Ata Abdullayevin həbsdə saxlanma müddəti uzadıldı

Məhkəmədə müstəntiq deyib ki, Ata Abdullayevin işi üzrə istintaq hələ başa çatmayıb.

Foto: Meydan TV


Müstəntiq istintaqı yekunlaşdırmadığını deyir

Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımlar edən vloger Ata Abdullayevin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha üç ay artırılıb. İyulun 13-də Səbail Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Məhkəmə bu qərarı istintaq orqanın təqdimatı əsasında verib.

Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.

Məhkəmədə müstəntiq deyib ki, Ata Abdullayevin işi üzrə istintaq hələ başa çatmayıb. Müəyyən istintaq hərəkətlərinin aparılmasına ehtiyac olduğunu bildirən müstəntiq bundan ötrü Ata Abdullayev haqqında həbs qətimkan tədbirinin uzadılmasını istəyib.

Ata Abdullayev özü də məhkəmədə iştirak edib. O, həbsdən buraxılmasını istəyib.

DTX-nın istintaq təcridxanasında saxlanılan Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.

Ana səhifəSiyasətAta Abdullayevin həbsdə saxlanma müddəti uzadıldı