Məhbus qadın Mehriban Əliyevaya müraciət etdi

Qadın məhbus – İllüstrasiya: Chatgpt

“Saxlanıldığım Bakı İstintaq Təcridxanasında dəfələrlə özümə xəsarət yetirmişəm. Ancaq cəmi bir dəfə xəsarəti qeydiyyata alıblar. Həkim mənə davamlı “şəxsiyyət pozuntusu diaqnozu” qoyub, məhkəmə isə vəkilin vəsatətini təmin etmir, məni tibbi ekspertizaya göndərmir”.

Bir ildən artıqdır həbsdə saxlanılan Məsmə Həmdulla qızı Zeynalova mətbuat vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətində belə deyir.

Onun sözlərinə görə, edilən hədə-qorxulara boyun əymədiyi üçün birgə iş qurduğu şəxslərin əli ilə şərlənib:

“Məndən şikayət edənlərdən biri rəhmətlik qardaşımla illərlə şərik iş görən tanınmış müxalifətçi Zahir Feyzullayevdir. Digəri də onu döydüyümü deyirdi, şahid gəlib məhkəmədə yalanladı. Boş yerə mənə xuliqanlıq maddəsi də verilib”.

M. Zeynalova ona qarşı irəli sürülən “etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə” və “xuliqanlıq” ittihamlarını qəbul etmir.

Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Eldəniz Əsgərovun idarənin rəisi Musa Musayevə 30 oktyabr 2024-cü ildə yazdığı raportda da M. Zeynalovanın Laləzar Yaqubova adlı şəxsi döydüyü göstərilmir.

Əksinə bildirilir ki, qərəzli şəkildə Məsmə Seynalovanın sələmə pul verdiyini söyləyib və qarğış etdikdən sonra M. Zeynalova onun gödəkçəsindən tutaraq silkələməyə başlayıb.

Bununla belə, M. Zeynalovaya qarşı “xuliqanlıq” maddəsi irəli sürülüb.

M. Seynalova Mehriban Əliyevaya müraciətində deyir ki, hər iki maddəni ona əsassız olaraq müstəntiqlər Rövşən Cavadov və Cəlal Hacıyev verib.

Bu işdə Abşeron rayon prokuroru Şəfahət İmranovu, onun müavini Aslan Surxayevi də günahlandırır.

M. Seynalova indi psixi durumunun yerində olmadığını bildirir. Deyir ki, 5-ci sinifdə oxuyarkən yıxılıb, kəllə-beyin travması alıb. Güclü baş ağrısından əziyyət çəkib, bir müddət yaxınlarını tanımayıb.

12 yaşından etibarən Zakir Əliyev, Ağabəy Sultanov kimi mütəxəssislər tərəfindən müalicə olunub. Ona “şizofreniya” diaqnozu qoyulub. Ancaq qız olduğu üçün ailəsi xəstəliyinin qeydiyyata alınmasını istəməyib, müalicə ilə vəziyyəti stabilləşdirilib.

Onun sözlərinə görə, xəstəliyi səbəbindən ailə qurmayıb, tənha yaşayıb. Sonradan rəhmətə getmiş qardaşının övladlarını himayə edib.

Həbsindən sonra isə xəstəliyi tətiklənib və bu ilin yanvarından etibarən “tutmaları” başlayıb. Özünə xəsarətlər yetirib. Fevraldan bəri 7 psixoterapevtin və 2 psixoloqun müayinəsindən keçib.

Həkimlər ona “davamlı şəxsiyyət pozuntusu” diaqnozunu qoyub və dərmanlar yazıb.

Bununla bağlı martın 11-dən etibarən vəkili vəsatətlə çıxış etsə də, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu tibbi ekspertizaya göndərmək istəmir.

“Nə ev dustaqlığına buraxırlar, nə də tibbi ekspertizaya göndərirlər. İstəmirlər xəstəliyim rəsmiləşsin. Təcridxanada etiraz edib səs-küy salanda da “kars”la (cəza kamerası) hədələyirlər. Hətta bir dəfə 1 saatlıq “kars”a də salınmışam. Burada nə USM, nə də psixiatr var. Ayağım tutulur, gözüm zəifləyib. Heç nəyə baxmırlar”, – M. Zeynalova müraciətində vurğulayıb.

O, Mehriban Əliyevadan xahiş edir ki, tənha qadın olmasını nəzərə alıb ona diqqət yetirsin, işinin düzgün araşdırılması, tibbi ekspertizadan keçirilməsi üçün köməklik göstərsin.

Ana səhifə ▸ Xəbərlər ▸ Məhbus qadın Mehriban Əliyevaya müraciət etdi