“27 il idi müharibə əliliydim, indi deyirlər, daha sağalmışam”

Nüsrət Yusifov? Foto: Meydan TV

Snayperdən yaralanaraq əlilə çevrilmiş Nüsrət Yusifovun təkcə əlillik pensiyası yox, Prezident təqaüdü də kəsilib

“Dövlət 27 il ödədiyi əlillik pensiyasını kəsib, adını da qoyub ki, daha əlil deyilsən. Axı bu, necə olur? Adam bilmir ki, komissiyanın bu qərarına gülsün, yoxsa ağlasın. Pensiyam mənim ailəmin yeganə dolanışıq yeri idi. Başqa sözlə desək, acından ölməmək üçün ailəmə bir nəfəslik idi. 5 aydır o nəfəsliyi də qapadıblar”.

Nüsrət Yusifov Hacıqabulun Nəvai kənd sakinidir. Meydan TV-yə danışır ki, 1992-93-cü illərdə müddətdən artıq hərbi qulluqçü kimi Qarabağətrafı döyüşlərdə tank komandiri kimi könüllü iştirak edib. 1994-cü ilin yanvarında Ağdamın Papravənd kəndi istiqamətində gedən döyüşlərdə qolundan yaralanıb. Bakıda 4 aylıq müalicələr fayda verməyib, qolun fəaliyyəti bərpa olunmayıb. Elə həmin il ona 2-ci qrup müharibə əlilliyi və Prezident təqaüdü təyin edilib.

“Qolumu snayper dağıdıb, deyir, əlil sayılmırsan”

27 ildən sonra – bu ilin avqustunda Nüsrət Yusifov həm əlillik statusundan, həm də Prezident təqaüdündən məhrum olub:

“470 manat əlillik, 350 manat Prezident təqaüdü alırdım. Bu il iyulun 31-də növbəti dəfə Əlillərin Bərpa Mərkəzində komissiyadan keçdim, bildirdilər ki, nəticə barədə yaxın günlərdə mənə məlumat veriləcək. 1 ay gözlədim, səs-soraq çıxmadı, özüm müraciət etdim, dedilər, sənə əlillik düşmür, diaqnozun əlilliyini təsdiqləmir. Halbuki, bütün sənədlərlə də, müayinələrlə də təsdiqlənir ki, mənim sağ qolumdakı bazu sümüyünü snayper dağıdıb, qolum tamamilə fəaliyyətini itirib. Qolum mənə əmək fəaliyyətiylə məşğul olmağa imkan vermir, tamamilə qeyri-işləkdir, fotosunu da sizə göndərmişəm”.

“Heç sağlama iş tapılmır, əlil özünə necə iş tapsın?”

Əlilliyin ləğvi Nüsrət Yusifovu təkcə əlillik təqaüdündən yox, Prezident təqaüdündən də məhrum edib. Bu isə onun dolanışığını daha da çətinləşdirib:

Nüsrət Yusifov

“Heç bir yerdən gəlirimiz yoxdur. 5 aydır ki, əziyyət çəkirik. Qızımın həyat yoldaşı da ağır qəza keçirib, ayağı yenicə amputasiya olunub, iki nəvəm, qızım, kürəkənim mənimlə qalır, belə bir vaxtda ailəmin yeganə dolanışıq yeri olan təqaüdlərimin də kəsilməsi bizi dözülməz vəziyyətə gətirib. 56 yaşım var, bu ölkədə heç sağlam insan özünə iş tapa bilmir, əlilə isə yerli-dibli iş yoxdur. 5 aydır ailəm acdır, 5 aydır dövlət baba qapımı döyüb maraqlanmır ki, ay sağlamlığını gənc vaxtlarından vətənə görə itirmiş vətəndaş, halın necədir? Daş, torpaqmı yeyirsən? Qapımı döyməsi bir tərəfə dursun, qapısına gedəndə heç üzümə baxan olmur”.

Nüsrət Yusifov Prezidentə də yazıb, ancaq nəticəsi olmayıb:

Prezidentə yazıram, Prezident Administrasiyasına zəng edirəm, deyirlər, məktubun aidiyyəti üzrə quruma göndərilib, tədbir görüləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedirəm, deyirlər, əlil hesab olunmursan, get şikəst qolunla bir iş tap, işlə… Bu hökumətə sual verirəm – indi mən nəyi necə edim ki, öhdəmdə olan bu boyda külfət acından ölməsin?”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaş barəsində həkim rəyinin əks olunduğu Forma-88 arayışı əsasında əlillik təyin edilir. Nəticəylə razılaşmayan vətəndaş Agentlikdəki apelyasiyaya müraciət edə bilər.

Son 1 ildə Azərbaycanda minlərlə insanın əlilliyi ləğv edilib.

Ana səhifəBölgə“27 il idi müharibə əliliydim, indi deyirlər, daha sağalmışam”