Koçaryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

Mənbə: Robert Koçaryanın rəsmi veb səhifəsi

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Çərşənbə axşamı Koçaryan, oğlu və daha dörd nəfər onun prezidentliyi dövründə iri miqyaslı korrupsiya əməllərində ittiham olunaraq həbs ediliblər.

OC Media yazır ki, Baş Prokurorluq Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda pul vəsaitinin yuyulması ittihamları ilə cinayət təqibinə başlayıb. Robert Koçaryanın oğlu Sedrak Koçaryan, keçmiş prezident Serj Sarqsyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın keçmiş meri Qaqik Beqlaryan və digərləri də daxil olmaqla daha doqquz nəfər barəsində cinayət işi başlanıb. Çərşənbə günü Sedrak Koçaryan barəsində də iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırıldıqdan və həmin gün sərbəst buraxıldıqdan sonra onun barəsində qabaqlayıcı tədbir kimi ölkədən çıxış qadağası tətbiq edilib.

Çərşənbə axşamı Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindən aparıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Müstəntiqlərin onun həbsdə saxlanılması ilə bağlı vəsatətinə dair məhkəmə iclası Koçaryanın iştirakı olmadan davam edib.

Həbs parlamentdə baş verən gərgin müzakirədən bir gün sonra həyata keçirilib. Həmin müzakirə zamanı Paşinyan müxalifət deputatı və Robert Koçaryanın oğullarından biri olan Levon Koçaryana bildirib ki, yeni hökumətin qanunsuz əldə edilmiş dövlət əmlakını geri qaytarmaq planı çərçivəsində onların ailəsinə məxsus bütün aktivlər müsadirə ediləcək.

Cavab olaraq Levon Koçaryan Paşinyanı siyasi təqibləri qızışdırmaqda və məhkəmələrin işinə müdaxilə etməkdə ittiham edib, belə davranışın demokratik dəyərlərlə bir araya sığmadığını bildirib.

Ertəsi gün Korrupsiyaya Qarşı Mübarizə Komitəsi korrupsiya cinayətlərinin araşdırıldığı cinayət işi çərçivəsində Ermənistanın ikinci prezidenti və onun ailə üzvlərinə aid onlarla ünvanda axtarış keçirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Levon Koçaryanın mənzilində də axtarış aparıblar.

Levon Koçaryanın müdafiə tərəfi mənzildə axtarış aparılması barədə qərardan apellyasiya şikayəti verəcəyini bildirib. Koçaryanın vəkili Erik Aleksanyanın sözlərinə görə, bu axtarış faktiki olaraq onun barəsində cinayət təqibinə başlanması deməkdir. Buna görə də Baş prokuror əvvəlcə Koçaryanın deputat toxunulmazlığının ləğvi üçün parlamentə müraciət etməli idi.

Robert Koçaryanın ofisi baş verənləri növbəti siyasi “hücum” kimi qiymətləndirib. Levon Koçaryan isə həbslərdən qısa müddət sonra Paşinyanın parlamentdə rəqibini hədələməsindən sonra baş naziri davam edən istintaqın təfərrüatlarını açıqlamaqda və faktiki olaraq istintaqa rəhbərlik etməkdə ittiham edib.

Müxalif “Ermənistan” Alyansının deputatı Kristine Vardanyan bildirib ki, Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının hakimiyyəti dövründə hər hansı əmlakı qoruyub saxlamağın ən yaxşı yolu hakimiyyətlə razılığa gəlmək və ya ümumiyyətlə siyasətlə məşğul olmamaqdır.

O, həmçinin “Vətəndaş Müqaviləsi” komandasının üzvlərinə aid olduğu iddia edilən digər qanunsuz əldə edilmiş əmlaklara da diqqət çəkib. Vardanyanın sözlərinə görə, milyonçu iş adamı Xaçatur Sukiasyan kimi şəxslər hakimiyyət orqanlarının Koçaryan ailəsinə göstərdiyi qədər diqqətlə üzləşmirlər.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərKoçaryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib