“Seçkilər milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib”

“Seçki günü həmçinin müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiq halları müşahidə edilib”.

Source: Foto: Meydan TV

SMDT-nin hesabatında seçkinin vətəndaşların azad iradəsini ifadə etmədiyi bildirilib


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

(SMDT) dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri haqda ilkin rəyini açıqlayıb.

Mərkəzin Meydan TV-yə göndərdiyi ilkin rəydə bildirilib ki, qurum seçkiqabağı təşviqat dövründə bəzi namizədlərə və müşahidəçilərə qarşı yerli icra hakimiyyətləri orqanları, DSK və MnSK üzvləri, o cümlədən bələdiyyə əməkdaşlarının təzyiq hallarını qeydə alıb. Namizədlərin təşviqat materialları bəzi seçki məntəqələri ərazisində məhv edilsə də, bununla bağlı araşdırmalar aparılmayıb. Ümumilikdə, seçkiqabağı təşviqat mərhələsində passivlik və rəqabətsiz mühit müşahidə olunub.

“Bələdiyyə seçkiləri siyasi azadlıqların kəskin məhdudlaşdırılması, bərabər və həqiqi rəqabət imkanlarının çatışmazlığı, səsvermə və səslərin sayılması qaydalarının kütləvi şəkildə pozulması şəraitində keçirilib. Bununla da bələdiyyə seçkiləri alternativ seçim şəraitinin olmaması, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilərək Azərbaycan vətəndaşlarının gerçək və azad iradəsini ifadə etməyib”, – SMDT-nin rəyində qeyd olunub.

Konkret faktlara gəldikdə, SMDT bildirib ki, seçki məntəqələrinin 45 faizində adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı, 45 faizində seçki qutusuna saxta bülletenlərin atılması, 43 faizində isə bir şəxsin bir neçə dəfə səsverməsi halları qeydə alınıb. Seçki günü həmçinin müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiq halları müşahidə edilib. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən vətəndaşlara qarşı baş verməklə, səsvermə və səslərin sayılması prosesinin şəffaflığına xələl gətirib.

SMDT müşahidəçilərdən toplanan məlumatlara əsasən seçici fəallığının təxminən 21 faiz olduğunu bəyan edib:

“Ancaq MSK-nın açıqladığı rəsmi nəticələrdə seçici fəallığının 32,7 faiz olduğu bildirilib”.

SMDT bu uyğunsuzluğun ətraflı araşdırılmasını vacib sayaraq, seçki məntəqələrində seçki qutularına topa bülletenlərin atılması, adları seçici siyahısında olmayanların səsverməyə buraxılması halları nəticəsində seçici fəallığının da süni şəkildə şişirdildiyini bildirir.

Seçkilərdə ifadə azadlığına toxunan mərkəz bildirib ki, hazırda ölkədə 5 jurnalist siyasi motivlərlə həbsdədir, bəzi xəbər portalları, o cümlədən Azadlıq radiosu, Azadlıq qəzeti, Meydan TV-nin veb səhifələrinə bütün ölkə ərazisində giriş məhdudlaşdırılıb.

SMDT bələdiyyə seçkiləri dövründə kütləvi tədbirlər keçirilmədiyini xatırlayıb və bəyan edib ki, seçki öncəsi sərbəst toplaşmaq azadlığına siyasi məhdudiyyətlər yaradılıb.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK ölkə üzrə 5049 seçki məntəqəsində seçkilərin keçirildiyi haqda məlumat yayıb. MSK bildirib ki, seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. MSK seçici fəallığının 32,72 faiz olduğunu qeyd edib:

Səsvermə hüququna malik 4 milyn 972 min 356 seçicidən 1 milyon 627 min 64 nəfəri səs verib.

Ana səhifəSiyasət“Seçkilər milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib”