Ülviyyə Əlinin ailəsi onun təcridxanadakı təhlükəsizliyindən narahatdır

Ülviyyə Əli. Foto: Şəxsi arxivindən

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) ailəsi onun saxlanma şəraitindən və təhlükəsizliyindən narahat olduğunu bildirir.

Jurnalistin anası İlhamə Mehmanlı Meydan TV-yə deyib ki, təxminən bir həftə əvvəl qızının saxlanıldığı kameraya ərini öldürdüyünü deyən bir qadın yerləşdirilib.

“Keçən həftənin şənbə günü Ülviyyənin kamerasına ərini öldürən bir qadın gətiriblər. Cinayət törətmiş şəxslər təcridxanada psixoloji müayinədən keçirlər, amma bu şəxs müayinədən keçirilməyib”, – İlhamə Mehmanlı deyib.

Anasının sözlərinə görə, Ülviyyə Əli kamerasının dəyişdirilməsi üçün 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova müraciət edib, lakin müraciətinə cavab verilməyib.

Ailəyə bildirilib ki, təcridxana rəisi hazırda işdə olmadığı üçün məsələyə baxılması mümkün deyil.

İlhamə Mehmanlı hesab edir ki, baş verənlər təsadüfi deyil və jurnalistə təzyiq göstərmək məqsədi daşıyır.

“Həmin qadın Ülviyyəyə hadisənin necə baş verdiyini, ərini necə öldürdüyünü danışıb. Bu gün də Ülviyyə ilə danışmışıq. Deyir ki, qadın hələ də affekt halındadır. Ombudsmana şikayət etmişəm, cavab gözləyirəm. Penitensiar Xidmətdən isə zənglərimə cavab verən olmayıb”, – jurnalistin anası bildirib.

Ülviyyə Əli bunu jurnalist fəaliyyətinə görə təzyiq hesab edir

Ülviyyə Əli yaxınları ilə telefon danışığında baş verənləri həbsdə olduğu müddətdə jurnalist fəaliyyəti və etdiyi etirazlarla əlaqələndirib.

Onun sözlərinə görə, təzyiqlərdən biri də həbsdə olan tədqiqatçı İqbal Əbilovdan müsahibə alması ilə bağlıdır.

“Mənə qarşı atılan bu addımla İqbal Əbilovla etdiyim müsahibəyə və Bakı İstintaq Təcridxanasında havalandırma sisteminin işləməməsi ilə bağlı etdiyim etiraza görə cəzalandırılıram. Ümumiyyətlə, həbsxanada yazdığım məqalələrə və etdiyim etirazlara görə qərəzli münasibətlə qarşılaşıram. Bir neçə ay əvvəl də özünə xəsarət yetirən bir şəxsi kamerama yerləşdirmişdilər. Başıma gələcək hər hansı hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır”, – jurnalist yaxınlarına deyib.

Jurnalistin səhifəsində təcridxananın daxili qaydalarına istinad edilib

Ülviyyə Əlinin Facebook səhifəsində yayılan məlumatda bildirilir ki, yeni gətirilən şəxsin psixoloji müayinədən keçirilmədən onun kamerasına yerləşdirilməsi istintaq təcridxanalarının daxili intizam qaydalarına ziddir.

Paylaşımda “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın bir neçə bəndinə istinad olunur.

Qaydaların 5.1-ci bəndinə əsasən, istintaq təcridxanasına daxil olan şəxsin qəbulu zamanı psixoloq və tibb işçisi də iştirak etməlidir.

27.2-ci bənddə isə müəssisəyə yeni daxil olan şəxsin 24 saat ərzində tibbi və psixoloji müayinədən keçirilməsi nəzərdə tutulur.

Facebook səhifəsində yayılan məlumatda həmçinin qeyd edilir ki, müayinə zamanı şəxsin özünün və ya başqalarının həyatı üçün təhlükə yarada biləcəyi müəyyən edilərsə, qaydaların 5.11.9-cu bəndinə əsasən, tibbi rəy əsasında onun digər şəxslərdən təcrid olunması mümkündür.

Qaydaların 38.1-ci bəndinə də istinad edən paylaşımda bildirilir ki, başqa bir məhbus tərəfindən şəxsin həyatına və ya sağlamlığına təhlükə yarandığı halda, onun şifahi müraciəti əsasında təhlükəsizliyi təmin edilməlidir.

Paylaşımda daha sonra qeyd olunur ki, qaydaların 1.3-cü bəndinə əsasən, rejimin və təhlükəsizliyin təmin edilməsi yalnız müəssisə rəisinin deyil, istintaq təcridxanasının əməkdaşlarının da vəzifəsidir.

Buna görə də jurnalistin səhifəsində yayılan açıqlamada müəssisə rəhbərinin məzuniyyətdə və ya işdə olmamasının təhlükəsizlik tədbirlərinin görülməməsi üçün əsas sayıla bilməyəcəyi vurğulanır.

Ülviyyə Əli 2025-ci ilin mayından həbsdədir

Ülviyyə Əli (Quliyeva) 2025-ci il mayın 6-da “Meydan TV işi” çərçivəsində həbs olunub.

O, 2019-cu ildən Azərbaycanda fəaliyyəti dayandırılanadək “Amerikanın Səsi” radiosu ilə əməkdaşlıq edib.

Jurnalist həbsini peşə fəaliyyəti ilə əlaqələndirir və ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Ülviyyə Əli Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 192.3.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri ödəməkdən yayınma), həmçinin 320.1-ci və 320.2-ci (saxta sənədlərin hazırlanması və istifadəsi) maddələri ilə ittiham olunur.

Ülviyyə Əli ittihamları rədd edir.

Ana səhifəMeydan TV işiÜlviyyə Əlinin ailəsi onun təcridxanadakı təhlükəsizliyindən narahatdır