Əfv sərəncamı siyasi məhbus kimi tanınan 51 şəxsə şamil olundu

Əfv olunanlar arasında adı olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 2016-cı ilin keçən ilin avqustunda həbs olunub

Source: meydan.tv

Prezidentin sərəncamı ilə 399 nəfər əfv edildi

Prezident İlham Əliyev martın 16-da Əfv sərəncamı imzalayıb.

Bu barədə

prezident.az

saytı məlumat yayıb.

Sərəncama əsasən 399 nəfər əfv edilib. Onların arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin də adı var.


Əfv olunan gənc fəallar

Əfv olunanlardan Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı il, mayın 10-da – Heydər Əliyevin büstünə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra saxlanılıblar. İttihama görə, hər iki gəncin üzərindən və evindən külli miqdarda heroin aşkarlanıb.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər, bildiriblər ki, həbslərinə səbəb yazdıqları şüardır. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilmişdi.

Siyahıda adı yer alan NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin 17 mayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb. İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilmişdi. İlkin Rüstəmzadə və daha 7 nəfər “Əsgər ölümlərinə son!” Aksiyasından sonra saxlanmışdılar. Digərləri sonradan müxtəlif vaxtlarda əfv edilsə də, İlkin Rüstəmzadə 6 ildir həbsdə idi.

Əfv olunanlar arasında adı olan NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman 2016-cı ilin keçən ilin avqustunda həbs olunub. Onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. E.Qəhrəman 5, 6 il azadlıqdan məhrum edilmişdi.

“Facebook”dakı tənqidi paylaşımlarından sonra narkotik maddəsilə həbs olunub 9 il cəza alan Rəşad Ramazanov da azadlığa çıxanlar sırasındadır.


AXCP-çilər də azadlığa çıxacaq

Əfv sərəncamı AXCP sədrinin mavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və sıravi üzv Murad Adilova da şamil edilib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

AXCP sədrinin müavini F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunurdu. O, 10 il azadlıqdan məhrum edilmişdi.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun qardaşı Murad Adilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilirdi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Adilov narkotik ittihamını rədd edir və qardaşı N.Adilovun fəaliyyətinə – hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirirdi.

AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov da əfv edilənlər sırasındadır. Bu şəxslərin hamısı həbslərini özlərinin və yaxınlarının siyasi fəaliyyəti ilə əlaqələndirirdi.


Keçmiş müstəntiqin də adı siyahıda

Siyasi məhbus kimi tanınan, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da əfv olunub. O, 2016-cı il sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb. Mənzildən onun kompüteri, telefonu götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.


Əli İnsanov azad edildi

Sabiq səhiyyə naziri Əli İnsanov da əfv olunanlar arasındadır. O, 2005-ci ilin oktyabr ayında həbs olunub. Sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddətinin başa çatmasına 1 ay qalanda növbəti cinayət işi açılıb və 7 il azadlıqdan məhrum edilib.


İlahiyyatçıların da adı əfv siyahısında

2016-cı ilin noyabrında baş verən Nardaran hadisələri zamanı həbs olunan dindarlardan da azadlığa çıxanlar var:

"Ruzi İsmayılov Ruzi, Elman Ağayev, Əli Hüseynov, Elxan Həsənov və Sahib Həbibov".

15 il azadlıqdan məhrum edilən “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Rasim Cəbrayılov, Zülfüqar Mikayılzadә, Elman Ağayev, Elxan Həsənov əfv olunanlar arasındadır.

Həmçinin “Səid Dadaşbəylinin dəstəsi” kimi tanınan cinayət işinə görə həbs edilmiş Fərid Ağayev, Rəşad Əliyev, Bəybala Quliyev, Samir Qocayev və Rasim Kərimovun da adı yer alıb.

Bundan əlavə Mingəçevir, Siyəzən etirazlarında həbs olunanların da adı siyahı yer alıb:

"İlqar Xəlilov, Dilqəm Mahmudzadə, İlkin Abdullayev (2015-ci il Mingəçevir hadisələri), Talıb Ağamalıyev, Kamran Abdullayev, Nizami Qəniyev, Zaur Şəkərov, Abasət Süleymanov, Müslüm Əzimov, Çoşqun Bəğişov, Fariz Kərimov, Namiq Məstanov, Elçin Əliyev (2016-cı ilin Siyəzən olayları)".


Jurnalistlərdən də əfv olunan var

Bundan əlavə siyahıda müsavatçı Әlikram Xurşudovun, o cümlədən, şair Tofiq Həsənli, jurnalist Fikrət Fərəməzoğlu, “Azad xəbər” saytının baş redaktoru Nicat Əliyev, Şəmsiyyə Bəylərqızı, müdafiə naizrinin sabiq müavini Mehman Səlimov əfv olunanlar arasındadır.


Bəzi şəxslərin cəzası azaldıldı

Siyahıda həbs müddəti azaldılan şəxslərin də adı yer alıb. Onlardan biri – ömürlük azadlıqdan məhrum olunmuş DİN Baş Cinayət Axtarış İdarəsinin şöbə rəsi Kamil Sədrəddinovdır. Prezidentin sərəncamı ilə onun cəzası 20 ilə endirilib. Kamil Sədrəddinov “Qara kəmər” əməliyyatı zamanı həbs olunmuş Hacı Məmmədovun rəisi olub.

Bundan başqa, Ali Məhkəmənin 1995-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmiş və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən, 1966-cı il doğumlu Yadigar Baxşaliyevin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən daha iki nəfərin cəzası 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.


“Siyasi məhbus problemi tam həll olunmayıb”

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə deyib ki, fəaliyyəti dövründə ilk dəfədir ki, siyasi motivlə həbs olunan bu qədər şəxsin azadlığa buraxıldığını görür:

“Siyahıda 399 nəfərin adı qeyd olunub ki, onların 51 nəfəri siyasi motivli həbs edilənlər sayılır. Bu fakta müsbət yanaşıram. Kaş nəinki 51 nəfər, bütün siyasi məhbusları azadlığa buraxılaydı. Ancaq hazırkı sərəncam digər siyasi məhbusların da yaxın vaxtlarda azadlığa buraxılacağını deməyə imkan verir”.

R.Cəfərovun sözlərinə görə, siyasi məhbus siyahısındakı bütün kateqoriyalar üzrə azadlığa buraxılanlar var:

“O cümlədən, “Nardaran məhbusları”. Bu, onu göstərir ki, həmin hadisələrə görə həbs edilənlər və digərləri də çox rahatlıqla azadlığa buraxıla bilər. Biz ölkə rəhbərini bu addımı davam etdirməyə çağırırıq”.

Siyasi məhbuslar üzrə İşçi Qrupun üzvü, jurnalist Xədicə İsmayılova deyib ki, onların siyahısından 51 nəfər əfvə düşüb.

Ancaq Xədicə İsmayılova hesab edib ki, 16 mart sərəncamı siyasi məhbus problemini tam olaraq həll etməyib:

“Bizim siyahıda 124 nəfər var idi, hələ 5 jurnalist olmaqla 73 nəfər həbsdədir”.

Vəkil Elçin Sadıqov müdafiə etdiyi şəxslərdən Qiyas İbrahimin, Bayram Məmmədovun, Gözəl Bayralının, Tofiq Həsənlinin və Fikrət Fərəməzoğlunun azadlığa buraxıldığını bildirib.

E.Sadıqovun sözlərinə görə, müdafiə etdiyi şəxslər haqsız həbs olunduqları üçün azadlıq onların haqqı idi.

Ana səhifəXəbərlərƏfv sərəncamı siyasi məhbus kimi tanınan 51 şəxsə şamil olundu