“Xeberman.com” saytının həbsdə olan baş redaktoru, dövlətə xəyanətdə ittiham olunan Polad Aslanov yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. Onun haqqındakı cinayət işinin istintaqı artıq yekunlaşıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan jurnalistin özü də, vəkilləri də iş materiallarıyla tanış olur.
Bu barədə Meydan TV-yə danışan jurnalistin xanımı Gülmirə Aslanova bildirib ki, istintaqın başa çatması barədə qərar elan ediləndən sonra onlardan götürülmüş əşyaların bəziləri qaytarılıb: “Polad Aslanovun ərizəsi əsasında mənə məxsus “Samsung j2” telefonu, “Asus” markalı planşetimizi qaytardılar. Amma Polad Aslanova məxsus telefonu, kompüteri, başqa avadanlıq və sənədləri qaytarmadılar. Onlar maddi sübut kimi DTX-da qaldı”.
G.Aslanova deyir ki, həyat yoldaşının işi üzrə istintaq ədalətli aparılmayıb. Bununla əlaqədar Prezident Administrasiyasına ünvanladığı məktubları Baş Prokurorluğa göndəriblər. Baş Prokurorluqda onu Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Elşad Əzimov qəbul edib: “Elşad Əzimov bildirdi ki, bizim bütün müraciətlərimiz, şikayətlərimiz Polad Aslanovun işinə yığılıb”.
G.Aslanovanın sözlərinə görə, özü də, həyat yoldaşı da məhkəmənin bu işə obyektiv baxacağını, ədalətli qərar çıxaracağını gözləmir: “Bilirik ki, adətən dövlətə xəyanət ittihamı üzrə məhkəmə prosesləri dövlət sirrinin yayılması əsasıyla qapalı keçirilir. Polad Aslanovun işində də güman ki, bunu bəhanə edib, məhkəməni qapalı keçirmək istəyəcəklər. Məqsəd sirrin yayılması yox, saxtakarlıqların ifşasının cəmiyyətdən gizlədilməsi, həqiqətin üzə çıxmasının qarşısını almaqdır. Ona görə də Polad Aslanov əvvəldən məhkəməyə vəsatət verəcək ki, işinə açıq məhkəmədə baxılsın. Çünki bu işdə dövlət sirri yoxdur, vətənə xəyanət yoxdur. Bu işdə saxta üzəduranların əli ilə düzülüb-qoşulmuş ssenari var. Demirlər ki, Polad Aslanov dövlətə xəyanət edib, xarici xüsusi xidmət orqanlarına işləyib, açıq məhkəmədə bunu sübut eləsinlər. Camaat da görsün ki. kim düz deyir. İki gün əvvəl görüşümüzdə də bu mesajı ictimaiyyətə çatdırmağımı istədi”.
Bu il iyunun 12-də həbs olunan P.Aslanov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələrilə ittiham olunur. Bu ittihamlarda ümumilikdə cərimə və islah işlərindən tutmuş, 20 il və ya ömürlük həbsə qədər cəza nəzərdə tutulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.
Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir. Həyat yoldaşı bildirir ki, xüsusi xidmət orqanlarının zəvvarların ziyarətlərini təşkil edən şirkətlərdən rüşvət alması barədə yazılarına öncə hərbi xidmətə aparmaqla cəzalandırılıb. Baxmayaraq ki, onun sülh şəraitində hərbi xidmətə yararsız olması barədə hərbi bileti olub, ürəyindəki problemlər haqda həkim rəyi var: “Hərbi xidmətdən qayıdandan sonra da Polad Aslanov yazılarını dayandırmadı, onların dediklərilə razılaşmadı. Ona görə bu şəkildə şərləyib həbs elədilər".