Lyubov Uspenskaya: “Məni nədəsə günahlandırmağa, münaqişəyə salıb, konsertimi ləğv etməyə çalışırlar”

Foto: “bobrtimes.com”

Müğənni onun adından yazılanların saxta olduğunu deyir

Rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqress Mərkəzində keçiriləcək konsertinin ləğv olunması xəbəri yayılıb.

Bildirilir ki, konsertin ləğvinə Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti səbəb olub.

Quruma müraciət edən şəxs Uspenskayanın KİV və sosial şəbəkələrdə Azərbaycanla bağlı təhqiramiz ifadələr işlətdiyini iddia edib.

Qeyd olunur ki, nazirlik rusiyalı müğənninin Azərbaycanla bağlı söylədiyi fikirləri əks etdirən nəşrlə tanış olandan sonra konsert ləğv edilib.

Həmçinin konsertin elanı “iTicket” platformasından silinib.

İnternet resurslarında araşdırma aparan zaman məlum olub ki, Lyubov Uspenskaya Prezident İlham Əliyevin Yerevanın Azərbaycanın tarixi torpağı olması ilə bağlı söylədiyi fikirləri şərh edib.

“Yerevan qədim tarixi Azərbaycan şəhəridir? Bildiyimə görə, Azərbaycanla demək olar ki, eyni yaşdayıq, baxmayaraq ki, bütün hallarda mən daha yaxşı görünürəm”, – müğənni deyib.

Lyubov Uspenskaya isə həmin xəbərlərin bir neçə il öncə yayıldığını və saxta olduğunu bildirib.

Həmin fikirlərin onun mövqeyi olmadığını deyib.

Müğənni konsertinin ləğv edilməsini özünə qarşı təxribat hesab edib:

“Bu gün yuxudan oyananda sarı mətbuatın, ictimaiyyətin yaydığı xəbərdən şok oldum. Guya mənim Azərbaycan və Ermənistan xalqları arasında münaqişə vəziyyətində dediyim siyasi sözlərimə görə Bakıdakı konsertim ləğv olunub. Məni nədəsə günahlandırmağa, münaqişəyə salıb, konsertimi ləğv etməyə çalışırlar. Başa düşürəm ki, bunların hamısı üç il bundan əvvəlki köhnə və saxta xəbərə görə şişirdilir. Bəs bunu nə məqsədlə edirlər?”

İfaçı həmçinin qeyd edib ki, istənilən siyasi münaqişədən, aqressiyadan, müharibələrdən uzaqdır:

“Mən Azərbaycan dilində “Ağ çiçəyim” mahnısını oxumuşam. Mən həm Azərbaycanı, həm də bir müddət yaşamağa müvəffəq olduğum Ermənistanı çox sevirəm. Bütün bu hadisələrə görə ürəyim parçalanır. Mənim mövqeyim birdir – sülh tərəfdarıyam. Ümid edirəm ki, məni düzgün eşidəcəksiniz və ifadələrimi və sözlərimi kontekstdən çıxarmayacaqsız”.

Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, konsertin təşkilatçısı onlar olmadıqları üçün məsələdən xəbərsizdirlər:

“Lyubov Uspensakaya nazirliyin xətti ilə Azərbaycana gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də nazirliyin tabeliyində deyil”.

Bakı Konqres Mərkəzi Lyubov Uspenskayanın konsertinin təşkilatçısı ilə bağlı məlumat vermək istəməyib.

Şanson musiqi ifaçısı olan Lyubov Uspenskaya müxtəlif illərdə Bakıda konsertlə çıxış edib.

Ana səhifəMədəniyyətLyubov Uspenskaya: “Məni nədəsə günahlandırmağa, münaqişəyə salıb, konsertimi ləğv etməyə çalışırlar”