Simonyan: “Rusiya Ermənistanda seçkilərə təsir etməyə çalışır”

Rusiya-Ermənistan. Foto: xtock/shutterstock

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda hakimiyyət dəyişikliyinə cəhd göstərməkdə ittiham edib.

O, iddia edib ki, Moskva Ermənistanda siyasi proseslərə təsir etməyə və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti zəiflətməyə çalışır.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının aparıcı simalarından olan Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada hərbi üsullarla həyata keçirdiyi siyasət Ermənistanda fərqli formada aparılır. Onun sözlərinə görə, burada əsas məqsəd informasiya və siyasi təsir alətləri vasitəsilə hakimiyyətə təsir göstərməkdir.

Simonyan deyib ki, xarici qüvvələr Ermənistanın demokratik mühitindən istifadə etməyə çalışır:

“Azad internetdən və informasiya imkanlarından yararlanaraq ictimai rəyi yönləndirmək istəyirlər”.

O əlavə edib ki, Ermənistanın başqa dövlətlərin təsiri altına düşməsinə imkan verilməyəcək və ölkənin idarəçiliyinin Belarus modelinə bənzəməsi qəbuledilməzdir.

Bu arada, Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Minskdəki diplomatik nümayəndəsini nazirliyə çağıraraq Yerevanın son addımları ilə bağlı etirazını çatdırıb. Belarus tərəfi Simonyanın bəyanatlarını daxili siyasi məqsədlərə hesablanmış çıxış kimi qiymətləndirib.

Ermənistan parlamentinin sədri daha sonra jurnalistlərə açıqlamasında mövqeyini təkrarlayıb və bildirib ki, Ermənistan üçün Belarus tipli idarəetmə sistemi uyğun deyil.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Ermənistan əvvəllər Rusiyaya qarşı addım atmamaqla bağlı verdiyi vədləri pozub.

Zaxarova bu gün keçirilən brifinqdə qeyd edib ki, Ermənistan hakimiyyətinin hazırkı xarici siyasət kursu gec-tez ölkənin Brüsselin anti-Rusiya siyasətində geri dönüşü olmayan şəkildə iştirakına gətirib çıxaracaq.

Onun sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sammitinin yekun sənədi göstərir ki, Yerevanın razılığı ilə ölkə Avro-Atlantik mexanizmlərinə inteqrasiya olunur.

Zaxarova Avropa İttifaqının Ermənistana vəd etdiyi 2,5 milyard avroluq investisiya məsələsinə də toxunub.

“Aİ bu rəqəmi 2021-ci ildən ermənilərə təqdim edir. Beş il keçib. Pul haradadır? Bu vəsaitlər hələ də Ermənistana daxil olmayıb”, – deyə o bildirib.

Rusiya XİN sözçüsü Avropa İttifaqının Ermənistanda atom elektrik stansiyasının bağlanması ilə bağlı mövqeyini də tənqid edib.

“Fransada atom elektrik stansiyalarını bağlamırlar. Almaniyada isə artıq nüvə enerjisindən imtinanı fəlakətli səhv hesab edirlər. Ermənistana isə öz enerji istehsalı imkanlarından məhrum olmasına sevinməyi təklif edirlər”, – deyə Zaxarova vurğulayıb.

Bəyanatlar Ermənistanda Avropa Siyasi Birliyinin Yerevanda keçirilən sammitinndən sonraya təsadüf edib. Yerli müxalifət hesab edir ki, hakimiyyət bu tədbirlərdən seçkilər öncəsi siyasi dəstək görüntüsü yaratmaq üçün istifadə edir. Müxalif qüvvələr Paşinyanı ölkəni Qərblə Rusiya arasındakı qarşıdurmanın bir hissəsinə çevirməkdə ittiham edirlər.

Rusiya Prezidenti Vladimir Putin isə aprelin əvvəlində Moskvada Baş nazir Paşinyanla keçirdiyi görüşdə Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının iqtisadi nəticələri ola biləcəyinə diqqət çəkib. O, həmçinin parlament seçkilərində Rusiyaya yaxın hesab edilən siyasi qüvvələrin iştirakına maneə yaradılmamasının vacibliyini vurğulayıb.

Seçkilərdə iştirak edən əsas müxalif qüvvələr arasında iş adamı Samvel Karapetyan, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və siyasətçi-oliqarx Qaqik Tsarukyan yer alır. Hakimiyyət nümayəndələri bu şəxsləri Kremlin maraqlarına yaxın olmaqda ittiham edir.

Bu arada Paşinyan Moskvada keçiriləcək 9 May paradında iştirak etməyəcəyini açıqlayıb. Ermənistan mediasının yaydığı məlumata görə, Baş nazir jurnalistlərə bildirib ki, seçkiqabağı kampaniyaya görə Rusiyaya səfər etməyəcək.

Paşinyanın sözlərinə görə, o, bu qərarı barədə Putini hələ aprelin 1-də məlumatlandırıb.

Moskvada keçirilən 9 May Qələbə Paradında son təxminən 20 ildə ilk dəfə olacaq ki, ağır hərbi texnika nümayiş etdirilməyəcək. Rusiya Müdafiə Nazirliyi qərarı “mövcud operativ vəziyyət” və təhlükəsizlik riskləri, xüsusilə də Ukrayna pilotsuz uçuş aparatlarının mümkün hücum təhlükəsi ilə izah edib. İndiyədək Belarus, Qazaxıstan, Qırğızıstan və Slovakiya liderləri tədbirdə iştiraklarını təsdiqləyiblər. Bundan başqa, Abxaziya və Cənubi Osetiyanın de-fakto rəhbərlərinin, eləcə də Bosniya və Herseqovinadakı Serb Respublikasının lideri Milorad Dodikin də Moskvaya gələcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin isə builki 9 May Qələbə Paradında iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi təsdiq yoxdur. Kremlin nümayəndələri tərəfindən açıqlanan siyahıda onun adı çəkilməyib.

Ana səhifəDünyaSimonyan: “Rusiya Ermənistanda seçkilərə təsir etməyə çalışır”