“Oğluma qan almaq üçün kredit götürmüşdüm”

Hər dəfə müayinəyə 800 manat çıxır.

Source: Specify Source


Göyçay sakini: “İndiyə qədər uşaqlara təzə paltar alıb geyindirməmişəm”

Göyçayın Kürdşaban kəndinin sakini Elvin Məmmədov həyatda qalmaq uğrunda mübarizə aparır. 35 yaşlı iki uşaq atasını qaraciyər sirrozu tam əldən salıb.


“Uşağa dəftəri məktəbdə sinif yoldaşları pul yığıb alır”

Elvin Məmmədovun xəstəliyi təxminən üç il əvvəl ortaya çıxıb. Kənddə yaxınları bizə danışdı ki, ilk dəfə yas mərasimində duyuq düşüblər. Ürəyi bulanıb, laxta-laxta qan qusmağa başlayıb. Qanı heç cür saxlaya bilmədiklərindən təcili 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar. Orada Hepatit D daşıyıcısı olduğu müəyyənləşib. Problem bununla bitməyib. Tezliklə qida borusunda yırtıqlar əmələ gəlib. Yenə qanaxma başlayıb. Qida borusundakı dörd yırtığı xüsusi tibbi sancaqla müvəqqəti bərkitməli olublar.

Elvin uzun müddət Respublika Klinik Xəstəxanasında yatıb, müalicə alıb. Valideynləri danışır ki, bütün xərcləri özləri çəkib. İldə üç-dörd dəfə müayinə-müalicə üçün Bakıya gəlirlər, hamısı da öz hesablarına.

image_from_ios (6).jpg
Göyçayın Kürdşaban kəndinin sakini Elvin Məmmədov həyatda qalmaq uğrunda mübarizə aparır

“Hər dəfə müayinəyə 800 manat çıxır. Uşağa cəmi 130 manat pensiya verirlər. Bütün kəndi ayağa qaldırırıq. Neçə dəfə aksiya keçirmişik, kənd, məktəb heyəti yığışıb kömək eləyib. Müayinə üçün Bakıya getməli oluruq. Göyçay xəstəxanasında deyirlər ki, yatsın. Amma müalicə qane eləmir, vəziyyəti pisləşir”, – Elvinin anası Xuraman Məmmədova danışır.

Elvinin həyat yoldaşı evdar qadındır. İki övladı məktəbə gedir. Xuraman Məmmədova deyir ki, bütün gücü Elvini həyatda saxlamağa sərf etdiklərindən, uşaqlar səfil vəziyyətində yaşayır: “Biz hələ onlara təzə paltar alıb geyindirməmişik. Kiminsə köhnəsini geyinirlər. Uşağa dəftəri məktəbdə sinif yoldaşları pul yığıb alır. Biri xəstədi, əməliyyatını da pul topladılar, elədik”.


”Qardaşımla yeznəm gedib qapı-qapı pul istəyir ki, məni ölümdən xilas eləsinlər"

Elvin xəstəliyə qədər traktor sürürmüş. Dediyinə görə, babat dolanırmış, ailəsini saxlaya bilirmiş. İndi ona üç kiloqramdan artıq yük götürməyə icazə yoxdur. Havalar soyuyan kimi halı pisləşir, evə qapanır. Bütün qışı evdə keçirməli olur. Tez-tez qarnına su yığılır. Bir dəfə suyun həcmi 9 litrə çatıbmış. Dediyinə görə, müayinədən sonra ilk günlərdə xeyli rahatlaşır, ardınca yenə əzablı günlər gəlir.

“Çoxlu sidikqovucudan istifadə eləməli oluram. Azacıq soyuq olan kimi sıradan çıxıram. Payızda yenə müayinəyə getməliyəm. İndidən pulun dərdini çəkirik. Qardaşımla yeznəm rayona, kəndlərə gedib qapı-qapı pul istəyir ki, məni ölümdən xilas eləsinlər”, – Elvin danışır.

image_from_ios (7).jpg
Xuraman Məmmədova: Hələ də ödəyirəm. 160 manat pensiyamın 60-ı kreditə gedir.

Xuraman Məmmədova söhbətə qoşulur: “Uşağım gözümün qabağında məhv olur. O qədər qan itirir ki… Ona qan almaq üçün kredit götürmüşdüm. Hələ də ödəyirəm. 160 manat pensiyamın 60-ı kreditə gedir”.


“İcra Hakimiyyətində baş əydim, yalvardım, bir manat da köçürmədilər”

Elvinin atası Mehman Məmmədov danışır ki, çox yerə müraciət eləyiblər, hətta televiziya proqramlarına üz tutublar. Amma onların dərdini deyən yoxdur. Yerli strukturlar tam biganəlik göstərir. Sosial yardım almaq cəhdləri də boşa çıxıb: “Deyirlər ki, işləmir. Belə xəstə adam necə işləsin?!”

Heydər Əliyev Fonduna, Səhiyyə Nazirliyinə yazıblar. Cavablar qənaətbəxş olmayıb. Fondun cavabından belə çıxıb ki, öz hesabına müalicə haqda düşünmək lazımdır.

“Mən olmasam, Elvin də yoxdur. Bir kilo qənd alıramsa, bunun yarısını uşağımın evinə gətirirəm. Daha gücümüz qalmayıb. Gəlinin qızıllarına, toyuqlara, mal-heyvana qədər satmışıq. Bu üç ildə dizimiz yerə gəlib. Kənd camaatı fitrə çıxaranda bizim qapıya gəlir. İcra Hakimiyyətinə getdim, baş əydim, yalvardım. Dedilər, hesab açın, pul köçürək. Bir manat da köçürmədilər”.

Elvin deyir ki, müayinə də müvəqqəti tədbir xarakteri daşıyır. Qaraciyəri dəyişdirilməlidir, başqa əlac yoxdur: “Neftçilər Xəstəxanasında dedilər ki, donor sizdən, 50 min manat verərsiz, dəyişərik”.

Elvinin anası bu pulu heç cür toplaya bilməyəcəklərini söyləyir: “Mən 10 il özümü öldürsəm, uzağı 5 min manat toplayaram. Mümkün deyil”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, onlar vətəndaşlara maddi yardım göstərə bilməzlər. Bunun üçün onlarda əlavə büdcə yoxdur.

image_from_ios (4).jpg
“Hər dəfə müayinəyə 800 manat çıxır”
Ana səhifəBölgə“Oğluma qan almaq üçün kredit götürmüşdüm”