyyətliydi. Ona görə boş qutuları yandırıb videoya çəkdilər ki, guya keyfiyyətsiz malları yandırırlar. Qardaşımla bərabər tutulanlardan da pul almışdılar. Məhkəmə onların hər birinə cərimə cəzası kəsdi”.
Şahid əlavə edib ki, MTN-də onlara vurulan ziyan ödənilməyib.
Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Cavidan Hacıyev hazırda həbsdədir. O bildirib ki, 2016-ci ildə “Texnikabank”dan 18 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək, 10 il azadlıqdan məhrum edilib. Sonradan cəzası 6 ilə endirilib.
Həbs olunana qədər Türkiyə və başqa ölkələrdə böyük bizneslə məşğul olduğunu deyən Cavidan Hacıyevin sözlərinə görə, onun Rauf Kərimov adlı şəriki vardı. Biznesin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank”a girov qoyub, 30 milyon dollar uzunmüddətli kredit götürüblər. Rauf Kərimova məxsus “Bakı” mehmanxanası da girov qoyulub.
2012-ci ilin martında “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunandan az sonra – may ayında onları da Vüsal Ələkbərov MTN-ə çağırıb:
“Türkiyədən ölkəyə gəlib, Vüsalın çağırışıyla mütəmadi MTN-ə gedirdim. 2-3 ay belə davam elədi. Vüsal Ələkbərov hər gün məndən və Rauf Kərimovdan “Texnikabank”dan krediti necə, kimin vasitəsilə götürdüyümüzü, nəyə xərclədiyimizi soruşurdu. Nəhayət, bir gün tələb elədi ki, hərəmiz ona 500 min pul verməliyik, yoxsa ikimiz də həbs olunacağıq. Əvvəl razılaşmadıq. Çünki heç bir cinayət törətməmişdik. Amma Vüsal Ələkbərov əl çəkmədi. Bizi hədələyirdi. Bizi 3-4 dəfə Təhsin Ağayevin otağına apardı. Təhsin Ağayev də ona qoşulub hər dəfə bizə hədə-qorxu gəlirdi, israrla 1 milyon manat verməyimizi tələb edirdi. Təhsin Ağayev bu gün özünü xəstəliyə vurub, aradan çıxıb. Amma MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayev və Vüsal Ələkbərovun tələbilə razılaşmağa məcbur olduq. Razılaşmamışdan bir neçə gün əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovun otağından Raufu birbaşa Mövlam Şixəliyevin kabinetinə aparmışdı. Təxminən 15 dəqiqəlik söhbətdən sonra Rauf gəlib dedi ki, pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikiniz də həbsdə çürüyəcəksiniz”.
Cavidan Hacıyev əlavə edib ki, şəriki ilə 2012-ci ilin sentyabr-noyabr aylarında “Yunayted Kredit Bank” və “Atrabank”dan kredit götürüb, MTN-ə veriblər.
Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Orxan Abdullayev deyir ki, şəriki Sərdar İsmayılovla Gürcüstanda satmaq üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş eləmişdilər. Mallar Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəlib. Malların üstündə Gürcüstanın bayrağı olmadığı üçün bu ölkədə satışı da mümkün olmayıb. Ona görə həmin malları Azərbaycanda satmaq haqda düşünüblər. Sərdar İsmayılov tanışı Elman Məsimov vasitəsilə malları Bakıya gətirə biləcəyini deyib. Sərdarla birlikdə Balakənə gedib, orada Elmanla görüşüblər. Elman da öz növbəsində onları Əfsəl və Məcid adlı şəxslərlə tanış edib. Həmin adamlarla birlikdə Tbilisiyə gedib, malların yerini Əfsəl və Məcidə göstərib, Balakənə qayıdıblar.
“10 sentyabr 2013-cü ildə Sərdarla Bakıda “Eqzotika” çay evində oturub çay içirdik. Orada bizi saxlayıb MTN-ə gətirdilər. Günyarım orada qaldıq. Bizdən pul istəyirdilər. Dedilər ki, gedin, sizi çağıracağıq. Növbəti gün çağırdılar, getdik, həbs olunduq. Barəmizdə ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçildi. 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında məndən ifadə alınanda ora Yasin Məmmədov gəldi. Mənə dedi ki, “ay naxçıvanlı, sənə yaraşmaz belə seyə görə burada oturmaq, 100 min manat ver, ev dustaqlığına çıx”. Yasin Məmmədova dedim ki, o qədər pulum yoxdur. Noyabrda məni MTN-in istintaq təcridxanasından Yasin Məmmədovun otağına gətirdilər, atam da orada idi. Təxminən 5 dəqiqə söhbət elədik. Atama dedim ki, “Yasin Məmmədov nə istəyir, onu ver, məni çıxar, burada qala bilmirəm”, – Orxan Abdullayev bildirib.
Onun sözlərinə görə, 4 ay 23 gün MTN-də həbsdə saxlandıqdan sonra 2014-cü ilin yanvarında ekspertizadan xəstəlikdən əziyyət çəkməsi haqda rəy alınıb, ev dustaqlığına buraxılıb. Atasından öyrənib ki, bunun müqabilində Yasin Məmmədova 50 min manat pul verilib: “Atam məni həbsdən buraxdırmaq üçün mənzilimi satıb vermişdi. Ekspertiza üçün də əlavə 3 mini atamdan almışdı. Cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl Yasin Məmmədovun otağına getdim. Orada daha iki nəfər vardı. Dedi ki, “məhkəmədə artıq-əskik danışmayasınız, demişəm, sizə şərti cəza veriləcək”. Elə də oldu. İş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Hakimin köməkçisi vasitəsilə 26 min manat alıb, həqiqətən də şərti cəza verdilər”.
Sabiq MTN-çilərin işi üzrə məhkəmə prosesi davam edir.
2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.