Yeni seçki bloku yaradılıb

Azər Qasımlı blokda keçmiş siyasi məhbusların, vəkillərin, siyasətçilərin olduğunu dedi

Source: Foto: Meydan TV


“Blokda sağçılar, solçular, feministlər birləşir”

NİDA, D18 təşkilatları və bir neçə müstəqil namizədin daxil olduğu “Hərəkət” Seçki Blokunun dekabrın 25-də təqdimat mərasimi keçirilib.

Azər Qasımlı blokun yaranmasında məqsədin 9 fevral növbədənkənar parlament seçkilərində fəallığın artırılması olduğunu dedi.

Onun sözlərinə görə, seçki blokunun yeniliyi Azərbaycan siyasətində nəsil dəyişikliyini özündə ehtiva etməsidir:

“Biz insanları hərəkətə gətirə bilsək, yaxın zamanda hərəkat yarana bilər. Necə ki, ötən əsrin 80-ci illərinin sonunda milli azadlıq hərəkatı yanardı. Bizim yaratdığımız seçki bloku fərqli siyasi cərəyanların nümayəndələrini, fərqli düşünən insanları, sağçıları solçuları, feministləri birləşdirir. Fərqli ideoloji, siyasi düşüncəyə malik insanları bir araya gətirməyin özü də bir hadisədir”.

O deyib ki, blokda hamını birləşdirən ümumi dəyər var: şəffaf, azad və ədalətli seçkilər.

“Eyni zamanda, biz Azərbaycanda hüquqi dövlət, azad mətbuat istəyirik və siyasi məhbusların olmasını istəmirik. Bir sözlə, açıq cəmiyyət istəyirik!”

Azər Qasımlı blokda keçmiş siyasi məhbusların, vəkillərin, siyasətçilərin olduğunu dedi:

“Biz dost kimi birləşmişik, sonda da dost kimi ayrılacağıq. Biz göstərmək istəyirik ki, Azərbaycan siyasətində konsensus və kompromis mümkündür. Bu hərəkətdən hərəkat yaransa, biz tarix yazmış olacağıq. Namizədlərimiz prinsipial insanlardır, seçkilərə mandat alverinə getmək üçün getmirlər. Biz Azərbaycan xalqını həqiqətə çatdırmaq istəyirik”.

D18 hərəkatının rəhbəri Ruslan İzzətli “Hərəkət” Seçki Blokunun namizədlərinin adlarını açıqlayıb:

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, ikinci dan “Qara kəmər”, Avrasiya çempionu Rəbiyyə Məmmədova, siyasət üzrə fəlsəfə doktoru Azər Qasımlı, D18 Hərəkatının üzvü, özəl liseydə müəllim Sakit Məmmədli, sosial sahibkar Toğrul İsmayılov, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər, iqtisadçı ekspert Toğrul Vəliyev, keçmiş siyasi məhbus, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə, D18 İdarə Heyətinin üzvü Zaur Rövşənli, keçmiş siyasi məhbus, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elgiz Qəhrəman, vergitutma üzrə ekspert Fərid Eyvazov, keçmiş siyasi məhbus, video blogger Mehman Hüseynov, D18 Hərəkatının sədri Ruslan İzzətli, hüquqşünas Səməd Rəhimli, vəkil Fariz Namazlı, tarix üzrə magistr Qurbanəli Yusifov, D18 Hərəkatının üzvü, siyasi elmlər üzrə magistr Baba Məmmədli, D18 hərəkatının üzvü Elsevər Seyid.

“Hərəkət” Seçki Blokunun üzvü Turqut Qəmbər artıq namizədliyini irəli sürənlərin bir çoxunun imzatoplama kampaniyasına başladıqlarını dedi:

“Təqdimatdan sonra vətəndaşlara namizədlərə dəstək üçün çağırış edəcəyik. İkinci hədəf seçicilərlə maksimum birbaşa təmas qurmaqdır. Biz insanları seçkilərə gətirməyi qarşıya məqsəd qoymuşuq, illiüziyamız yoxdur, çünki mövcud hakimiyyətin zamanında demokratik seçki keçirilməyib”.

Deputatların

Milli Məclis

in buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.

Müsavat, ADP, Ümid, REAL partiyaları isə seçkilərdə iştirak edəcəklər.

Ana səhifəSiyasətYeni seçki bloku yaradılıb