Siz və ya mənbələriniz izlənərkən nəyi və nə vaxt etməli

Harvey Weinstein, foto: Shutterstock

İzləmə

Jurnalistlərin rəqəmsal izlənməsi daha geniş yayılsa da, fiziki olaraq izlənmə və ya hər iki metodun birgə tətbiqi jurnalistlər və onların mənbələri üçün bundan da ciddi təhlükə sayıla bilər. 

Ekspertlərə əsasən, jurnalistlərin nadir hallarda baş verən izlənilməsinin məqsədi mənbələri aşkar etmək,  mətbuatı gözdən salmaq üçün informasiya toplamaq, narahat etmək və ya hədə-qorxu gəlmək, araşdırmanı dayandırmaq və ən pis halda qətl planlaşdırmaqdır. İzləməni özəl xəfiyyələr,  ideoloji baxımdan motivi olanlar, mütəşəkkil cinayətkar qrupun killerləri, hazırkı və ya keçmiş hökumətin agentləri və hətta özəl kəşfiyyat xidmətləri tərəfindən işə cəlb edilmiş sabiq jurnalistlər apara bilər. 

2021-ci ilin noyabrında virtual formatda keçirilmiş son Qlobal Araşdrımaçı Jurnalizm Konfransında (GIJC21),  Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsinin (OCCRP) həmtəsisçisi Dryu Sallivan (Drew Sullivan) qeyd etdi ki, Slovakiyada öldürülmüş Yan Kuçiak və Rusiyada qətlə yetirilimiş Anna Politkovskaya daxil olmaqla bir neçə qətlə yetirilmiş araşdırmaçı jurnalist hücuma məruz qalmaqdan öncə izlənildiklərindən şübhəli olduqlarını xəbər vermişdilər. 

2022-ci ildə Yunanıstandan tutmuş Nigeriyaya kimi bir neçə, xüsusilə də hökumətlərinin rəqəmsal casus proqramları barədə araşdırma aparan jurnalist güdüldüklərini və ya fiziki olaraq olduqları yerlərin izlənildiyini söyləmişdi. 

Ümumilikdə ekspertlər razılığa gəlirlər ki, əgər jurnalist, xüsusulə də dövlət casusları tərəfindən izlənildiyini biləndə, ən təhlükəsiz çıxış yolu ölkəni tərk etməkdir.  Casusluqdan yaxa qurtarmaq və ya güdənləri çaşdırmağın başqa metodları haqda az sonra danışacağıq.  Məsələn, siz belə izləmənin büdcəsini arada dostlarınızın evində gecələməklə daha baha edə bilərsiniz.

Lakin Sallivan hətta dövlətin iştirak etmədiyi hallarda xüsusi təlim keçməmiş jurnalistlərə “siçan-pişik” oynamamağı məsləhət görür. “Qaçıb canınızı qurtarın. Vəziyyət yaxşılaşmayacaq. Şəhərinizi dəyişin. Hər şeyi dəyişin”.

Ekspertlərə görə, ən mühüm qayda araşdırmadan öncə təhlükəsizlik planı hazırlamaq və riskləri təhlil etməkdir. Fiziki izlənilməni ən yaxşı halda sizi güdən adamın xəbəri olmadan aşkar etmək də vacib bir bacarıqdır. Mütəxəssislər deyirlər ki, həssas araşdırmalar aparan jurnalistlər üçün belə hallara ən yaxşı yanaşma iş zamanı istifadə etdikləri vərdişlərdən iş saatlarından kənarda da istifadə etməkdir, yəni,  ayıq-sayıq və ehtiyatlı olmaq lazımdır. 

Jurnalistlərin güdülməsinin ən məşhur hallarından biri “New Yorker” jurnalının müxbiri Ronan Farrou tərəfindən özünün “Catch and Kill,” (Tut və Öldür) podkastında təsvir edilib. Ronan tanınmış Hollivud prodüserinə qarşı irəli sürülmüş seksual təcavüz iddialarına dair araşdırma apararkən məruz qaldığı izlənmə tədbirlərinin təfərrüatlarından danışmışdı. 

2021-ci ildə NICAR məlumat jurnalistikası konfransında   ukraynalı özəl xəfiyyə  İqor Ostrovskiy Farrouya həmin iddiaları araşdıran jurnalistləri izləyən komandanın üzvü olduğunu etiraf etməsini təsvir etdi. O, belə təhlükənin öhdəsindən gəlməkdə jurnalistlərə kömək edə biləcək taktikaların üzərinə işıq saldı. 

Ostrovskiy konfransda bu məsləhətləri verdi:

Casusun işini çətinləşdirmək

  • Rəqəmsal səliqənizi gücləndirməklə casusun planlarını pozun. Əməliyyatçılara izləmə yerlərini əvvəlcədən planlaşdırmağa imkan verməmək üçün öz iş proqramınızı gizli saxlayın. Bunun üçün  Signal və ProtonMail kimi şifrəli əlaqə platformalarından və  rəqəmsal parollarda iki-faktorlu müəyyənləşdirmədən istifadə edin. “Rəqəmsal təhlükəsizliyinizə tam nəzarət etsəniz, biz sizin yazışmanız və ya iş planınız barədə informasiya əldə edə bilməyəcəyik və sizi fiziki olaraq izləməyə məcbur olacağıq”,- deyir Ostrovskiy.
  • Müxtəlif nəqliyyat vasitələrindən istifadə edin. Bir tərəfli nəqliyyat istiqaməti olan küçələrdə nəqliyyata əks istiqamətdə addımlayın. “Məni nəqliyyat vasitələrini dəyişməyə məcbur edin. Velosiped sürün, avtobusa minin, qatara minin, bir dəfə də avtobus, ya metro stansiyasını dəyişin”, – deyə o məsləhət görür. “Biz plan qurmuşduq ki, əgər Ronan nəqliyyata əks səmtdə gedib taksiyə minərsə, o zaman piyada əməliyyatçılardan biri hərəkəti gecikdirmək üçün özünü hansısa bir maşının altına ataraq, yalandan qəza törədəcək. Bu, izləməni maşınla aparan sürücüyə binanı flrlanmağa vaxt verəcək. Mən doğrudan da maşının kapotu üzərinə atılmağa hazır idim”.
  • Onların izləmə büdcəsini kasadlaşdırın. “Başqa yerdə qalmaq, məsələn, dostunuzun evində gecələməklə güdənləri bütün gecə maşında qalmağa məcbur edin. İzlənmənizi bahalı edin, qoy onların izləmə budcəsi azalsın”.
  • Müxtəlif çıxışlardan istifadə edin, xüsusilə ticarət mərkəzlərində. “Mühüm bir görüşə gedəndə izlənmədən elə bir yolla yayının ki, onlar bunun bilərəkdən edildiyini anlamasınlar”, – Ostrovskiy deyir. “Çoxlu çıxışları olan iri binalar bu mənada ideal yerlərdir. Mollarda fərqli çıxışlardan istifadə edin və şərikli taksilərə minin.  Nə olsun ki, günün sonunda sizi evdə tapacaqlar? Siz bir neçə saat olsa da, onların nəzərindən yayınmış olacaqsınız”.
  • İstehlak siyahılarından və internet məlumat bazalarından şəxsi məlumatlarınızı silin. “Mən belə araşdırmalar aparan jurnalist olsaydım, özümü internetdə tam detoks edərdim”, – o deyir. “Buna görə Google və Yandex platformalarında özünüz haqqında internetdə olan bütün məlumatları tapın və sizin mənim kimilər tərəfindən tapılmağınızı asanlaşdıran bütün məlumatları pozun. Sizin haqqınızda məlumatları sərgiləyən bütün saytlardan çıxın.  FamilyTreeNow bunun üçün çox yaxşı vebsaytdır. Başqa buna bənzər pullu saytlardan fərqli olaraq, o eyni işi pulsuz görür və sizin adınısı bütün bu siyahılardan çıxarır”.
  • Gözlənilməz hərəkətlər edin. “Gündəlik fəaliyyətinizi dəyişkən edin. Təkcə məndən yayınmaq üçün yox, bizə sizi izləməyi daha bahalı etmək, bizi daha çox resurs sərf etməyə məcbur etmək üçün”.
  • Sosial mediada öz planlarınızdan danışmayın. “Ronan çətin hədəf idi. Mən onun sosial media səhifələrinə və “İnstagram”ına baxardım və ancaq keçmişdə baş verənləri görürdüm. Planları və harada olduğu barədə bir kəlmə belə yox idi”.
  • Əgər izlənmə davamlıdırsa, sosial media səhifələrində və kredit kart tətbiqlərində “saxta izlər” qoyun. “Məzuniyyətdə çəkilmiş fotolarınızı saxlayın və qayıtdıqdan bir neçə həftə sonra sosial media səhifənizdə dərc edin. Qoy adamlar elə bilsinlər ki, hələ də Parisdəsiniz”, – Ostrovskiy məsləhət görür. “Onları çaşdırın. Abunə yazılanda müxtəlif ünvanlar göstərin. Yelp biznes siyahısında mövcud olmayan biznesin ünvanını öz adınıza yazın. Növbəti dəfə təzə yerə köçəndə ünvan əvəzinə poçt qutusuna abunə olun”. 

“Quyruğunun” olduğunu necə bilməli

  • Kimin sizinlə eyni ictimai nəqliyyat marşrutlarından istifadə etdiyinə fikir verin. “Amma bunu gözə çarpmadan edin”,- deyə Ostrovskiy əlavə edir. 
  • Təhlükəsizliyi yoxlama növbələrinə düzüləndə, kimin növbəni tərk etdiyinə fikir verin.  Bura məhkəmə binaları və hava limanlarında metal detektorlarına düzülən növbələr daxildir. 
  • Guya restoran pəncərələrinə vurulmuş menyulara baxarkən, gizlincə ətrafdakılara göz gəzdirin, məsələn, sizin kimi menyu oxuyanlara.  “Yolla gedərkən tez-tez tinləri dönün. Bina ətrafında fırlanmayın, sağa-sola dönün və arxadan kimin gəldiyinə fikir verin”. 
  • Adamların ayaqqabılarına diqqət yetirin. “Kimisə güdərkən ayaqqabıları dəyişmək çətindir. Ayaqqabılar adamın həmin günə olan planlarını müəyyən etmək üçün yaxşı vasitədir.  Şəraitə uyğun olmayan ayaqqabılara fikir verin”,- o deyir. “İşləyərkən mən yayda qara krossovkalara, qışda isə qara, uzunboğaz çəkmələrə üstünlük verirəm”.
  • Dostunuzdan arxadakı maşınlara göz qoymağı xahiş edin. Xüsusilə yolayrıclarında. “Bəzən xərcimizi azaltmaq üçün biz bir neçə avtomobil yerinə bir maşından istifadə edirik. Bu da sizə bizi görmək imkanı verir” , – o deyir. “Siz, ya dostunuz arxada olan avtomobilin hərəkətlərinə fikir verə bilərsiniz. Əgər o, siz dönəndə düz gedib, sonradan yenidən arxanızda peyda olursa, bu, artıq siqnaldır. Əgər bu iki dəfə təkrar olunursa, deməli, sizi izləyirlər”.
  • Pik saatlarında izləmə qrupunu sizə yaxın durmağa məcbur edin. “Adamla dolu metro vaqonunda sizin növbəti addımlarınızı həmkarlarımıza ötürmək üçün sizə çox yaxın durmalıyıq”,- Ostrovskiy deyir. “Bu zaman siz bizi görə bilərsiniz, çünki biz də sizi görməliyik və kütlənin içindən bunu edə bilmirik”.
  • İzləmə və rəqəmsal izləri itirmək haqqında kitablar oxuyun.  Bunlardan Maykl Bazzellin “Open Source Intelligence Techniques” (Açıq Mənbə Kəşfiyyat Texnikaları) və eyni müəllifin  “Extreme Privacy: What it Takes to Disappear in America” (Ekstremal Konfidensiallıq: Amerikada İtmək Üçün Nə Tələb Olunur”) kitablarının adlarını çəkmək olar. “Bu kitablarda əla məsləhətlər var”, – Ostrovskiy qeyd edir.

İzləndiyinizi aşkar edəndən sonra nə etməli

  • Fiziki təhlükənin olduğunu düşünürsüzsə, polisə zəng edin. “Əgər təhlükənin olduğunu hiss edirsinizsə, mənbələrinizə və redaktorlarınıza xəbər verməlisiniz”,- o deyir. “Əgər artıq bilavasitə təhlükə ilə üzləşmisinizsə, polisə müraciət edin. Amma bu zaman təhlükə yaradanları təsvir etməli olacaqsınız. Sizdən maşının rəngi, markası, modeli və ya nömrəsini soruşacaqlar. Əməliyyatçıların xarici görünüşünü, onları harada və nə vaxt gördüyünüzü xəbər alacaqlar”.
  • Sizi izləyən adamlara yaxınlaşmayın və onları gördüyünüzü onların özünə bildirməyin.   “Mənim kimi adamları cin atına mindirməyin!” – Ostrovskiy deyir. “İzləyən komandaya onlardan xəbərdar olduğunuzu bildirməmək çox vacibdir, çünki bu hədələrə və zorakılığa yol aça bilər. Mənə əlinizi yellətməyin və orta barmağınızı göstərməyin”.
  • Ən mühüm görüşlərinizi federal məhkəmə binalarında və ya aeroportlarda, təhlükəsizlik yoxlama məntəqəsini keçəndən sonra təşkil edin.  “İzləyənlər elektron cihazları təhlükəsizlik yoxlamasından keçirə bilmədiklərindən, görüşlərinizi federal məhkəmə binalarında təşkil edin”, – o deyir. 
  • Əgər sizi dövlət casusları izləyirsə, vəkillər və qeyri-kommersiya insan hüquqlarının təhlükəsizliyi təşkilatlarından məsləhət istəyin. Citizen LabElectronic Frontier Foundation dövlət tərəfindən hədəfə alındıqda kömək edə biləcək təşkilatlardır”,- o deyir. “Əgər xarici ölkədə polis sizin izinizə düşübsə, ən yaxşısı ölkəni tərk edin və ya səfirliyinizə gedin, çünki həyatınıza cidd təhlükə yarana bilər”.
  • Mənbələrinizlə şifrələnmiş rabitə vasitələri ilə əlaqə qurun və görüşmək lazımdırsa, cəmi bir dəfə görüşün.  “Əgər mənbənizlə şəxsən görüşməli olsaz, çalışın ki, əvvəlcə yalnız bir dəfə görüşəsiniz. Bu görüşdə izlənmədən yayınmaq planını qurun”,- o deyir. “Siz həm də mənbəni hürkütməmək haqqında da düşünməlisiniz. Özgələrinin daxil ola bilmədiyi yerlərdə görüşməyə çalışın”.
  • Mənbələrinizə izlənmə təhlükəsi barədə xəbər vermək üçün sadə kodlar yaradın. “Ən çox yayılmış texnikalardan biri real ada oxşar adla müraciət etməkdir. Məsələn, mən sizə zəng edirəm və adınız əvəzinə soyadınızla müraciət edirəm. Mənbə dərhal təhlükə olduğunu anlayacaq”, – Ostrovskiy deyir. “Mənbə biləcək ki, danışmağı planlaşdırdığınız mövzu haqqında danışmaq olmaz”.  
  • Əməliyyatçıların özlərini jurnalist kimi təqdim edərək, sizin mənbələrdən müsahibə almaq ehtimalını nəzərə alın. “Agentliklər sabiq jurnalistlərdən istifadə edərək mənbələrin başqa jurnalistlərə hansı informasiyanı ötürdüklərini öyrənməyə çalışırlar. Hətta bəzən agentliyə işləyən jurnalistlər guya müxbirə iş təklif etmək üçün görüşə dəvət edə bilərlər”,- o deyir. “Mənə bir dəfə jurnalistə yalandan iş təklifi etmək üçün işədüzəltmə mütəxəssisi tapmağı tapşırmışdılar”.

Müəllif: Rouan Filp GIJN müxbiridir. O, əvvəllər Cənubi Afrikanın Sunday Times” qəzetində baş müxbir vəzifəsində çalışıb.  Xarici müxbir kimi, o, iyirmidən çox ölkədə siyasət, korrupsiya və münaqişələr barədə reportajların müəllifidir.