Bayden 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırdı

“Ondan əvvəl baş verənlərin soyqırımına aidiyyatı yoxdur, yəni qanunun geriyə oxunması mümkünsüzdür”.

Source: Specify Source


Çavuşoğlu: “Əsası populizm olan bu ifadələri rədd edirik”

ABŞ prezidenti Co Bayden aprelin 24-də etdiyi çıxşında Osmanlı dövlətinin 1915-ci ildə ermənilərin köçürülməsi qərarı nəticəsində baş verən kütləvi ölümləri “soyqırımı” adlandırıb.


“Guardian”

yazır ki, Bayden bir əsrdən çox bir müddətdən sonra erməni soyqırımını rəsmi olaraq tanıdığını elan edən ilk ABŞ prezidenti oldu. "Amerika xalqı bu gün 106 il əvvəl başlayan soyqırımında həlak olan bütün erməniləri şərəfləndirir" , – Bayden deyib:

“24 aprel 1915-ci il tarixində Osmanlı hakimiyyəti tərəfindən Konstantinopoldakı erməni ziyalılarının və icma liderlərinin həbsi ilə başlayan bir milyon yarım erməni məhv kampaniyasında deportasiya edildi, qırıldı və ya öldürüldü”.

Sayt yazır ki, Bayden, cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ABŞ-ın hadisənin 106-cı ildönümündə soyqırımı tanıyacağını bildirib. Söhbətin gərgin keçdiyi və danışıqların rəsmi şəkildə yayımlanmadığı yazılıb.

“Guardian” yazır ki, Türkiyənin NATO üzvü və uzun müddətdir regional müttəfiq olması indiyədək ABŞ prezidentlərinin soyqırımı rəsmiləşdirməsinə mane olub.

“Ancaq Vaşinqton və Ankara arasındakı münasibətlər son illərdə kəskin şəkildə gərginləşdi. Bəyannamə, erməni Amerika təşkilatları tərəfindən on illərdir davam edən lobbiçilik işlərinin zirvəsi oldu”, – məqalədə qeyd edilib.

"Bu, insan hüquqlarının müdafiəsi üçün kritik bir məqamdır", – Amerika Erməni Assambleyasının rəhbəri Bryan Ardouny deyib:

“Uzun bir səyahət oldu. Prezident Bayden bir əsrlik inkarçılığa qarşı möhkəm durur və hər yerdə insan haqları yolunu müəyyənləşdirir”.

Keçmiş ABŞ prezidenti Ronald Reyqan, 1981-ci ildə Holokostla əlaqədar bir açıqlamasında erməni soyqırımından bəhs edib, ancaq rəsmi olaraq tanınmayıb. Barak Obama, erməni amerikalılara bu addımı atacağına söz versə də, etməyib. 2019-cu ildə Konqresin hər iki palatası, Donald Trumpın onları dayandırmaq səylərinə baxmayaraq, soyqırımı tanıdıqlarını elan ediblər.

Türkiyəli politoloq Soner Çağaptay, Baydenin bəyanının Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə əhəmiyyətli təsir göstərəcəyini deyib. Vaşinqton İnstitutunun Türk Araşdırmaları proqramının direktoru Çağartay “İndi Türkiyə xüsusilə Pentaqonda ən çox bəyənilməyən ölkələrdən biridir”, – deyib. O, münasibətin Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini almaq qərarını verməsindən sonra dəyişdiyini söyləyib.

Co Baydeninin açıqlamasından sonra Türkiyənin xarici işlər naziri

Mövlud Çavuşoğ

lu “twitter” hesabında qeyd edib ki, sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz:

608443c2c03c0e073058336b.jpg
Mövlud Çavuşoğlu

“Əsası populizm olan bu ifadələri rədd edirik”.

Mövlud Çavuşoğlu daha sonra yazıb:

“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”.

Azərbaycanın Xarici İşlər Nazirliyi Baydenin çıxışına şərh

verib

:

“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə Meydan TV-yə deyib ki, Co Baydenin açıqlaması ilə Türkiyənin mövqeyinin dəyişməyəcəyi qənaətindədir:

“Türkiyə hökuməti dəfələrlə bildirib ki, Osmanlı dövləti erməniləri qırmaq barədə qərar qəbul etməyib. Bəli, qırğın olub, amma qarşılıqlı olub və hökumət baş verənlərə mənfi münasibət ifadə edib, günahkarlar da cəzalandırılıb”.

Zərdüşt Əlizadə deyir ki, 1915-ci il olayları Rusiya və ABŞ daxil olmaqla daha çox qərb dövlətlərinin Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edilir:

“Ermənilər bu məsələdə alətdir. Böyük dövlətlərin ermənilərə yazığı gəlsəydi, onlara sevgiləri olsaydı, deyərdilər ki, boş-boş şeylərlə məşğul olmayın, qonşularınızla normal münasibət qurun. Təəssüf ki, ermənilərin içində bəzi satqın adamlar var ki, xalqın savadsızlığından istifadə edib xülyalar uydururlar, guya soyqırım tanınandan sonra hər biri gedib Türkiyədən çoxlu pul alacaq. Keçmişlə yaşamaq bədbəxtlikdən başqa heç nə gətirmir”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Konfliktoloq Arif Yunus 1915-ci il olaylarına hüquqi və siyasi yanaşmaların qarışdırıldığını bildirib. Arif Yunus deyib ki, 1914-cü ildə Osmanlı imperiyasında siyahıyaalınma aparılıb və 1 milyon 200 min qriqoryan və katolik erməninin yaşadığı açıqlanıb:

“I Dünya savaşı başlanandan sonra Avropa ölkələrində deportasiyalar adi hal almışdı, 1915-ci ildə Rusiyada Romanovlar Odessadakı almanları Saratova köçürtdülər, yəni cəbhə bölgəsindən uzaqlaşdırdılar. Demək istəyirəm ki, deportasiya yalnız Osmanlıya aid deyil. Üstəlik, Osmanlı dövləti müharibədən əvvəl Daşnaksütyun Partiyası ilə müqavilə bağlamışdı ki, əgər savaş başlasa, onlar da dəstək verəcək. Nəzərə alın ki, o zaman Osmanlıda ermənilər sadiq millət sayılırdı. Həm də 1914-cü ilə qədər erməniləri orduya çağırmırdılar, savaş başlanandan sonra çağırış edildi və 60 min erməni əsasən inşaat işləriylə məşğul olurdu. Amma bütün bunlara baxmayaraq, Van şəhərində türklərlə rusların savaşında ermənilər üsyan edib xeyli kürdləri qırdı. Çünki o zaman Vanda kürdlər çoxluq təşkil edirdi. Van qırğınından sonra Osmanlı dövləti cəbhə zonasındakı erməniləri indiki İraq, Suriya və Livan bölgələrinə köçürmək qərarı qəbul etdi. Nəticədə 1 milyon 200 min ermənidən 702 min erməni deportasiya edildi. Ancaq deportasiyadan öncə onların hər birinin mülki qiymətləndirildi və müqavilə imzalandı. Səbəb də o idi ki, ermənilər həmin ərazilərə çatdırılanda dövlət onlara deyilən vəsaiti ödəyəcəkdi. Beləliklə, 702 minlik erməni 8 kolona bölündü, amma onlardan 5 kolonu yolda ya aclıqdan, xəstəlikdən öldü, yaxud öldürüldü, əsasən qocalar, uşaqlar olmaqla 300 minə yaxın. Məsələ ondadır ki, Van qırğınına görə kolonlara da hücumları kürdlər edib. Hətta Abdulla Öcalan illər sonra etiraf etdi ki, 1915-ci il hadisələrində çox böyük günahları olub. Deməli, 8 kolondan 3 kolon ərəblərin yaşadığı bölgəyə çatdı. Bir daha deyirəm, əsasən Şərqi Anadoluda yaşayan ermənilər deportasiya olunub, İstanbulda, İzmirdə və Ankarada yaşayan ermənilərə toxunulmayıb, adıçəkilən şəhərlərdə yarım milyon erməni yaşayırdı. Mən bu məsələni araşdırmaq üçün həmin dövrün qəzetlərini oxuyanda gördüm ki, bu şəhərlərdə yaşayan ermənilərin övladları məktəblərə gedib, təhsil alıblar. Ermənilərlə söhbət zamanı sual etdim ki, təsəvvür edin, Almaniyada Nürnberqdə yəhudiləri repressiya edirlər, amma Berlində onlar sakit yaşayırdılar, bu, mümkün idi? Onlar “yox” cavabını verdilər. Amma Osmanlıda vəziyyət beləydi, deməli, deportasiya idi. Amma 300 minə yaxın insanın ölümü kiçik xalq üçün böyük faciə sayılmalıdır”.

Arif Yunusovun sözlərinə görə, soyqırımı termini 1948-ci ildə hüquqi qüvvəyə minib:

Arif.jpg
Arif Yunus

“Ondan əvvəl baş verənlərin soyqırımına aidiyyatı yoxdur, yəni qanunun geriyə oxunması mümkünsüzdür. Məsələn, 1918-ci ilin mart, 1930-cu illərin “Qolodomor” faciələri 1948-ci ilə qədər olanlardır, ona görə onların genosid adlanması doğru deyil. Əgər Xocalı misal çəkiləcəksə, bunun üçün Haaqa Məhkəməsi qərar qəbul etməlidir. Ona görə hər hansı ölkənin parlamentinin qətnaməsi, yaxud prezidentinin açıqlaması siyasi sənəddir, siyasi addımdır, hüquqi yox. Hətta bütün dünya ölkələri də bu barədə qərar qəbul etsələr, heç bir təsiri olmayacaq. Yalnız Türkiyə etiraf etsə ki, soyqırımı olub, o zaman kompensasiya gündəmə gələcək. Hələ o zaman prezident Ərdoğan təklif etdi ki, Ermənistan və Türkiyə tarixçilərinin birgə komissiyasını yaradaq, arxivlərdə işləsinlər. Amma ermənilər qəbul etməyib, israr etdilər ki, əvvəl soyqırımı tanıyın, sonra arxivlərdə işləyək. Əgər məsələ bu dərəcədə siyasiləşməsəydi, bu həddə çatmazdı. Mən hələ o zaman erməni alimlərinə, ekspertlərinə dedim ki, Osmanlı dövlətinin verdiyi sənədiniz qalırsa, kompensasiya tələb edə bilərsiniz. Adi bir misal, 1955-ci ildə İstanbulda yunanlara qarşı qırğın oldu, indi onların yaşadığı binalar boşdur və satış da yoxdur. Hər hansı türk həmin binadan ev almaq istəsə, gedib Yunanıstanda həmin evin sahibin tapıb icazə almalıdır. Nəticə olaraq, bir daha təkrar edirəm, erməni məsələsi siyasi təzyiq vasitəsinə çevrilib”.

İndiyə qədər İsveç, Uruqvay, Argentina, Rusiya, Kanada, Yunanıstan, Livan, Belçika, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini “soyqırımı” olaraq qəbul ediblər.

O cümlədən, BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası, İnsan Haqları Dərnəyi, YMCA Avropa Birliyi bu barədə qərar qəbul ediblər.

Ana səhifəDünyaBayden 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırdı