Vüqar Bayramov: Dolların alqı-satqısı inzibati yolla məhdudlaşdırılır
Dekabrın 8-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracında 1 dollar 1,7414 manat olub.
AMB bir gün öncə dolların məzənnəsini 1,7369 manat səviyyəsində müəyyən etmişdi.
İqtisadçı Vüqar Bayramov deyir ki, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaradıblar:
““Valyuta artıqlığı” sadəcə termindir. Əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır. Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvenir kimi saxlamırlar. Çünki belə olsaydı, o zaman “qara bazar”da da dollar qıtlığı olardı. Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermirlər. Belə anlaşılmırmı, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir. “Qara bazarımızın” hələlik elə hüququ yoxdur”.
İqtisadçı bildirir ki, onsuz da hərraclar qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır. Maraqlıdır ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur:
“Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmirlər. Nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”.