Ucar sakini: Hökumət ev tikəcəyinə söz verdi, əməl etmədi

Əlil olduğum və iş qabiliyyətimin olmadığını nəzərə alıb, dedilər ki, sənə elə bu evin yerində yenisini tikəcəyik

Source: Specify Source


“Aldığım 160 manat təqaüdlə ev tikə bilmərəm”

Ucarın Alpi kəndinin sakini, 1-ci qrup əlilliyi olan Vilayət Xəlilovun şikayəti var. Deyir, 10 ildən artıqdır ki, evi uçub. Ona söz verdikləri halda, yeni evlə təmin edilməyib. O gündən bəri kirayələrdə qalır. Əlilliyinə görə aldığı müavinətin yarıdan çoxu kirayə puluna gedir. Nəticədə, müalicə oluna bilmir.

“Mən əsgərliyimi Sovet dövründə çəkmişəm. Elə orada ayaqlarımı don vurdu, kəsdilər. 1981-ci ildən zülmdəyəm. Bir ayağımın pəncəsi yoxdur, digəri isə dizdən aşağı kəsilib. İndiyə kimi nəyim var, nəyim yox, xəstəxanalara tökmüşəm. Bir yerə çıxa bilməmişəm”.

Vilayət Xəlilov deyir ki, əlində yeganə qalan evi imiş. O da 10 il öncə uçub-dağılıb. Əvvəlcə hökumət ona evini bərpa edəcəklərinə dair söz verib, kirayə çıxmasını məsləhət görüb. Sonradan isə heç bir kömək göstərilməyib. Nəticədə, Vilayət Xəlilov 10 ildən artıqdır ki, kirayələrdə qalır. Deməsinə görə aldığı təqaüdün yarıdan çoxunu kirayəyə verir:

“1968-ci ildə tikilmişdi. Qəzalı idi. Biz də Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyətinə yazdıq. Gəlib baxdılar. Dedilər ki, təcili boşaldın və kirayə çıxın. Əlil olduğum və iş qabiliyyətimin olmadığını nəzərə alıb, dedilər ki, sənə elə bu evin yerində yenisini tikəcəyik. Biz də arxayın olub, çıxdıq. 10 ildən artıq vaxt keçib, biz hələ də kirayələrdə qalırıq”.

image_from_ios (7).jpg
Vilayət Xəlilov

Vilayət Xəlilov deyir ki, ömrü boyu işi olmayıb, maaş almayıb. Aldığı ancaq əlilliklə bağlı təqaüddür. O da müalicəsinə çatmır, üstəlik kirayə haqqı ödəmək məcburiyyətindədir:

“Aldığım 160 manat təqaüdlə ev tikə bilmərəm. Heç həkimə, dərmana çatmır o pul. Düzdür, indi deyirlər 100 manat prezident təqaüdü və 50 manat baxımpulu verəcəklər. Bu da edir 310 manat. Yenə də ev tikməyə yetəcək qədər deyil”.

Şikayətçi deyir ki, kömək etmirlər, anlayırıq, o zaman şəhərdə tikilən sosial evlərdən versinlər:

“Mənə evin tikiləcəyi ilə bağlı söz vermişdilər. Hətta xəritəsini də çəkmişdilər. 2 otaqlı mənzil olacaqdı. İndi ki, bunu tikmirlər. Barı şəhərdə məcburi köçkünlər üçün tikilən evlərdən və ya sosial mənzillərdən versinlər. Cəhənnəm, pensiyamı qoyub birtəhər ödəyərəm. Sosial evlərin aylığı elə böyük olmur. Kirayə verdiyimi, ona verərəm. Sonda da bilərəm ki, özümündü, mənə qalacaq”.

Vilayət Xəlilovun həyat yoldaşı Səkinə Xəlilova deyir ki, Göyçaydakı Bərpa Mərkəzindən yeni qayıdıblar. Hər gedişlərində də 200-300 manatdan çox pul çıxır:

“İki qızım, bir oğlum var. İnanın hamısını güc-bəla ilə böyütmüşük. Atalarının iş qabiliyyəti yox, mənim bir savadım-sübutum, işim yox. Yarıac-yarıtox dolanmışıq həmişə. İndi oğlumuzu evləndirə bilmirik. Onun-bunun qapısında işləyir. Əvvəl zavodda işləyirdi, o da bağlandı”.

image_from_ios (5).jpg
Səkinə Xəlilova

Səkinə Xəlilova deyir ki, kirayə qaldıqları ev də şəraitsizdir. Əlilliyi olan birinin yaşaması üçün yararsızdır. Ancaq daha ucuzunu tapmadıqlarından, orada qalmaq məcburiyyətindədirlər:

“Otağımız betondur. Parça ilə sağını-solunu bağlayıb, içinə bir yataq qoymuşuq. Orada yaşayırıq. Az qalıram çıxıb gedim, başqa ölkədən vətəndaşlıq dilənim. Yaxşı ev vermirlər, tikmirlər, olsun. Heç olmasa normal iş versinlər, işləyək qazanaq, özümüzə ev alaq. Ya da sosial ev versinlər. Birtəhər ilkin ödənişini edərik. Sonra da aylıq 100-dü, 150-di, birtəhər verərik. Onu da etmirlər axı. Nə edək, özümüzü öldürək?”.

image_from_ios (4).jpg
Şikayətçi deyir ki, onlar evdən çıxandan 1 ay sonra ev yerlə bir olub

Ucar Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, onların şəxsi evləri tikmək, bərpa etmək kimi bir büdcəsi yoxdur:

“Kənd evləridir, zaman-zaman sıradan çıxır. İcra Hakimiyyətinin belə bir büdcəsi yoxdur ki, hamıya ev tikib versin. Vətəndaş özü-özünə ev tikməlidir. Biz ona kömək edə bilmərik”.

Meydan TV Fövqəladə Hallar Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

image_from_ios.jpg
Vilayət Xəlilov deyir, ona ev tikmirlərsə, barı işlə təmin etsinlər, özü qazanıb, ev tiksin
Ana səhifəBölgəUcar sakini: Hökumət ev tikəcəyinə söz verdi, əməl etmədi