“Rövşən Lənkəranski”nin mühafizəçisi polis imiş

Bu ölüm işinə görə Əli Abdullayevlə yanaşı, Biləsuvar sakini İlqar Əliyev və Lənkəran sakini Ülvi Hüseynov da həbs olunub.

Source: Foto: arxiv


İstanbul qalmaqalından sonra işdən çıxarılan Əli Abdullayev yenə məhkəmə qarşısında…

Kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev İstanbulda qətlə yetiriləndən bir müddət sonra orada bir ticarət mərkəzində əməliyyat keçirilərək, 8 nəfər saxlanmışdı. Türkiyənin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar arasında dörd azərbaycanlı da vardı. Bunlar R.Canıyevin qardaşı, həmin qalmaqala qədər Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi işləmiş Namiq Canıyev, kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı, polis əməkdaşı Əli Abdullayev və Camal Həsənov idi.

İddia olunurdu ki, adları çəkilən şəxslər “Rövşən Lənkəranski”nin qətlinə görə qisas almaq üçün İstanbula gediblər. Türkiyə mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazırdı ki, onlar Mehmet Sabri Şirinin də daxil olduğu, “Şirinler çetesi” adlandırılan qruplaşmanın üzvlərilə bu məqsədlə danışıqlar aparıb, 5 milyona razılaşıblar.

O dövrdə belə söz-söhbətlər yayılmışdı ki, “Rövşən Lənkəranski”nin ölümündə digər azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovdan şübhələnirlər.

Sonradan İstanbul Bakırköy Məhkəməsi sözügedən əməliyyatda saxlanılanlar haqqında bəraət hökmü çıxardı.

İstanbuldakı bu qalmaqaldan sonra N.Canıyevlə yanaşı, polis əməkdaşı olmuş Əli Abdullayev də işdən çıxarılıb. Ə.Abdullayev həm də “Rövşən Lənkəranski”nin mühafizəçisi olub.

Ə.Abdullayev bu ilin yayında yenidən həbs olunub. Bu dəfə qəsdən adam öldürməkdə ittiham olunan Ə.Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, bu il iyunun 24-də metronun “Neftçilər” stansiyasının yaxınlığında Samir Hüseynovu qətlə yetirməkdə təqsirləndirilir. Ə.Abdullayev odlu silahdan 8 atəş açıb. Bunlardan biri Samir Hüseynova onurğasından dəyib. Ə.Abdullayev bildirir ki, onu öldürmək niyyəti olmayıb, ona görə də dəfələrlə havaya atəş açıb: “Onu vurmaq istəmirdim. Bir neçə dəfə havaya atəş açdım. Üstümə gələndə tutuşduq. Mən onu vurmaq istəsəydim, başından vurardım”.

Bu ölüm işinə görə Əli Abdullayevlə yanaşı, Biləsuvar sakini İlqar Əliyev və Lənkəran sakini Ülvi Hüseynov da həbs olunub. Onlar bu qətl hadisəsində Ə.Abdullayevə yardım etməkdə ittiham olunurlar. Amma adları çəkilən şəxslər özlərini təqsirli bilmirlər.

Ə.Abdullayev isə özünü qismən təqsirli bilir. Onun ifadəsindən məlum olub ki, daxili işlər orqanlarından işdən çıxarılandan sonra “Neon” şadlıq sarayının mühafizə xidmətinin rəhbəri olub.

Ə.Abdullayevin sözlərinə görə, Samir Hüseynov hadisədən əvvəl bir neçə gün idi ki, onu və ailəsini izləyirdi: “Mən işlədiyim restorana yaxın yerdə kirayədə yaşayırdım. Son günlər məni izləyirdi. Artıq dördüncü dəfə məni izlədiyini, ailəmə yaxınlaşdığını gördüm. Adının Samir olduğunu da sonradan bildim. Birinci dəfə onu yaşadığımız binanın həyətində gördüm. Yoldaşımla həyətdə oturanda biz tərəfə yaxınlaşıb, 6-7 metr aralıda oturdu. Birinci dəfə təsadüf olduğunu düşündüm. Sonra yenə də binanın yaxınlığında gördüm. Üçüncü dəfə də biz binanın qarşısında maşına minəndə tələsik bizim binanın qarşısına gəldi. Sanki bizim çıxacağımız vaxtı dəqiq bilməmişdi, gecikmişdi. Hadisə günü axşam yoldaşımla binanın həyətində oturmuşduq, yenə gəlib yaxınlığımızda oturdu”.

Ə.Abdullayev deyir ki, özü S.Hüseynova yaxınlaşıb, onu və ailəsini izləməsinin səbəbini soruşub: “Bu zaman üstümə gəldi. Onun neçə gündür məni izləməsindən, üstümə gəlməsindən ehtiyat edib silahı çıxardım”.

Baş verən qətl hadisəsinin kriminal qruplaşmalar arasındakı hesablaşmaların davamı olduğu istisna deyil

Məhkəmə araşdırmaları davam edir.

Ana səhifəSiyasət“Rövşən Lənkəranski”nin mühafizəçisi polis imiş