Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
Komissiyanın İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə respublika üzrə seçici fəallığı 898 min 452 nəfər təşkil edib. Seçici fəallığı 18,07 faiz olub.
Seçkilərin açıq elan olunması ilə bağlı keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib ki, xoşagəlməz hallar baş verərsə, onların namizədlərin xeyrinə həll olunması üçün bütün imkanlardan istifadə olunacaq.
“İndiyə qədər nə qeydiyyatla bağlı, nə də sonrakı proseslərdə Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayb. Ancaq "qaynar xətt" vasitəsilə müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyır. Gün ərzində dünyanın bütün nöqtəsindən istənilən şəxs heç bir akkreditasiyadan keçmədən onlayn şəkildə sayta daxil olaraq seçki prosesini müşahidə edə bilər”, – M.Pənahov deyib.
Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə keçirilir. 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.
Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41800-dək namizəd qeydiyyata alınıb. Səsvermə prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçkiləri izləmək üçün 60 minə yaxın müşahidəçi qeydə alınıb.
Səsvermə saat 19:00-da yekunlaşacaq.