“Amnisty İnternational” blogerlə bağlı bəyanat yayıb
Bloger Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib. Bu barədə dekabrın 14-də Azərbaycanın Dövlət Miqrasiya Xidməti xəbər verib. Məlumatda deyilir ki, Elvin İsayev dekabrın 12-də Kiyevdə saxlanılıb və Azərbaycana deportasiya edilib, sonra isə məhkəmənin qərarı ilə həbs olunub.
Bildirilir ki, 39 yaşlı Elvin İsayev Ukraynanın miqrasiya qanunvericiliyini pozduğu üçün deportasiya edilib. O, deportasiyadan sonra Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti sığınacaqla təmin olunub.
Lakin Elvin İsayev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il avqustun 22-də çıxardığı qərarla bağlı Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.
Elvin İsayevə qarşı cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində aparılıb.
Azərbaycan hökuməti İsayevə qarşı istintaqın hansı maddə ilə aparıldığını açıqlamır.
İsayev Azərbaycan hakimiyyətini müntəzəm şəkildə təhqir edib. O, həmçinin prezident İlham Əliyevi diktator adlandırıb və Azərbaycandakı korrupsiya haqqında danışıb.
İsayev 1998-ci ildən Rusiyada yaşayıb. Bu ilin sentyabr ayında Rusiya məhkəməsi Elvin İsayevin Rusiya vətəndaşlığından məhrum olunması haqda qərar qəbul edib. Elə həmin vaxt da onun tezliklə Azərbaycana deportasiya olunacağı gözlənilib. Lakin İnsan Haqları üzrə Avropa Məhkəməsi onun Rusiyadan Azərbaycana deportasiya olunmasını qadağan edib. O zaman İsayevin vəkilləri bəyan ediblər ki, onlar Avropa Məhkəməsinin 39 maddəsindən istifadə ediblər. Həmin maddəyə görə, əgər şəxs ictimai əhəmiyyət kəsb edirsə və ya ona qarşı təhlükə mövcuddursa, təcili tədbir kimin onun deportasiyası, yaxud ekstradisiyası qadağan olunur.
Bundan sonra Elvin İsayev Rusiyadan Ukraynaya gedib.
Ukrayna KİV-in məlumatına görə, o, dekabrın 12-də Kiyevdə “yoxa çıxıb”.
Dekabrın 16-da “Aministy İnternational” hüquq-müdafiə təşkilatı İsayevin müdafiəsi ilə çıxış edib. Təşkilatın bəyanatında qeyd olunur ki, bloger Elvin İsayev Ukraynadan qeyri-qanuni deportasiya olunub və bununla da İnsan haqları üzrə Avropa Məhkəməsinin qərarı pozulub.
“İsayev Azərbaycana Ukrayna prezidenti Vladimir Zelenskinin bu ölkəyə planlaşdırılmış səfərindən az əvvəl təhvil verilib. Bunun onun Azərbaycana zorla qaytarılmasında rol oynayıb-oynamaması aydın deyil. Lakin qeyd etmək lazımdır ki, Rusiya FTX və ya digər hökumət orqanlarının Rusiya vətəndaşlığı və rus ailəsi olan adamın deportasiyası üçün şərait yaradılmasında Azərbaycanla əməkdaşlıq etməsi şübhələri ilə bağlı əsaslar var. Ukrayna hökumətinin Strasburqdakı məhkəməyə və əsas prinsipə məhəl qoymaması da kədər doğurur. Həmin prinsipə görə, adamı işgəncə və qəddar davranışla qarşılaşacağı ölkəyə zorla qaytarmaq olmaz”, – təşkilatın bəyanatında deyilir.
“Ukraynadan deportasiya edilən bloger Elvin İsayevə qarşı ittihamlar barədə rəsmi məlumat olmadığından onun Azərbaycana verilməsinin qanuni olmasını şərh etmək çətindir”.
Bu fikri “Turan”-a media hüququ sahəsində ekspert Ələsgər Məmmədli söyləyib.
Onun sözlərinə görə, hələ 2019-cu il avqustun 22-də Azərbaycanda məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçib. Belə olduğu halda onun barəsində axtarış ilə bağlı İnterpolda sorğu olmalıdır. Ancaq belə bir sorğunun olub-olmadığı bəlli deyil.
“Bir sorğu olubsa, o zaman ekstradisiya məsələsi olmalı idi. Üstəlik, qaldığı ölkə Elvin İsayevin ittiham edildiyi cinayətin Azərbaycanda eyni cinayət olub- olmadığını yoxlamalı idi. Blogerin etik normaları pozmasına gəlincə, bu vəziyyətdə xüsisi ittiham qaydasında iddianı özünü təhqir olunmuş və ya böhtana məruz qalmış konkret şəxs irəli sürməlidir. Belə hallarda prokurorluq və ya polis cinayət işi qaldıra bilməz”.
Hüquqşünas deyib ki, hipotetik olaraq, E.İsayevi həmçinin də Azərbaycan CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar) və ya 283 (millətlərarası, irqlərarası, dinlərarası nifrətin qızışdırılması) maddəsilə də məsuliyyətə cəlb edə bilərlər. Lakin ittiham irəli sürülən hərəkətlər barədə ictimaiyyətə məlumat verilməlidir.
“Turan”ın Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq cəhdləri nəticə verməyib.