Məzahir Pənahov: Bütün məntəqələr seçkiyə hazırdır

Məzahir Pənahov seçkilərin ümumilikdə 5049 məntəqəni əhatə edəcəyini vurğulayıb

Source: Foto: Azərtac


Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək

Dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədr Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.

“Azərtac”ın məlumatına görə, MSK sədri deyib ki, bütün məntəqələr seçkilərə tam hazır vəziyyətdədir.

M.Pənahov bildirib ki, respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. Çünki bunlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də məcburi köçkünlər var və burada seçicilərin sayı 339 min 326 nəfərdir.

Məzahir Pənahov seçkilərin ümumilikdə 5049 məntəqəni əhatə edəcəyini vurğulayıb:

“Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb”.

Onun sözlərinə görə, hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. Ümumilikdə 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. “Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb ki, bu da Azərbaycanda bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir”, – M.Pənahov deyib.

MSK sədri yerli müşahidəçilərin 52 min 636 nəfər olduğunu qeyd edib:

“Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”.

Amma M.Pənahov beynəlxalq müşahidəçilərin hansı təşkilatları təmsil etdiyini açıqlamayıb.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.

23 dekabr seçkiləri 4-cü seçkilərdir.

Ana səhifəSiyasətMəzahir Pənahov: Bütün məntəqələr seçkiyə hazırdır