Prokurorluq: “Qəzadan 25 saniyə əvvəl helikopterdə heç bir nasazlıq olmayıb”

Foto: Azərtac

Sənan Paşayev: “Helikopter qəzadan əvvəl 17 dəqiqə 24 saniyə uçuş da həyata keçirib”

“Pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq, helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub”.

Baş prokurorun birinci müavini Elçin Məmmədov hərbi helikopterin noyabrın 30-da qəzaya uğraması ilə bağlı keçirilən brifinqdə belə deyib.

Onun sözlərinə görə, qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib:

“Helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən, uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilib. Bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib”.

Elçin Məmmədov deyib ki, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən rəy verilib:

“Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub”.

“Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb. Onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar”, – deyə o bildirib.

Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri Sənan Paşayev deyib ki, təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib:

“İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağan edici həcmdə olmayıb”.

Qəzaya uğrayan helikopter, Foto: Whatsapp

O bildirib ki, helikopterin marşrutu üzrə hərəkətində qanun pozuntusu aşkar olunmayıb:

“Pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar enmə əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, bu hadisə baş verməyəcəkdi”.

S.Paşayev helikopterin istismar müddətinin 35 il olduğunu deyib: “2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”.

Onun sözlərinə görə, helikopterin texniki göstərişlərində nasazlıq olmayıb:

“2013-cü ildə helikopterin “qara qutu”su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında “qara qutu” yenilənib və təhvil verilib. Çexiya və Azərbaycanın Baş Prokurorluqları tərəfindən qəzadan sonra “qara qutu” açılıb və göstəricilər istintaqa təhvil verilib”.

S.Paşayev qeyd edib ki, qəzaya qədər (30 noyabr-red) helikopter 17 dəqiqə 24 saniyə uçuş da həyata keçirib:

“Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyəyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasına uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsələr də, hündürlüyün sürətlə itirilməsi hadisəni qaçılmaz edib”.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonununda qəzaya uğrayıb.
Nəticədə 14 hərbçi həlak olub, 2 nəfər yaralanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev elə həmin günü keçirdiyi bifinqdə deyib ki, qəzada hansısa kənar təsirdən söhbət gedə bilməz.

Ana səhifəSiyasətProkurorluq: “Qəzadan 25 saniyə əvvəl helikopterdə heç bir nasazlıq olmayıb”