Poladlı sakinləri: Susuzluq nəfəsimizi kəsir

Sakinlər başçıdan kənd yolunun əsaslı təmir olunmasını, elektrik təsərrüfatının yenidən qurulmasını, suvarma suyu üçün subartezian quyusunun qazılmasını, gənc və orta nəslin işlə təmin olunmasını istəyiblər.

Source: meydan tv


Tərtərin bu kəndində yol, su, elektrik və işsizlik problemləri var

“Bu istinin altında suyu Bərdədən daşıyırıq. Bərdəylə aramız 11 kilometrdir. İllərdir ki, kənddə həm içməli, həm də təsərrüfat üçün su qıtlığı var. Daha çox da yayda əziyyət çəkirik. Bir tərəfdən özümüz, bir tərəfdən də heyvanlarımız susuzluqdan qırılır, əkin sahələrimiz yanır”.

Poladlı – Tərtərdə cəbhəyanı kənddir. 110 təsərrufatı, 547 nəfər əhalisi var. Bu kəndin sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Onsuz da əziyyəti çox olan insanların kələyini bir də susuzluq kəsir. Onların deməsinə görə, hər səhər gün doğmamış su qablarını ata-eşşəyə yükləyib Bərdəyə yola düşürlər, yaxın kəndlərdən içməli su götürüb qayıdırlar. Yay aylarında bu proses gündə iki dəfə təkrarlanır. Axşama doğru kəndlilərin yenə də su qablarıyla yüklənmiş at-eşşəkləri kənd yollarında görünür. Və bu, illərdir ki, davam edir.


“Yollarda adamları ilan sancır”

Kənd sakinləri qonşu rayonun kəndlərindən su daşımaqdan bezdiklərini deyirlər:

“Biz tərəflərdə yayda havalar çox quraqlıq keçir. Günəş şüaları beynimizi bişirə-bişirə bu kənddən o kəndə, o kənddən bu kəndə gedib- gəlirik. Yollarda dəfələrlə adamları ilan sancıb. İstidən huşunu itirənlər olub. Qışda da qar dizdən olur, gedib-gəlmək çətinləşir”.

Kənddə tibb məntəqəsi də yoxdur. Səhhətində problem yaranan sakinlər tibbi xidmət almaq üçün qonşuluqdakı Aşağı Mamır kəndinə getməli olurlar.


“Xəstələri arabayla qonşu kəndə aparırıq”

“Birini bir sancı tutsun, bir başağrısı tutsun, dərman almağa aptek yoxdur. Kənddə elə ailə yoxdur ki, azı iki-üç üzvü xəstəlikdən əziyyət çəkməsin. Şəkər xəstəsi var, infarktdan, böyrək xəstəliyindən əziyyət çəkəni var… Vəziyyətləri ağırlaşanda iynə vurdurmağa, sistem qoydurmağa rayon mərkəzindəki xəstəxanaya aparmalıyıq. Qışın şaxtasında, qar dizdən olanda xəstəni arabaya qoyub qonşu kənddəki tibb məntəqəsinə götürürük. Yollarımızın bərbad vəziyyətdə olması isə çətinliyimizi artırır,”- sakinlərin şikayətində deyilir.

Onların deməsinə görə, kənddə Sovet vaxtından qalan, uzun illərdir ki, qapısı qıfıllı olan bir uçuq-sökük bina var. Uzun illərdir ki, onlar binanın abadlaşdırılaraq tibb məntəqəsinə çevrilməsini isrəyirlər. Hətta buna görə dövlət qurumlarına dəfələrlə məktub da yazıblar, cavab almayıblar.

Sakinlərin sözlərinə görə, daha iki problem işıq və məktəblə bağlıdır. Kənddəki elektrik təsərrüfatı da köhnədir, Sovet vaxtı çəkilmiş naqillər və elektrik dirəkləri çoxdan çürüyüb. Məktəbə gəlincə isə, uşaqlar təhsil üçün qonşu kəndlərə gedir.

image_from_ios (8).jpg
kəndin yolu


Başçı Poladlıda olub

Tərtərin icra hakimiyyətindən bildirilib ki, indiyədək Poladlıda yolların abadlaşdırılması, qazlaşma, su təsərrüfatının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli işlər görülüb.

Ötən həftə isə icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov həmin kənddə olub, sakinlərlə görüşüb, onların qayğılarıyla maraqlanıb. Sakinlər başçıdan kənd yolunun əsaslı təmir olunmasını, elektrik təsərrüfatının yenidən qurulmasını, suvarma suyu üçün subartezian quyusunun qazılmasını, gənc və orta nəslin işlə təmin olunmasını istəyiblər. Müstəqim Məmmədov onunla bərabər kəndə gələn müxtəlif qurumların nümayəndələrinə problemlərin həlli ilə bağlı tapşırıqlarını verib. Qurumdan bildirilib ki, kənddə məktəb üçün modul tipli yeni bina da tikilib.

Ana səhifəBölgəPoladlı sakinləri: Susuzluq nəfəsimizi kəsir