”İcra məmuru döydü, özümü yandırdım, hələ də tədbir görülmür”

Ağdaş sakini 1 ildən çoxdur ki, icra məmurunun cəzalandırılmasını tələb edir

Source:
Azad Abdurrahmanov
Azad Abdurrahmanov
Azad Abdurrahmanov
Azad Abdurrahmanov

Ağdaş sakini 1 ildən çoxdur ki, icra məmurunun cəzalandırılmasını tələb edir

“İlyarımdan çoxdur ki, məni döyən icra məmurundan şikayət etmədiyim qurum qalmayıb. Etiraz olaraq bir dəfə anam özünü yandırmaq istəyib, qarşısını alıblar. Bir dəfə də mən özümü yandırmışam. Ancaq bir qurum maraqlanmayıb, çağırıb soruşmayıb, sənin dərdin nədir ki, canına qəsd etmisən”.

Ağdaş sakini Azad Abdurrahmanov Meydan TV-yə danışır ki, 2017-ci ilin oktyabrında icra məmurları onun yaşadığı ünvana gələrək bir məhkəmə qərarını icra etməyə cəhd göstəriblər. O və anası qərarın icra olunmasını istəməyib. Nəticədə mübahisə yaranıb. Azad Abdurrahmanovun deməsinə görə, icra məmuru onu döyüb.

Məhkəmə qərarının icrasına mane oldum

“Heydər Əliyev prospekti 85 ünvanında beşmərtəbəli binada yaşayırıq. Binanın ərazisində bir nəfər qanunsuz ev tikib, çirkab suları da həyətimizə axıdırdı. Mən dəfələrlə aidiyyəti qurumlara yazmışam ki, çirkab suların axıdılması nəticəsində həyətdəki meyvə ağacları quruyub, həyətə siçovullar daraşıb, antisanitariya, üfunət baş alıb gedir. Nəticədə gəldilər ki, həmin evin kanalizasiya xəttini bizim binanın xəttinə birləşdirsinlər. Biz etiraz elədik, çünki öz binamızın xətləri zorla davam gətirir, çürük-çürükdür. Məsələ məhkəməyədək gedib çıxdı. Ötən ilin avqustunda məhkəmə qərar çıxarıb ki, xətt birləşdirilsin. Oktyabrda icra məmurları gəldi, biz qarşılarına çıxıb bildirdik ki, heç bir sənədi olmayan, qanunsuz tikili ilə bağlı verilən məhkəmə qərarı da saxtadır,” – Azad Abdurrahmanov deyir .

Özümü yandırdım, polislər xəstəxanaya apardılar

Azad Abdurrahmanov deyir, icra məmurlarına mane olmağa çalışanda icra məmuru Sahib Hümmətov üstünə cumub:

“Məni təpiklə, yumruqla vurdu, sürüyüb binadan uzaqlaşdırdılar, aparıb məni başqa yerə atdılar ki, mane olmayım. Mən də onların bu vəhşiliyinə dözə bilmədim, benzin aldım, getdim rayon polis şöbəsi ilə rayon prokurorluğunun tən ortasında üstümə töküb kibriti çəkdim, özümü yandırdım”.

Hadisəni görən polislər onu xəstəxanaya götürüblər, bir müddət yanıq xəsarətlərindən müalicə olunub. Xəstəxanadan çıxdıqdan sonra icra məmurunun hərəkətlərindən rayon prokurorluğuna şikayət edib.

Ağdaş Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Azad Abdurrahmanovun icra məmuru Sahib Hümmətov tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi və özünü yandırmasıyla bağlı fakt araşdırılıb. Sahib Hümmətovun hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilib.



İcra məmuru: “Üstümə hücum çəkib, məni vurmaq istəyib”

İcra məmuru Sahib Hümmətov izahatında bildirib ki, onun icraatına verilmiş icra qərarıyla qeyd olunan ünvana yollanıb. Onunla bərabər asayişi qorumaq üçün yerli polis şöbəsinin əməkdaşı da gəlib. Azad Abdurrahmanov və anası qərarın icrasına mane olanda onlara hüquqları izah olunub. Ancaq Azad Abdurrahmanov onların ünvanına söyüş yağdırıb, hətta icra məmurunu vurmaq da istəyib. Digər vətəndaşlar araya girərək Azad Abdurrahmanovu ərazidən uzaqlaşdırıblar.

Bu dəfə özümü Bakıda yandıracam

Prokurorluq hadisə yerində olan polis əməkdaşı Rahib Abdullayev və bir neçə icra məmuru da eyni məzmunlu izahatlar yazıblar. Azad Abdurrahmanovsa rayon prokurorluğunun icra məmurunu müdafiə etdiyini idda edir:

“Biri döyür, o biri ört-basdır eləyir. Təbii ki, icra məmuruyla gələn polis işçisi də, iş yoldaşları olan icra məmurları da mənə tərəf danışası deyildilər. Mən bu işin rayon prokurorluğundan alınıb Baş Prokurorluğa verilməsi üçün dəfələrlə Baş Prokurorluğa da yazmışam. Hər dəfə də cavab veriblər ki, məktubun araşdırılması üçün rayon prokurorluğuna göndərildi. Halbuki, şikayətim elə həmin prokurorluğun yarıtmaz işindəndir, yazıram ki, tədbir görün, götürüb yazdığımı həmin prokurorluğa göndərirlər”.

Azad Abdurrahmanov deyir, şikayətlərinə düzgün baxılmasa, yenə özünəqəsdə əl atacaq:

“İndiyə kimi də şikayətlərimə baxılmır. Hər şey qarşı tərəfin bir zəngiylə həll olunur, şikayət ərizəmi cırıb zibil qutusuna atırlar. Bir dəfə özümü yandırmışam, ancaq bunlara o da kar eləmədi. Biri çağırıb soruşmadı ki, dərdin nədi… Məni özümü yandırmaq həddinə çatdıran adamlar gözümün qarşısında yüz min manatlıq maşınlarda o tərəf, bu tərəfə şütüyürlər, mənə, başqa vətəndaşlara sanki acıq verirlər. Çağırıb soruşan yoxdur ki, sən dövlət qulluğunda çalışırsan, quru maaşa baxan adamsan, qiyməti yüz min manatı keçən bu maşınları hansı pulla alırsan… Məni özümü yandırmaq həddinə çatdıranlar cəzalandırılmasa, bu dəfə özümü Bakıda, Prezident Administrasiyasının qarşısında yandıracam, bəlkə o zaman diqqətlərini dərdimin üzərinə çəkə bilərəm. Hər dəfə Mehriban Əliyevaya, İlham Əliyevə məktub göndərəndə icra hakimiyyətindən qapıya gəlirlər, üstümə qışqırırlar ki, nə var dəqiqədə məktubu qapıb poçta qaçırsan, başımızı zibilə soxursan… Deyirəm, bəs onda dinləyin də məni, dərdim var axı”.

Ana səhifəBölgə”İcra məmuru döydü, özümü yandırdım, hələ də tədbir görülmür”