AXCP üzvü barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, mayın 28-də axşam saatlarında Gəncədə saxlanılan Razi Alışova qarşı Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Mayın 30-da Gəncənin Kəpəz Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
“Məlum oldu ki, Razi Alışovun işi üzrə istintaqı müstəntiq Şahəddin Məmmədov aparacaq. Bu müstəntiq bir neçə ay əvvəl narkotiklə şərlənərək həbs olunmuş cəbhəçi Şahin Hacıyevin də işini aparmışdı. Şahin Hacıyevin məhkəməsində istintaqın nə qədər saxtakarlıqları üzə çıxdı. Şahin Hacıyevin də, Razi Alışovun da narkotiklə heç bir əlaqəsi yoxdur”, – AXCP-dən bildirilib.
Razi Alışov tutulduğu gün günorta saatlarında AXCP-dən olan digər yoldaşlarıyla birlikdə Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki heykəlinin qarşısına toplaşaraq, Respublika Gününü qeyd ediblər. O, “Facebook” hesabından bu haqda foto da paylaşıb və az sonra saxlanılıb.
AXCP fəalının ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
AXCP sədri Əli Kərimli də partiya fəalının həbsinə münasibət bildirib:
“Polis dəyənəyi və sifarişli həbslər İlham Əliyevin sonuncu müttəfiqləridir. Azərbaycandakı rejim artıq neçə ildir ki, bu lənətlənmiş dairə üzrə hərəkət edib, demokratiya tələb edən beynəlxalq dairələri yola verir. Ciddi beynəlxalq təzyiqlərdən sonra bir neçə nəfər siyasi məhbusu azad etməyə məcbur olan kimi, yeni siyasi fəallar həbs olunur ki, siyasi məhbusların həbsxanlardakı yeri boş qalmasın. Bu lənətlənmiş həlqə qırılmalıdır. Azərbaycan cəmiyyəti daha diri, daha mübariz olmalıdır. Siyasi həbslərə elə kütləvi etirazlar etməliyik ki, rejim belə həbslərin də artıq əks reaksiya verdiyinə, xalqı qorxutmadığına əmin olsun”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Razi Alışovun siyasi baxışlarına görə şərlənərək həbs olunması haqda deyilənləri təkzib edib: “Narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə, belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar. Gəncə şəhər sakini Razi Alışov da şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub”.