25 yaşlı tibb bacısı elə iş yerində xəsarət alıb
Beyləqanda boşanmaq istəyən qadının əri tərəfindən qətlə yetirildiyi deyilir. Məlumatı APA yayıb. Bildirilir ki, hadisə rayon xəstəxanasında baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Könül Bəhmən qızı Bəhrəmli tibb bacısı işləyirmiş. Əri işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.
Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən ər axtarılır.
Azərbaycanda qadınlara qarşı edilən zorakılıq halları ilə bağlı məlumatlar artıb.
Son 7 günün media monitorinqinə əsasən:
– Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.
– Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Aygün Mehman qızı Quliyeva xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.
– Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Samir qızı Abdullayeva gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.
– Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahir Telman qızı Əkbərovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.
– Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
– Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Natavan Sabir qızı Mustafayevanın əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.
– Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
– Abşeronun Masazır qəsəbəsində Aynurə Bəhmən qızı Abdullayeva əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.
– Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.
– Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Nurlana İbrahim qızı Musazadəni döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar.
– Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Bikə Məhəmmədəli qızı Köçərlini döyərək ağır xəsarət yetirib.
– Nəsimi rayonunda 44 yaşlı Nəzirə Ağagül qızı Abbasova keçmiş əri tərəfindən döyülüb.
– Goranboyun Əlirzalı kənd sakini 35 yaşlı qadını qonşular döyüblər, ürəkləri soyumayıb atın arxasına bağlayıb sürüyüblər.