Finlandiyada sualtı kabellərin zədələnməsi işi: Azərbaycanlı dənizçiyə həbs cəzası verilib

Foto: Toni Määttä / Yle

Finlandiya məhkəməsi Finlandiya körfəzində sualtı kabellərin zədələnməsi ilə bağlı iş üzrə qərar çıxarıb. Məhkəmə “Fitburg” gəmisinin azərbaycanlı bosmanı Vüsal Məcidovu gəminin rusiyalı kapitanına cinayətin törədilməsində kömək etməkdə təqsirli bilib.

OC Media yazır ki, Helsinki Birinci İnstansiya Məhkəməsi gəminin kapitanı Andrey Maksimenkonu 3 il 6 ay, azərbaycanlı bosman Vüsal Məcidovu isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Onlar 2025-ci il dekabrın 31-də baş vermiş hadisə ilə əlaqədar külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən zədələməkdə təqsirli biliniblər.

Məhkəmə müəyyən edib ki, gəmi lövbərini təxminən 130 kilometr boyunca dənizin dibi ilə sürüyərək iki sualtı telekommunikasiya kabelini zədələyib. Hadisə zamanı bir sıra digər kabellər və qaz kəməri də zədələnmə təhlükəsi ilə üzləşib.

Hər iki şəxs ittihamları rədd edir. Məhkəmə qərarı hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.

Məhkəmə prosesi zamanı Məcidov “Fitburg” gəmisinin kabellərin zədələnməsinə səbəb olub-olmadığını bilmədiyini söyləyib.

Maksimenko da ifadəsində gəminin lövbərini dənizin dibi ilə sürüyüb-sürümədiyindən xəbərsiz olduğunu bildirib. O, ibtidai istintaq zamanı da kabellərin məhz “Fitburg” tərəfindən zədələndiyini qətiyyətlə inkar edib.

Məhkəmə, həmçinin kapitan və bosmanın zərərçəkən tərəflərə dəymiş ziyanı birgə ödəməsinə qərar verib. Təzminata zədələnmiş kabellərin və qaz kəməri ilə bağlı təmir xərclərinin, eləcə də araşdırma ilə əlaqədar məsrəflərin ödənilməsi daxildir.

Məhkəmənin təyin etdiyi cəzalar prokurorluğun tələb etdiyindən daha ağır olub. Prokurorluq təqsirləndirilən şəxslərin əmlaka ağır ziyan vurma və telekommunikasiya fəaliyyətinə ciddi müdaxilə ittihamları üzrə ən azı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bununla belə, məhkəmə telekommunikasiya fəaliyyətinə ağır müdaxilə ilə bağlı ayrıca ittihamı təmin etməyib. Hakimlər hesab ediblər ki, həmin əməl artıq əmlaka ağır ziyan vurma cinayətinin tərkibinə daxildir.

Məhkəmə, həmçinin hadisənin Finlandiyanın ərazi sularından kənarda baş verməsinə baxmayaraq, işə baxmaq səlahiyyətinə malik olduğunu müəyyən edib. Buna əsas kimi qəsdən törədildiyi iddia olunan əməllərin nəticələrinin Finlandiyaya təsir göstərməsi göstərilib.

Qərardan apellyasiya şikayəti verilə bilər.

Gəmi lövbərini 130 kilometr boyunca dənizin dibi ilə sürüyüb

Məhkəmənin müəyyən etdiyinə görə, “Fitburg” gəmisi 2025-ci il dekabrın 31-i səhər saatlarında Finlandiyanın ərazi sularından kənarda, Finlandiya körfəzində hərəkət edərkən lövbərini və lövbər zəncirini bir neçə saat ərzində təxminən 130 kilometr boyunca dənizin dibi ilə sürüyüb.

Nəticədə iki sualtı telekommunikasiya kabeli zədələnib. Daha səkkiz telekommunikasiya və elektrik kabeli, eləcə də bir qaz kəməri zədələnmə riski ilə üzləşib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, gəminin lövbərini sabitləyən mexanizm işlək vəziyyətdə olub. Gəmi dekabrın 30-da Sankt-Peterburq limanından yola düşərkən isə lövbər qaldırılmış vəziyyətdə olub.

Məhkəmənin qənaətinə görə, lövbər gəmi Sankt-Peterburqdan ayrıldıqdan sonra, lakin hələ Rusiyanın ərazi sularını tərk etməmiş endirilib.

Lövbər yalnız dekabrın 31-i səhər saatlarında, Finlandiya tərəfi gəminin lövbərini dənizin dibi ilə sürüdüyünü aşkar edib heyəti xəbərdar etdikdən sonra qaldırılıb.

Məhkəmə qeyd edib ki, ittiham tərəfi Maksimenkonun lövbərin endirilməsi barədə şəxsən göstəriş verdiyini və ya Məcidovun bu prosesdə birbaşa iştirak etdiyini iddia etməyib.

Bununla belə, hakimlər belə nəticəyə gəliblər ki, gəmi kabellərin və qaz kəmərinin yerləşdiyi ərazidən keçərkən hər iki şəxs lövbərin aşağı salınmış vəziyyətdə olduğunu bilməli idi.

Məhkəmə, həmçinin Maksimenkonun lövbər dənizin dibi ilə süründüyü halda gəminin hərəkətini davam etdirməsinə razı olduğunu müəyyən edib.

Məcidova gəlincə, məhkəmə onun Finlandiya tərəfinin gəmi ilə ilk əlaqə saxlamasından sonra təxminən iki saat ərzində gəminin hərəkətini davam etdirməsinə fəal şəkildə kömək etdiyi qənaətinə gəlib.

Bundan başqa, məhkəmə Məcidovun bosman kimi xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini müəyyən edib. Belə ki, o, gəmi hərəkətdə olarkən lövbərin qaldırılmış vəziyyətdə olmasına nəzarət etməli idi.

Hakimlər kapitanın məsuliyyətini daha ağır qiymətləndiriblər. Buna səbəb gəminin istismarı, hərəkəti və naviqasiyasına görə əsas məsuliyyətin məhz kapitanın üzərində olmasıdır.

Məhkəmə vurulan ziyanın miqyasını və daha ciddi fəsadların baş verməsi ehtimalını nəzərə alaraq belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərin hərəkətləri cəmiyyətin həyati əhəmiyyətli infrastrukturunun fəaliyyəti üçün son dərəcə ciddi təhlükə yaradıb.

İşə Helsinki Birinci İnstansiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası baxıb. Qərar hakimlər tərəfindən yekdilliklə qəbul edilib.

Bu yazı ingilis dilindən tərcümə edilib. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifə ▸ Xəbərlər ▸ Finlandiyada sualtı kabellərin zədələnməsi işi: Azərbaycanlı dənizçiyə həbs cəzası verilib