Amerikanın Səsi-nin prezidenti Ülviyyə Əlinin həbsinin ildönümü ilə bağlı bəyanat yayıb

Ülviyyə Əli – Foto: Şəxsi arxivindən

Amerikanın Səsi-nin prezidenti Mayk Abramoviç jurnalist Ülviyyə Quliyevanın (Əli) Azərbaycan hakimiyyəti tərəfindən saxlanılmasının bir ili tamam olması ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 32 yaşlı Ülviyyə Əli müstəqil jurnalist kimi fəaliyyət göstərib, həmçinin Amerikanın Səsi-nin Azərbaycan xidməti də daxil olmaqla müxtəlif müstəqil media qurumları ilə əməkdaşlıq edib. O, ölkə daxilində siyasi baxımdan həssas mövzularla bağlı reportaj hazırlamağa davam edən azsaylı jurnalistlərdən biri kimi təqdim olunur.

Bəyanatda xatırladılır ki, bir il əvvəl Ülviyyə Əli Bakıda yaşadığı evdə polis basqınından sonra həbs edilib. Onun fiziki zorakılığa məruz qaldığı, mənzilində axtarış aparıldığı və avadanlıqlarının müsadirə edildiyi qeyd olunur.

Hakimiyyət orqanları jurnalisti Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham edir. Bu ittiham üzrə onu 8 ilə qədər həbs cəzası gözləyə bilər. Bəyanatda vurğulanır ki, bu həbs ölkədə müstəqil mediaya qarşı genişmiqyaslı təzyiqlər fonunda baş verir və onun Amerikanın Səsi ilə əməkdaşlığına görə hədəf seçildiyinə dair narahatlıqlar yaradır.

Mayk Abramoviç əlavə edib ki, Ülviyyə Əli hazırda Bakıda istintaq təcridxanasında saxlanılır və həmkarları onun sağlamlığı və rifahı ilə bağlı ciddi narahatlıq keçirirlər.

“Azərbaycan hakimiyyətini onun rifahını təmin etməyə, ona qarşı irəli sürülən ittihamları ədalətli və şəffaf şəkildə nəzərdən keçirməyə və azadlığa buraxılması üçün müvafiq addımlar atmağa çağırırıq”, – bəyanatda qeyd olunub.

Jurnalist Ülviyyə Əli ötən il mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumilikdə, “Meydan TV işi” üzrə 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 12 nəfər həbs olunub.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.

Ana səhifəSiyasətAmerikanın Səsi-nin prezidenti Ülviyyə Əlinin həbsinin ildönümü ilə bağlı bəyanat yayıb