AXCP sədri 13 ildir pasport ala bilmir
Ötən həftə ReAL Partiyasının sədri İlqar Məmmədovun xarici pasport alması və bloger Mehman Hüseynovun xaricə çıxışına qoyulan qadağasının götürülməsi ilə yadda qaldı.
Sadalananlar istər-istəməz 2006-cı ildən xarici pasportu verilməyən AXCP sədri Əli Kərimlinin durumunu yada saldı. Avropa Məhkəməsi bu barədə qərar qəbul etsə də, Azərbaycan hökuməti AXCP sədrinin ölkədən çıxışına qoyduğu qadağanı götürmür.
Bu barədə Meydan TV-yə danışan Əli Kərimli bildirib ki, 2006-cı ildən məhkəmələrə şikayət etsə də, ona qarşı hiyləgərlik ediblər:
“Mən bütün daxili məhkəmələri bir dəfə başa vurandan sonra Ali Məhkəmə şikayətləri yenidən rayon məhkəməsinə qaytardı. Həmin dövrəni bir daha keçməli olduq. Yəni hamının keçdiyi şikayət prosedurlarını mən iki dəfə keçməli oldum. Beləliklə, 2 il vaxtımı aldılar. 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim. Məhkəmə 3 il əvvəl, 2016-cı ildə Azərbaycan hökumətini cərimələyib, pasportumla bağlı qərarı qanunsuz saydı və hakimiyyətə mənə pasport verməyi tövsiyə etdi. Amma cərimə ödənilsə də, qərar yerinə yetirilməyib”.
Qərarın icrası haqda Əli Kərimlinin vəkili müvafiq dövlət orqanlarına müraciət edib, ancaq cavab verilmədiyi üçün Avropa Şurası Nazirlər Kabinetinə üz tutublar.
Əli Kərimlinin dediyinə görə, hüquqşünas İntiqam Əliyevin apardığı iş hazırda Avropa Şurasının Nazirlər Kabinetinin gündəmində olsa da, hələ icra olunmur:
“Məsələ Nazirlər Kabinetinin müzakirəsinə çıxarılıb, icrası tələb olunub, amma hökumət yerinə yetirmir. Bu məsələ Avropa Məhkəməsinin yerinə yetirilməyən qərarlarından biridir və məhz buna görə Nazirlər Kabinetinin gündəliyinə çıxarılıb”.
AXCP sədri hesab edir ki, məsələyə ölkədəki vəziyyət kontekstində baxılmalıdır:
“Azərbaycan praktikasında pasportun verilməməsi barədə Avropa Məhkəməsinin qərarı ilk dəfə mənimlə bağlı olub. Ondan sonra jurnalist Xədicə İsmayılova, hüquqşünas İntiqam Əliyev və o cümlədən, ReAL Partiyasının rəhbərliyi haqqında da olub, amma sonuncularla əlaqədar qərar dəyişib. ABŞ Dövlət Departamentinin son heabatında ölkədən çıxışına qadağa qoyulan 20 nəfərin adı çəkilir. Məncə, daha çoxdur, çünki bizim partiyanın rəhbərliyində xeyli adam ölkədən çıxışa qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmə prosedurunu keçirlər. Ümumiyyətlə, bu məsələ beynəlxalq təşkilatlarla rəsmi Bakının müzakirə predmetinə çevrilib. Amma Azərbaycan hökuməti tənqidçilərinin beynəlxalq tədbirlərdə iştirakına mane olmaqdan ötrü bütün xarici tələbləri qulaqardına vurur. Biz ölkə daxilindəki təzyiq mexanizmdən istifadə edirik, amma etiraf edim ki, 80 nəfərə yaxın siyasi məhbusun olduğu zamanda pasport davamızı önə keçirdə bilmirik. Siyasi məhbuslar arasında Qarabağ müharibəsi iştirakçıları, jurnalistlər, mənim müavinlərim də var. Daxili təzyiq mexanizmlərimiz yetərli olsa, ilk növbədə siyasi məhbusların tamamilə azad olunmasına nail olarıq. Əgər ölkədə daxili mübarizə ilə vəziyyəti dəyişə bilsək, o zaman mənim pasport məsələm də həll olunacaq. Ancaq görünən odur ki, hökimət imkanı çatdığı vaxta qədər pasportu mənə vermək niyyətində deyil”.
Əli Kərimli onu da vurğulayıb ki, hazırda bu məsələ əvvəlki kimi aktual deyil. Çünki indi ölkənin kənarında da hökumətə qarşı çoxlu sayda danışanlar var:
“Mən 2006-cı ilin yanvarında AŞ PA Azərbaycan dinləmələrində iştirak edib çox sərt şəkildə məsələ qoydum ki, Milli Məclisin mandatı tanınmasın. O zaman hökumət telekanallarında əleyhimə kampaniya aparıldı ki, məni, ümumiyyətlə, Azərbaycana buraxmasınlar. Amma qərar dəyişildi, yəni ölkəyə buraxaq, sonra kənara buraxmayaq. O zaman hökumət hesab edirdi ki, “Azərbaycan nümayəndə heyətinin mandatını tanımayın” deyəcək siyasətçilər çox deyil. Ona görə də mənə qarşı belə sanksiya qoyuldu. İndi həmin sanksiya o zamankı qədər təsirli deyil. Hökumət boş yerə özünü beynəlxaq hesabatlara saldırır. Birincisi mövqeyimizi internet vasitəsilə alırlar. İkincisi, Avropada yaşayan blogerlər, siyasətçilər var ki, tənqidi mövqedən çıxış edə bilirlər. Nəhayət, president var, ABŞ Konqresi dinləmələrə məni dəvət edəndə, buraxmadıqlarından oğlum təmsil etdi”.
Hüquqşünas İntiqam Əliyev Meydan TV-yə deyib ki, Əli Kərimlinin şikayəti Nazirlər Kabinetinin müzakirəsinə çıxarılıb:
"Amma sonra məsələni müzakirədən çıxardılar və bu barədə bizə heç bir məlumat verilmədi. Təəssüf ki, Nazirlər Kabinetinin Avropa Məhkəməsinin qərarlarının icra sahəsində fəaliyyəti o qədər də effektli deyil. Qərarları icra etməkdən imtina edən hökumətlərə münasibətlərə üzgörənlik nümayiş etdirir".
Azərbaycanda
Meydan TV, Azadlıq Radiosu ilə əməkdaşlıq edən bir qrup jurnalist və yazarın da ölkədən çıxışına qadağa qoyulub. Onların Avropa Məhkəməsinə şikayətlərinin kommunikasiya mərhələsi başa çatıb.