17 saylı həbsxanada aclıq aksiyasına qarşı zorakılıq: “60-a yaxın məhbusa işgəncə verilib”

Həbsxanalarda siyasi məhbus ölümləri – İllüstrasiya ChatGpt

17 saylı Cəzaçəkmə Müəssisəsində hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən dini inanclı məhbusların kütləvi şəkildə döyüldüyü və işgəncələrə məruz qaldığı bildirilir.

Bu barədə məlumatı dini inanclıların hüquqlarının müdafiəçisi Arzu Abdulla noyabrın 6-da sosial şəbəkə hesabında yayıb.

Onun sözlərinə görə, təxminən 60-a yaxın məhbus oktyabrın 13-15-də aclıq aksiyasına başlayıb. Aclığa başlamazdan öncə onlar müəssisə rəisi Şəfaət Abbasova yazılı müraciət ünvanlayıblar.

Aclıq aksiyasına başlayan məhbuslar “karser”ə salınıb

Arzu Abdullanın yazdığına görə, Penitensiar Xidmətdən dini inanclılara aclığı dərhal dayandırmaq tapşırığı gəlsə də, onlar sivil şəkildə aclığı davam etdiriblər. Bundan sonra isə aclıq edənlərin bir hissəsi cəza kamerasına (karserə) salınıb.

Hüquq müdafiəçisinin məlumatına görə, oktyabrın 21-də müəssisənin rəisi Şəfaət Abbasov, onun müavinləri Samit Qafarov, Emin Eminəliyev və Vüqar İsmixanlı, Samit Qafarovun müavini olan, futbolçu Tural kimi tanınan şəxs, Penitensiar Xidmətin rəis müavini Anar, eləcə də qurumun digər rəis müavini Fikrət Qafarovun mühafizəçisi, məhbusların “qulaqbatıran Barat” adlandırdığı şəxs məhbusları döyüblər.

Arzu Abdullanın paylaşımında iddia olunur ki, müəssisə rəisi Şəfaət Abbasov döyülmə əmrini Fikrət Qafarovun (Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi – red.) verdiyini deyib. Bununla yanaşı, hüquq müdafiəçisi yazır ki, məhbusların “qulaqbatıran Barat” adlandırdığı şəxs döyülmə zamanı onu Mirsaleh Seyidovun göndərdiyini bildirib.

“Namaz qılan dindarın başına səcdədə olduğu halda təpiklə vurmağa başladı”

Arzu Abdulla adı açıqlanmayan həbsxana əməkdaşına istinadən yazır ki, oktyabrın 21-də karserdə saxlanılan, aclıq aksiyasına qoşulmuş 20 dindar məhbus bir-bir kameradan çıxarılaraq müxtəlif yerlərdə huşlarını itirənədək döyülüb:

“Rəisin birinci müavini Emin Eminəliyev karserdə namaz qılan dindarın üstünə cumub, başı səcdədə olduğu halda başına təpiklə dayanmadan vurmağa başladı. Başı səcdədən qalxmayanda yanındakılara əmr etdi ki, başını qaldırsınlar. Məhbusun başını qaldıranda gördük ki, huşunu itirib, onun ağzından qan gəlirdi. Barat, Emin, Anar, Tural, Vüqar və Samit adlı şəxslər tərəfindən vəhşicəsinə döyülüb və fiziki zorakılığa məruz qalan məhbusların hamısını yığdılar rəis Şəfaət Abbasovun otağına. Orda Şəfaət də “işgəncə heyətinə” qoşulub aclıqdan halsız olan, işgəncədən dəfələrlə huşunu itirən dindarları döyməyə başladılar. Şəfaət o qədər sevincək, ürəklə döyürdü ki, elə bil illərlə bu günü arzulayırmış”.

“Məhbusların qollarını burub sındırmağa çalışırdılar”

Hüquq müdafiəçisi həmin əməkdaşa istinadla bildirir ki, Bakı 1 saylı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərovun qardaşı oğlu, müəssisənin əməliyyat-rejim əməkdaşı Vüqar İsmixanlı ilə 17 saylı Cəzaçəkmə Müəssisəsinin rejim rəisi Samit Qafarov məhbusların qollarını arxadan tutub buraraq sındırmağa çalışıblar.

“Məhbuslar ağrıdan huşunu itirəndə Fikrət Qafarovun “qulaqbatıran Barat”ı var qüvvəsi ilə dindarların hər iki qulağına eyni anda yumruq vururdu. Dindarların bir neçəsinin ağzından, qulaqlarından qan axırdı, ağzından köpük gəlirdi. Şəfaət Abbasov əlini-əlinə vurub sevinirdi, qəh-qəhə çəkib gülürdü”, – Arzu Abdulla həbsxana əməkdaşına istinadən yazır.

“Məhbusun hər iki qulağına eyni anda yumruq vururdu”

Həbsxananın digər əməkdaşının Arzu Abdullaya dediyinə görə, Penitensiar Xidmətin Anar adlı əməkdaşı dindarlardan birini yerə uzadıb, üstünə çıxaraq tapdalayıb. Məhbus huşunu itirib, burnundan və ağzından qan gəlib:

“Bir məhbusun isə ciyərlərinin xəstə olduğunu bildikdə onu ağzı üstə yerə yıxıb kürəklərini xeyli ayaqladılar. Məhbus huşunu itirmişdi və onu ayıltmaq mümkün olmurdu. Daha sonra Samit Qafarovun müavini olan, Penitensiar Xidmətin futbol komandasında çıxış etdiyinə görə “futbolçu Tural” kimi tanınan Tural qolları arxadan bağlı vəziyyətdə olan dindarları arxası üstə yerə yıxaraq, döyə-döyə üzlərini və başlarını qırxdı”.

Məhbuslar zorlanmaqla hədələnib və videoya çəkiliblər

Arzu Abdulla müəssisədə çalışan digər anonim əməkdaşa istinadən yazır ki, bəzi məhbuslar aclıq aksiyasını dayandırmadıqları təqdirdə zorlanacaqları ilə hədələnib və videoya çəkiliblər. Məqsəd isə həmin videolar vasitəsilə onların aclıq aksiyasını guya öz istəkləri ilə dayandırdıqlarını və heç bir zorakılığa məruz qalmadıqlarını nümayiş etdirmək olub.

Hüquq müdafiəçisinin yazdığına görə, ən çox işgəncəyə Müsəlman Birliyi Hərəkatının üzvləri Tural Vəliyev və İbrahim Muradov, eləcə də Əsəd Ağaşov, Aydın Hüseynzadə, Qalib Bəndəliyev və Mahmudağa Ağayev məruz qalıb.

Ombudsmandan ailələrə hər dəfə eyni cavab verilir: “Baş çəkəcəyik”

Arzu Abdullanın sözlərinə görə, işgəncəyə məruz qalan məhbusların ailələrinin məsələ ilə bağlı Ombudsman Aparatına etdikləri müraciətlər nəticəsiz qalıb. Hüquq müdafiəçisinin yazdığına görə, ailələrə hər dəfə eyni cavab verilir: “Baş çəkəcəyik”. Ancaq görüşün nə vaxt keçiriləcəyi barədə konkret məlumat verilmir.

Məlumatda məhbuslara qarşı fiziki zorakılıqla yanaşı, mənəvi təzyiqlərin də davam etdiyi bildirilir.

“İşgəncə verilmiş məhbusları telefon danışığı üçün Şəfaət Abbasovun otağından keçməyə məcbur edirlər. Şəfaət və müavinləri otağa gələn məhbuslara baxıb qımışır, işgəncə olayı ilə bağlı atmaca atıb alçaldırlar. Bu isə məhbusların telefon danışığından imtina etməsinə səbəb olur”, – Arzu Abdulla yazır.

Hüquq müdafiəçisi bildirir ki, məhbusların ailələri bununla bağlı Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Ombudsman Aparatına dəfələrlə şikayət etsələr də, müraciətlərə reaksiya verilməyib. O, həmçinin Penitensiar Xidmətin yeni rəhbərliyinin baş verənlərlə bağlı susqunluğunu davam etdirdiyini iddia edir.

“Yataq ləvazimatlarından hamamın təmirinə qədər hər şey rüşvətlə alınıb-satılır”

Arzu Abdullanın paylaşımında 17 saylı Cəzaçəkmə Müəssisəsindəki saxlanma şəraiti və məhbuslara münasibətlə bağlı da bir sıra iddialar yer alıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, 2022-ci ildən şiə dindarların narkotik ittihamları ilə kütləvi həbsindən sonra onların böyük hissəsi bu müəssisəyə yerləşdirilib. O, dindar məhbusların təxminən 90 faizinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildiyini bildirir.

Arzu Abdulla müəssisənin saxlanma şəraitinin qənaətbəxş olmadığını yazır. Onun sözlərinə görə, məhbuslar öz hesablarına yaşayış şəraitini yaxşılaşdırmağa məcbur olublar:

“Yataq ləvazimatlarından tutmuş hamamın, tualetin təmirinə, istifadəsinə, ailə görüşünə qədər hər şey rüşvətlə alınıb-satılır. Etiraz edənlər cəza kamerasına salınır, işgəncə edilir, görüşünə, sovqatına, telefon danışığına əngəllər yaradılır və ya başqa həbsxanaya, daha çox Umbakı Penitensiar Kompleksinə, ciddi rejimə köçürülür. Hətta şəhid qardaşı, qazi, müharibə veteranlarına, onkoloji xəstələrə də zülm edilir, hörmət qoyulmur”.

Arzu Abdullanın sözlərinə görə, görüşə gələn ailələr saatlarla müəssisənin qarşısında gözlədilir, daha sonra isə içəri buraxılmadan geri qaytarılır. Bəzi hallarda məhbusların sovqatları da qəbul olunmur.

“Yaşlı ananı alt geyimini çıxarıb dizin-dizin sürünməyə məcbur edib”

Hüquq müdafiəçisi müəssisənin Vəzifə adlı qadın əməkdaşı ilə bağlı da iddialar səsləndirib. Arzu Abdullanın yazdığına görə, həmin əməkdaş məhbusların qadın ailə üzvlərinə qarşı alçaldıcı davranışlar göstərir.

O, məhbus ailələrinin bu əməkdaşın hərəkətləri ilə bağlı illərdir Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə və Ombudsman Aparatına şikayət etdiyini, lakin müraciətlərin nəticəsiz qaldığını qeyd edir:

“Dindar məhbusun yaşlı anası oğlunu görməyə gedib. Vəzifə də onu məcbur edib ki, alt geyimini çıxarıb və dizin-dizin sürünsün. Ana bu rəzalətə dözməyib, oğlu ilə görüşməkdən imtina edir və ağlaya-ağlaya rayona geri qayıdıb”.

Məsələ ilə bağlı Penitensiar Xidmətin, Ədliyyə Nazirliyinin və Ombudsman Aparatının mövqeyi məlum deyil.

Hicabla bağlı mübahisə nə vaxt başlayıb?

Hicabla bağlı mübahisə sentyabrın 21-də Nazirlər Kabinetinin məktəblərdə şagirdlərin geyim qaydalarına dəyişiklik etməsindən sonra başlayıb. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvi prinsiplərinə uyğun olmayan geyimlərə icazə verilmir.

Sənəddə hicabın adı birbaşa çəkilməsə də, oktyabrın 12-dən bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı barədə məlumatlar yayılıb. Bu, valideynlərin və dini inanclı şəxslərin etirazlarına səbəb olub.

Bakıda və bölgələrdə keçirilən etirazlar zamanı saxlanılanlar da olub. Daha sonra dini inanclı məhbuslar hicablı şagird və müəllimlərin hüquqlarının müdafiəsi, məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə aclıq aksiyalarına başlayıblar.

Ana səhifə ▸ Xəbərlər ▸ 17 saylı həbsxanada aclıq aksiyasına qarşı zorakılıq: “60-a yaxın məhbusa işgəncə verilib”