Jurnalistin Mütəşəkkil Cinayətkarlığın Araşdırılmasına Dair Bələdçisi
Bu fəsil qanunsuz silah alveri haqqındadır və Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırlıması Layihəsinin (OCCRP) Afrika üzrə baş redaktoru Xədicə Şərife tərəfindən yazılıb.
Kinorejissor Endrü Nikkol 2005-ci ildə çəkdiyi “Müharibə Tanrısı” filmi üçün inventar axtaranda, ona çox baha başa gələn bir dərs aldı. Sən demə, əsl silah almaq replika silah almaqdan daha ucuz və asan başa gəlir. Filmi mətbuata təqdim etmək üçün təşkil edilmiş turne zamanı o, 3 min əsl Kalaşnikov avtomatı aldığından və bir neçə döyüşə yararlı tankı icarəyə götürməsindən danışdı. Lakin sonradan bu, ona baha başa gəldi. Bəzi silahların sonradan işlədilməsinin qarşısını almaq üçün onları Cənubi Afrikada yararsız hala gətirsə də, büdcə tələbləri üzündən yerdə qalan silahları mayasından ucuz satmağa məcbur oldu. Bu silahlar yarı qiymətə satıldılar, çünki silah bazarı silah-sursatla dolu idi.
“Müharibə Tanrısı” rusiyalı Viktor Bout kimi silah dilerlərinin həyatı əsasında çəkilib. Onun ilk kadrlarında güllənin təhlükəli cazibədarlığı onun hazırlanması prosesi vasitəsilə göstərilir – barıt metal gilizə qoyulur, konveyerlə daşınaraq yeşiklərə tökülür. Güllələr yeşiklərdən müxtəlif silahlı qruplara, terrorçulara və dünyanın müxtəlif yerlərində döyüşən hərbi rəhbərlərə çatdırılaraq, insanların ölümünə səbəb olur. Filmdə liberiyalı diktator Çarlz Teylor silah alıcısı, Bout isə satıcısıdır. Bədii film hökumətlər, lobbilər, silah dilerləri, bankirlər, kəşfiyyat agentləri, daşıyıcılar və kuryerlər arasındakı mürəkkəb və qeyri-şəffaf münasibətlərin üzərinə işıq salmağa çalışır.
Bout tələ əməliyyatı nəticəsində ələ keçirilərək, ABŞ-da 25 illik həbs cəzası aldı. Teylor Haaqa tribunalı tərəfindən hərbi cinayətlərdə təqsirli bilinərək, 50 illik həbs cəzasına məhkum edildi. Lakin həmin vaxtdan bəri dünya üzrə hərbi məsrəflər artaraq, 2020-ci ildə az qala 2 trilyon dollara çatıb. Silaha ən çox pul xərcləyən dörd ölkə – ABŞ, Çin, Rusiya və Birləşmiş Krallıq – həmçinin qlobal miqyasda ən iri silah satıcılarıdır. Qlobal silah bazarı transmilli mütəşəkkil cinayətkarlığı, müharibədən qazanc əldə edən və avtoritar və ya münaqişəyə əsaslanan iqtisadiyyatları gücləndirən, ticarət və maliyyə mübadilələri əsasında fəaliyyət göstərən eyni biznes modelindən istifadə edir.
Buna səbəb silah ticarətini tənzimləməli milli qanunların fərqli, təzadlı olmaları, korrupsiyalı rəhbərlərin təsiri altına düşmələri və bu qanunların daxilindəki boşluqlardır. Silah alveri üzərinə işıq salınması işində başqa sədlərə dəniz və hava nəqliyyatında silah daşınmalarının məxfiliyidir; korporativ qurumlar diler və əməliyyatçıların işini gizli saxlayırlar; qonşu ölkələrdən vasitə tranzit ərazi kimi istifadə olunur; barter əsasında bir əmtəə, məsələn, fil dişi, başqası ilə dəyişdirilir.
Araşdırmaçı jurnalistlər silahlarla bağlı qeyri-leqal, qanunazidd, korrupsiya hallarının aşkar edilməsi işində çox zaman birinci olurlar.
Sənədlər qaydasındadırsa, gömrük və başqa rəsmi qurumların müsadirə etmək və ya axtarış aparmaq üçün əsaslı dəlilləri yoxdursa, qanunsuz silahlar açıq surətdə daşınıla bilir. Cənubi Afrikada özəl bir hava limanının rəsmisi bir dəfə mənə belə dedi:
“Biz pul qazanmırıq, bizim heç nəyimiz yoxdur. Qüdrətli düşmənlərə qarşı çıxıb, həyatımızı təhlükə altına qoya bilmərik”.
Narkotik alveri və insan qaçaqmalçılığı dünyanın hər yerində yasaqdır, lakin maliyyə məxfiliyi, silah və bir çox hallarda ətraf mühitlə bağlı cinayətlər, məsələn, qanunsuz ağac alveri və ya brakonyerlik, bəzən qanundakı boşluqlar vasitəsilə törədilir. Bunlar üçün imkanı müxtəlif yurisdiksiyalar arasında olan fərqlər, müvafiq hüquqi, maliyyə və nəqliyyat sistemləri yaradırlar.
Məsələn, Boutun həbsindən sonra da onun şəbəkəsi, cənubi afrikalı və rusiyalı menecerlər, Mavrikiyadakı saxta şirkətlər və saxta pilot lisenziyalarından istifadə edən təyyarələr vasitəsilə Sudandan Suriyaya silah satmağına davam edə bildi. Bu təyyarə şirkətlərindən bəziləri hələ də Mavrikiyada “özəl” uçuşlar adı altında xidmətlər təklif edirlər.
Kommersiya təyyarələri beynəlxalq hava məkanına daxil olanda transponderlərini söndürməklə, hava nəqliyyatı nəzarətçilərindən yayına bilərlər. Lakin Bout kiçik təyyarələrdən istifadə edirdi. Xüsusilə köhnə modellərdə GPS sistemi ümumiyyətlə yox idi. Bu, onları radarlarda görünməz edərək, ölkə daxilində və ölkələr arasında maneəsiz uçmaq imkanı verirdi. Mavrikiya rəhbərliyi isə mətbuata hər şeyi inkar etməklə kifayətlənirdi.
Silahları birbaşa və ya subsidiyalar vasitəsilə özəl sektora satan və ya öz ipuclarını suda gizlətmək üçün vergi sığınacaqları təmin edən dövlətlərdə elə bir məlumat mühafizəsi sistemi var ki, praktikada ictimaiyyətin bu fəaliyyət barədə informasiya əldə etmək imkanı sıfıra bərabərdir.
Araşdırmaçı jurnalistlər silahlarla bağlı qeyri-leqal, qanunazidd, korrupsiya hallarının aşkar edilməsi işində çox zaman birinci olurlar. Belə hallar çox vaxt davam edən və ya başlamaq üzrə olan münaqişələr, mütəşəkkil cinayət, korrupsiya və təbii sərvətlərin istismarı halları ilə bağlı olur.
Qlobal miqyas
Silah sənayesinə dair icbari və nəzarət edilə bilinən beynəlxalq qanunların sayı banan və soya istehsalına dair qanunlarla müqayisədə azdır. Bir çox ekspert silah sektorunun qlobal miqyasda məlum korrupsiya hallarının ən azı 40 faizinə görə məsuliyyət daşıdığını hesab edir.
Şəkil 2. İri silah ixraclarının 10 ən iri ixracatçı ölkə arasında payı, 2016-2020
Mənbə: SIRRI Silah Transferləri Məlumat Bazası, mart, 2021.
Təkcə 10 ölkə qlobal silah təchizatının 90 faizini təmin edir. Yaxın keçmişdə ABŞ sənədləşdirilmiş qlobal silah təchizatının 40 faizini təmin edirdi. ABŞ-ın silah ixracının təxminən yarısı Yaxın Şərq ölkələrinə ünvanlanıb. Silahın çox hissəsi dünyanın ən iri silah idxalçısı Səudiyyə Ərəbistanına satılıb.
Diplomatik münasibətlər və başqa ölkələrin təzyiqi dövlətləri silah idxalı və ixracına dair hesabatlar verməyə sövq edir. Məsələn, BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Silah Ticarəti Sazişi (STS) münaqişələrdə, insan hüquqlarının pozulmasında və terrorizmdə silahların istifadəsi və ticarətinə məhdudiyyətlər qoyan çoxtərəfli qanun çərçivəsi tərtib edib. Lakin 100-dən çox dövlət tərəfindən ratifikasiya olunmasına baxmayaraq, ən böyük silah ixrac edən dövlətlər olan ABŞ və Rusiya kimi ölkələr bu sazişi imzalamayıb. Sazişi ratifikasiya etmiş bir sıra dövlət, məsələn, Çin, illik hesabatlar təqdim etməyib.
Praktika göstərir ki, belə hesabatlarda bir çox halda onlarda yazılanları təsdiq edən məlumatlar dərc olunmur. Əvəzində hesabatlar ictimaiyyət və ya xarici dövlətlər tərəfindən yoxlanması qeyri-mümkün olan siyahıları təqdim edir. Bundan əlavə, silah alveri barədə hesabat təqdim edən ölkələrin özündə hansısa nüfuzlu bir şəxs və ya siyasətçi hüquqi çərçivənin himayəsi altında qanuna zidd fəaliyyətlə məşğul ola bilər. Silah alverini tənzimləyən elə ölkələr də var ki, orada nəyin qanunsuz fəaliyyət hesab olunduğuna dair hüquqi təriflər dumanlı və ya ziddiyyətlidir.
Ölkənin embarqo və ya sanksiyalar altında olduğu hallar istisna olmaqla, dövlətlər arasında silah alveri çox zaman gizli olaraq aparılır, bu ticarətə dair yoxlama və tarazlaşdırma işləri aparmaq demək olar ki, mümkün olmur.
İlk baxışdan qanuni görünən biznes sövdələşmələrində seziləsi çətin olan səhvlərə bunlar daxildir: siyahıda olduğundan daha böyük sayda malı əks etdirən müqavilələr və ya yüklər, illəri müqayisə edərkən hesabatlarda yaranan uyğunsuzluq, eləcə də ölkələrin silahları fərqli kateqoriyalara daxil etmələri. Bütün bunlar silah istehsalı, yayılması və silah alverinə bəraət qazandırlmasını, habelə bununla bağlı yaranan borc, barter ticarəti və güzəştləri anlamağı çətinləşdirir.
Belədirsə, siz ictimaiyyətə açıq olan informasiyadan istifadə etməklə məsələni dərindən araşdırıb, təhqiqatınızın dürüstlüyünü necə təmin edə bilərsiniz?
Şəkil: Ənn Kiernan tərəfindən GİJN üçün hazırlanıb
Özəl Biznes
Ölkənin embarqo və ya sanksiyalar altında olduğu hallar istisna olmaqla, dövlətlər arasında silah alveri çox zaman gizli olaraq aparılır, bu ticarətə dair yoxlama və tarazlaşdırma işləri aparmaq demək olar ki, mümkün olmur. Lakin işə başlamazdan əvvəl silah müqaviləsi bağlanmasının əsas prosesini başa düşmək faydalıdır:
- İdxalçı dövlət adətən tender elan edir, ya da özəl surətdə təchizatçılara yanaşır. Elə də olur ki, silah satmaq istəyən xarici şirkətlər və ya dövlətlər özləri alıcılara təkliflər edirlər.
- İxracatçı dövlət silahların, xidmət və texnologiya sistemlərinin alıcı dövlətə satılmasına icazə verir. (Hər bir ölkənin bu sövdələşmənin təsdiqinə dair öz daxili proseduru mövcuddur.)
- Silahlar özəl şirkətlər və ya dövlətin sahibi olduğu və ya nəzarət etdiyi qurumlar tərəfindən istehsal oluna və satıla bilər.
- Qeyd: Silahlar ixrac edən dövlətin özü tərəfindən (“xaricə hərbi satış” kimi) və ya ixrac edən ölkənin özəl hərbi sektoru tərəfindən (“kommersiya” sazişi) istehsal edilə və satıla bilər.
İxrac edən ölkələrin əksər hissəsi milli təhlükəsizliyin kritik hissəsi və ya geo-siyasi ittifaq qurmağın aləti kimi öz özəl hərbi sektorlarını subsidiyalaşdırır və qoruyur. İdxal edən tərəfdən imzalanan əsas sənəd sayılan son istifadəçi sertifikatları alınan malların siyahısını göstərir və onlardan yalnız adı çəkilən məqsədlər, məsələn, məşqlər, anti-terror əməliyyatları, təhlükəsizlik, sabitliyin qorunması əməliyyatları üçün istifadə olunacaqlarını elan edir. Son istifadəçi sertifikatlarının məqsədlərindən biri silahların ağır cinayətlər, insan hüquqlarının pozulması üçün işlədilməsinin qarşısını almaq, habelə onların təkrar satılması və ya “xətakar” dövlətlər, ya da qanunsuz təşkilatlara “hədiyyə” edilməsinə yol verməməkdir.
Lakin reallıq belədir ki, bir alıcıya satılmış silahların, xüsusilə kiçik silahların bir çoxu başqa alıcının əlinə düşür. Misal üçün, BMT tərəfindən Liviyaya qarşı yeridilmiş silah embarqosu bu ölkəyə silah axınına ciddi təsir etmədi. Başqasının bayrağı altında aparılan əməliyyatlar, korporativ məxfilik və Baham adaları, Liberiya və Marşal adaları kimi dəniz nəqliyyatı vergilərindən azad zonalardan istifadə Liviyaya embarqonu pozmaqla qanunsuz və qadağan olunmuş silahları idxal etmək imkanı verdi. Saxta şirkətlər Liviyaya Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) satıcılar və Rusiyanın özəl təhlükəsizlik şirkətlərindən zirehli maşınlar, silahlar və bombalar almağı mümkün etdi.
Ölkələr heç də həmişə silahları nəğd pulla almırlar. Bəzən bunun üçün digər maliyyə alətlərindən istifadə olunur.
Sudanın münaqişəli Darfur rayonunda yerləşən və Afrikanın ən iri qızıl mədəni olan Cebel Əmirdən qızıl BƏƏ-yə ixrac edilirdi. Bunun əvəzində həmin ərəb ölkəsində qeydiyyatdan keçmiş saxta şirkətlər ödənişi zirehli piyada maşınları və başqa materiallarla edirdilər.
Silah qaçaqmalçılığı araşdırmaları bir daha göstərir ki, silahların asanlıqla əldə edilməsi mütəşəkkil cinayətkarlığı, avtoritarizmi və münaqişələri dəstəkləməklə yanaşı, həm də onları daha da gücləndirir. 2020-ci ildə Covid-19 iqtisadiyyatları çökdürərkən və ölkələrdə maliyyə qıtlığı yaradarkən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təzyiqi altında Cənubi Afrika hökuməti son istifadəçi sertifikatları protokollarını yumşaltdı. Bundan sonra silah satışları müqavilələrinin legitimiliyini silah müfəttişləri deyil, bundan daha zəif “diplomatik proseslər” yoxlayır.
Lakin beynəlxalq sədləri adlaya bilərək işləyən araşdırmaçı jurnalistlərin istifadə edə biləcəyi kifayət qədər məlumat mənbələri var ki, onların köməyi ilə işin son dərəcə vacib tərəflərini müəyyən etmək, yoxlamaq və təsdiqləmək mümkündür. Bunu silah alverçilərinin fəaliyyətini və sövdələşmələr üçün tətbiq etdikləri sistemləri öyrənməklə etmək olar. Silah alverçiləri adi insan olduqlarından, hətta öz davranış modellərini dəyişdirib daha səmərəli və gizli etdikdə belə, labüd surətdə yeni model yaradırlar.
Araşdırma nümunələri
Şəkil: Skrinşot
Ölüm taciri
Rusiyalı biznesmen Viktor Boutu dünyanın ən iri silah qaçaqmalçısı hesab etmək olar. İstənilən yükləri, xüsusilə qanunsuz silahları ünvanına çatdıra bildiyinə görə onu “dünyanın ən bacarıqlı poçtalyonu” adlandırardılar. Boutun geniş müştəri siyahısı var idi. Onun adını və ünvanını tez-tez dəyişdirən şirkəti Əfqanıstanda Şimal Alyansının rəhbəri Əhməd Şah Məsudu və onun düşməni olan Talibanı silahla təchiz edirdi. O, Anqola hökumətinə və onu devirmək istəyən üsyançılara silah satırdı. O, Zairin zülmkar rəhbəri Mobutu Sese Sekonu xilas etmək üçün ona təyyarə göndərər, onunla döyüşən qiyamçılara da silah verərdi. Çoxsaylı müştərilərinin arasında Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) və Liviya diktatoru Müəmmar Qəddafi də vardı.
Bout qanunsuz silah ticarəti ilə məşğul olmaqla yanaşı qanuni yük daşımaları sahəsində də iş qurmuşdu. O, BMT və digər humanitar təşkilatlar üçün yüzlərlə yükdaşımaları həyata keçirmişdi. Bundan başqa, Böyük Britaniya və ABŞ kimi qərb dövlətləri ilə də biznes əlaqələri qurmuşdu. Pentaqon və onun podratçıları Bouta müharibələrdən sonra aparılan yenidənqurma işlərində iştirak üçün milyonlarla dollar ödəyirdilər.
Duqlas Farah və Stiven Braun diplomatik personal, Boutun fəaliyyətini araşdıran adamlar, onun şəxsi tanışları və onun özündən alınmış müsahibələrin köməyi ilə Viktor Bout haqqında kitab yazdılar. Kitabın adı “Ölüm taciri: Pul, silahlar, təyyarələr və müharibəni mümkün edən adam” idi.
Təyyarələrin quyruqlarına yazılmış kodların izlənməsi
Aviasiya məlumatları — quyruğa yazılan kodlar (təyyarənin qeydiyyat nömrələri) daxil olmaqla — bir çox məsələni üzə çıxara bilər. Götürək Konqo Respublikasını (bəzən ona Konqo-Brazzavil deyirlər). Bu ölkə üç onillik ərzində hər hansı bir silah idxal etmədiyini iddia edir. Ölkə üzərinə silah embarqosu yeridilmədiyindən, ondan hər hansı beynəlxalq təşkilata, məsələn BMT-yə, silah sazişləri barədə hesabat vermək tələb olunmur. Lakin dəlillər var ki, bu yaxınlarda Konqoya Azərbaycandan 500 tondan artıq silah gətirilib. Çox zaman silahlar 2016 və 2021-ci il seçkiləri ərəfəsində idxal olunub. Bu silahlardan seçkilərdən sonra etirazları yatırmaq üçün istifadə edildi. Bunu OCCRP-nin araşdırması üzə çıxarıb. Bolqarıstan və Serbiyada istehsal olunmuş mina mərmiləri, raketlər, qumbaralar və iriçaplı pulemyotlar Azərbaycan höküməti tərəfindən alının.
Sənədlərdə Səudiyyə Ərəbistanı hökumətinin adı bəzi müqavilələrdə “sponsor tərəf” kimi çəkilir. Səudiyyə Ərəbistanı neft istehsal edən Konqo Respublikasının, Səudiyyə Ərəbistanının aparıcı rol oynadığı və qlobal neft hasilatının 80 faizinə nəzarət edən OPEK kartelinə daxil olmasına sponsorluq etmişdi. Azərbaycan və Konqo Respublikası ailə diktaturaları tərəfindən idarə olunurlar. Səudiyyə Ərəbistanında da monarxiya sistemi hökm sürür. Təyyarə kodlarının izlənməsi silahların əvvəlcə Azərbaycanın hava qüvvələri tərəfindən daşındığını göstərdi. Lakin 2017-ci ildən başlayaraq, silahlar özəl “Silk Way Airlines” şirkəti tərəfindən nəql edildi. Bu şirkətin Azərbaycanın hakim ailəsinə yaxın olduğu məlumdur və bu səbəbdən onun əməliyyatları lazımi diqqətlə yoxlanılmaya bilərdi.
Nigerli dəllal
Dünyanın ən yoxsul ölkələrindən biri olan Niger 2011-2019-cu illərdə silah idxalına 1 milyard dollar xərcləyib və bunun ən azı 137 milyonu korrupsiyalı rəsmilər tərəfindən dəyəri süni olaraq şişirdilmiş müqavilələr nəticəsində mənimsənilib. 2016-cı ildə Nigerin Müdafiə Nazirliyi Rusiyanın “Rosoboronoeksport” dövlət şirkətindən iki hərbi nəqliyyat və hücum helikopteri almışdı. Bu müqaviləyə lazım olduğundan xeyli artıq sayda texniki xidmət və silah-sursat malları daxil edilmiş, Niger müqavilə üzrə 54 milyon 800 min dollar ödəmişdi. Bu, alınan malların həqiqi dəyərindən təxminən 19 milyon 700 min dollar artıq idi və bu pulun xərcləndiyi malların siyahısı olmadığından, onu əsaslandırmaq qeyri-mümkün idi. Rusiya pulları özünün səhmlərinin əksəriyyətinə sahib olduğu VTB Bankının filialı tərəfindən qəbul etmişdi.
Müdafiə Nazirliyi cəmi bir dəllala, Əbubəkər Himaya dövlət adından çıxış etmək hüququ verərək, ona müqavilələri özünün saxta şirkətlərindən keçirmək və qanunverici orqanlar və nəzarət komitələrinin nəzərindən yayınaraq, manipulyasiya etmək imkanı yaratmışdı. Hima eyni müqavilələr üzrə Rusiya, Ukrayna və hətta Çin şirkətlərinin agenti kimi çıxış edərək, əslində bütün tərəflərin malik olduğu informasiyadan istifadə edə bilmişdi. Hima vətəndaşı olduğu başqa Qərbi Afrika dövləti Nigeriyada axtarışda idi və əvvəllər Amerika məhkəmələrində qanunsuz silah alverinə dair şahid qismində ifadələr vermişdi.
Məhkəmə sənədləri, marketinq prospektləri və şirkətlərin internet saytları kimi mənbələr də müqayisə edilə bilən və kəmiyyətləri məlum olan silah satışları barədə informasiya mənbəyi kimi çıxış edə bilər. Hətta domenlərin İP ünvanları da dəyərli ipucları ola bilər.
Jurnalistin ən yaxşı aləti silahların dünyamızdakı ədalətsizliklərdə niyə mərkəzi rol oynadığını anlamaq istəyidir.
Məsləhət və vasitələr
İstənilən digər alqı-satqı müqavilələrində olduğu kimi, silahlar da sifariş edilməli, istehsal olunmalı, sənədləşdirilməli, alınmalı, satılmalı və ya barter olunmalı, göndərən tərəfdən alan tərəfə nəql edilməlidir. Aşağıdakı məlumatları axtara bilərsiniz:
Silah reyestrləri: BMT-nin Adi Silahlar Reyestri (UNROCA) 1991-ci ildə könüllü açıqlamalar vasitəsilə dövlətlər arasında rəsmi silah ticarətini sənədləşdirmək üçün yaradılıb. Bu siyahı açıqdır və alıcı tərəfindən açıqlanmış satışın satan dövlət tərəfindən hesabata daxil edilmədiyi hallarda məxfiliyin üstünə işıq saçmış ola bilir. Reyestrə ağır pulemyotlar və raketatanlar kimi kiçik silahlar, eləcə də zirehli döyüş maşınları, hücum helikopterləri və uzaqmənzilli mərmilər kimi iri silah sistemləri daxildir. Buna bənzər faydalı resurslar sırasında Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIRPI) adını çəkmək olar. Bu qurum ölkələrin hesabatları, hərbi xərclər barədə məlumatlar, silah transferləri, silah embarqoları haqqında məlumatlara malikdir və hətta ölkələr arasında hərbi əməkdaşlıq fəaliyyətlərini də izləyir.
Nəqliyyat reyestrləri: FlightRadar24 və FlightAware kimi aviasiya məlumat mənbələri quyruq kodları, ölkə, qeydiyyat və keçmiş uçuşlar daxil olmaqla, təyyarələrin fəaliyyəti barədə informasiya təqdim edir. Reddit-dəki r/aviation və ya Airliners.net kimi aviasiya forumlarında pilotlar və texniki heyət tərəfindən açıqlanan dəyərli məlumatlar əldə etmək olar. GIJN tərəfindən tərtib olunmuş təyyarə izləmə bələdçisi və C4ADS-in Ikarus uçuş izləmə platformasından istifadə etməyi unutmayın. Su vasitəsilə edilən daşınmaları izləmək üçün GIJN-in hazırladığı Dənizdə Gəmilərin İzlənməsi bələdçisini oxuyun. Marine Traffic, Import Genius və Panjiva kimi platformalar marşrutlar, məhsullar, göndərən və qəbul edən tərəf, tarixlər və ünvanlar barədə məlumatlar verir. Təyyarələr kimi gəmilər də hər hansısa ölkədə qeydiyyatdan keçməli və dövlət, şirkət və ya şəxsə məxsus olmalıdır. Dəniz və hava ilə yük daşımalarında məxfilik üzərində ixtisaslaşmış vergi yurisdiksiyalarına, məsələn, Marşal adaları, Bermuda və Liberiyaya xüsusi diqqət yetirilməlidir. Bu ərazilər belə reyestrlərin məxfiliyini hüquqi qaydada mühafizə edərək, bunu bir kommersiya sahəsinə çevirmişdirlər.
Korporativ strukturlar: Məlumat bazalarından şirkətlərin sahiblərini və menecmentini müəyyən etməklə yanaşı, oyunda iştirak edənlərin hüquqi və maliyyə üstqurumlarını axtarmağa çalışın. Bura şirkətin məqsədi, əməliyyat apardığı ölkələr, əlaqəli və ya bağlı şirkətlər və aparılan fəaliyyət daxildir. Eləcə də aktivlərin və gəlirlərin mənbəyini, vergiləri, itkiləri, gəlirlərin necə və harada qeyd olunduğunu üzə çıxarmaq, şirkətin maliyyə infrastrukturunu aşkar etmək, məcburi aşkarlanmaya səbəb olacaq hansısa məhkəmə işinin gedib-getmədiyini yoxlamaq çox vacibdir. Bunun üçün məhkəmə və vergi məlumatları kimi ictimaiyyət üçün açıq mənbələr ilə işləmək, hər bir yurisdiksiyanın qanunlarını anlamaq və onların verdiyi spesifik üstünlükləri başa düşmək tələb olunur.
Amma yəqin ki, jurnalistin ən yaxşı aləti silahların dünyamızdakı ədalətsizliklərdə niyə mərkəzi rol oynadığını anlamaq istəyidir. Silah əldə etmək Konqo Respublikası, Qabon və Ekvatorial Qvineya kimi avtoritar rejimləri hakimiyyətdə saxlamaq üçün bir mexanizmdir. Silah əldə etmək cinayətkar kartellərə narkotik ticarəti, vəhşi heyvanların qaçaqmalçılığı və insan alverindən demokratiyanı sarsıtmaq və cəmiyyəti girov saxlamaq üçün istifadə etməyə imkan verir. Bu əlaqə abstrakt kampaniyalar əvəzinə aydın və aqressiv şəkildə, sübutlarla göstərilməyincə, silahlar planetin gələcəyini qumar oyununa çevirənlərin istifadə etdikləri qlobal valyuta kimi deyil, bir növ qeyri-mücərrəd abstraksiya kimi görünməyə davam edəcəkdir.