Pleynspottinq – təyyarə axtarışı: Dünya üzrə təyyarələrin izlənilməsinə dair yenilənmiş bələdçi

Foto: Skrinşot

GIJN dünya üzrə təyyarələrin axtarışı (bundan sonra pleynspottinq) və izlənilməsinə dair ilk bələdçisini 2019-cu ildə dərc etmişdi. 2022-ci ildə Ukraynaya edilən hərbi müdaxilə rusiyalı oliqarxların və onların aktivlərinin genişmiqyaslı miqrasiyasına səbəb oldu. Bundan başqa, Elon Mask (Elon Musk)  botların “Twitter”də onlayn rejimdə təyyarələrin uçuşlarını izləmək imkanının qarşını almağa səylər göstərdi. Bunları nəzərə alaraq biz bələdçimizi təzələdik. GIJN bələdçinin təzələnməsində göstərdiyi ekspert yardımına görə frilans jurnalist və  “Dictator Alert”in müdiri Emmanuel Froydentala öz minnətdarlığını bildirir. 

Təyyarələrin izlənilməsi çox dəyərli araşdırma üsuludur. Araşdırmaçı jurnalistlər təyyarələr haqqında məlumatdan korrupsiya hallarının üstünü açmaq, müharibələri izləmək, hökumət rəsmilərinin izinə düşmək və istixana qazlarının səviyyəsini göstərmək üçün istifadə edirlər. 

Hər bir təyyarənin unikal identifikasiya nömrəsi olur ki, ondan istifadə etməklə təyyarənin uçuş marşrutlarını izləmək və sahibini müəyyən etmək mümkündür. Həmişə yox, amma bəzən. 

Uçuş barədə informasiyanı böyük sayda uçuş məlumatlarını toplayan kommersiya və qeyri-kommersiya təşkilatlarından əldə etmək olar. Bu, ayrı-ayrı təyyarələri izləməyi, spesifik məkanları müşahidə etməyi, təkrarlanan prosesləri və sairəni müəyyən etməyi mümkün edir. 

Təyyarələri izləmək imkanı bir çox həvəskarı valeh edib…Vaxtlarını bu işə həsr etmiş bu qruplar, jurnalistlər üçün potensial mənbə kimi çıxış edirlər. 

Məkan identifikasiyası sistemləri pleynspottinqin aparılmasını mümkün edir. Əsas texnologiyalardan biri ADS-B sayılır – Avtomatik Asılı Müşahidə-Yayım. ADS-B-nin siqnalları məxfi deyil və ucuz (10-200 ABŞ dolları) ADS-B izləmə stansiyaları vasitəsilə həvəskarlar tərəfindən izlənilə bilər. 

Uçuş marşrutlarını bir çox internet saytı dərc edir. Bu, sadə izləməni kifayət qədər asanlaşdırır. Lakin daha mürəkkəb informasiyanı əldə etmək üçün emal olunmamış məlumatları kompüterdə analiz etmək, təkrar olunan prosesləri aşkarlamaq və xəbərdarlıq proqramları yaratmaq tələb olunur. 

Təyyarələrin izlənməsi işində müxtəlif cür sədlər də var. Pilotlar təyyarənin siqnalötürücülərini söndürə bilərlər. Ölkənin qanunlarından asılı olaraq, bəzi təyyarələr müəyyən ərazilərin üzərindən keçərkən uçuş koordinatlarını bölüşməyə bilər. Hərbi təyyarələrin uçuşlarını izləmək çətin olsa da, qeyri-mümkün deyil.  ABŞ-dakı qaydalar özəl təyyarələrin anonim uçuşlarına imkan verir. Dünyanın bir çox yerində qəbuledici stansiyaların azlığı səbəbindən ADS-B siqnalları işləmir. 

Təyyarələri izləmək imkanı bir çox həvəskarı valeh edib. Onlar pleynspotterlər və ya aviasiya vurğunları kimi tanınırlar. Vaxtlarını bu işə həsr etmiş bu qruplar, jurnalistlər üçün potensial mənbə kimi çıxış edirlər. Bəzi pleynspotterlər hava limanı yaxınlığında durub, qeyri-adi uçuşlar edən təyyarələrin şəkillərini və ya videolarını çəkirlər. Hətta Airport Spotting adlı bir internet saytı var ki, orada dünyadakı hava limanlarında təyyarələri haradan izləməyə dair məsləhətlər verilir. 

Başqa izləyicilər isə bu işi kompüterlə görürlər. Tanınmış ulduzların, biznes liderlərinin və siyasi fiqurların yerdəyişmələrini izləmək hazırda çox populyarlaşıb. Bəzi izləyicilər müharibə zonalarındakı uçuşları yaxından izləyirlər. 

Bir pleynspotterin fəaliyyəti milyarder Elon Maskı hiddətləndirdiyinə görə xəbər başlıqlarına çıxmışdı. 

Mərkəzi Florida Universitetinin ikinci kurs tələbəsi Cek Suini “Twitter”də Maskın əsas təyyarəsini (N628TS) izləyən bot yaratmışdı. “Twitter”i alandan sonra Maskın atdığı ilk addımlardan biri Suinin kanalını bağlaması oldu. Eləcə də başqa spotterlərin və onlara informasiya verən şirkətin də hesabları bağlandı. 

Suini cavabında r/ElonJetTracker adlı subreddit hesabı açdı və “Twitter”də @elonjetnextday hesabı ilə yenidən peyda oldu. Bu hesab sosial media şəbəkəsinin onlayn rejimdə məkan informasiyasına dair yeni qadağan qaydasına əməl edərək, informasiyanı 24 saat gecikmə ilə dərc edir. 

Bu ilin fevralında “Twitter” yeni maneə elan etdi və bildirdi ki, applikasiya proqram interfeysi üçün (API) ödəniş tələb edəcək. Bir çox pleynspotter informasiyanı gəlir üçün yox, hobbi xətrinə dərc edirlər. Onlar “Twitter”in bu tədbiri nəticəsində yeni xərclərin fəallığı azaldacağını bildirdilər. 

Foto: Pixabay

Uçuş informasiyasının əsas mənbələri

Real rejimdə uçuş informasiyası asanlıqla və çox zaman pulsuz əldə edilə bilər. 

İzləmə saytları fərqli funksiyalara malikdir. Tarixi məlumatlar üçün çox zaman abunə haqqı və ya ödəniş istənilir. Lakin bu məbləğlər sadə məlumat üçün o qədər də böyük olmur (ayda 5-10 dollar). Daha dəyərli funksiyalar üçün ödəniş daha yüksək olur. 

Belə internet saytları dünyanın hər yerində antennalar quraşdırmış həvəskarlara bel bağlayır. Saytları antennalarındakı informasiya ilə qidalandıranlar ən bahalı abunə paketlərindən pulsuz istifadə edirlər. 

Pulsuz xidmətə dair qeyd: Bəzi izləmə saytları jurnalistlərə pulsuz xidmət göstərirlər. Onlardan bunu xahiş etməkdən çəkinməyin. Bəzi saytlar həmçinin potensial olaraq faydalı ola bilən çat bölmələrinə və təlimat bloqlarına malikdir.

Təyyarələri izləmək üçün əsas saytlar bunlardır: 

ADS-B Exchange – Bu sayt digər uçuşizləmə xidmətlərindən daha artıq sayda uçuşlar haqqında məlumat verir. Onun üstün cəhəti ABŞ qaydaları üzrə anonimlik xahiş etmiş ABŞ təyyarələrinə dair məlumatı filtrasiya etməməsidir. (Bu haqda aşağıda daha ətraflı məlumat verilir.) İstənilən təyyarənin keçmişdə həyata keçirdiyi uçuşlar haqqında informasiyanı bu saytdan pul ödəmədən almaq olar. İzləmə xəritəsinə baxın və sonra istənilən təyyarəni tıklayın və ya axtarışa verin. Soldakı paneldə “tarix” axtarın. Emal edilməmiş məlumat üçün adətən ödəniş tələb olunur. Xəritə ilə bağlı kömək üçün buranı yoxlayın.  “ADS-B Exchange” 2023-cü ilin yanvarında JetNet-ə satılanda, bir çox istifadəçi narahatlıq keçirsə də, JetNet işin əvvəlki qaydada davam edəcəyini vəd edib.

Üç saytın hər biri jurnalistlərlə əməkdaşlığa həvəs göstərir. 

Icarus Flights Qeyri-kommersiya Aparıcı Müdafiə Təhqiqatları Mərkəzi (C4ADS) tərəfindən yaradılmış bu uçuşizləmə aləti “ADS-B Exchange”in məlumatlarından istifadə edir və xüsusi funksiyalar təklif edir. İstifadəçilər spesifik əraziləri müşahidə edə, beynəlxalq sanksiyalar altında olan uçağı izləyə və uçağın sahibi haqqında məlumat istəyə bilərlər. “Icarus Flights” ictimaiyyətə açıqdır, lakin ondan istifadə etmək istəyən araşdırmaçılar pulsuz xidmət əldə etmək üçün C4ADS-ə müraciət etməlidirilər. 

The OpenSky Network Isveçrədə mənzillənmiş qeyri-kommersiya assosiasiyasıdır.  O iddia edir ki, dünyada ən iri hava nəqliyyatını müşahidəsi üzrə məlumat platformasına malikdir.  Onun könüllülərindən birinin GIJN-ə dediyinə əsasən, “biz təyyarədən nə vaxtsa aldığımız siqnalların hamısını yaddaşda saxlayırıq”.  “Aircraft Database”də təyyarənin quyruq nömrəsi üzrə aparılan axtarış, təyyarənin qeydiyyat məlumatını, bu yaxınlarda etdiyi uçuşların tarixçəsini və hazırda havada olub-olmadığını tapıb göstərir.  Explorer funksiyası havada olan təyyarələri axtarır. Bundan başqa, son 30 gün ərzində izlənilmiş bütün təyyarələr barədə informasiya təqdim edilir. Daha bir funksiya isə bütün həyəcan siqnallarının siyahısını sərgiləyir. 

“OpenSky” daha çox alimlər və qeyri-kommersiya təşkilatlarının təhqiqatları üçün nəzərdə tutulsa da, konkret informasiya ilə müraciət edən jurnalistlərə də yardımçı olub. Bu sayt vizualizasiya “və üzərinə daha parlaq işıq salınaraq cəmiyyətə fayda verən məsələlərdə” mətbuatla əməkdaşlıq edib. 

JetNet “ADS-B Exhange”i alandan bəri daha iki sayt peyda olaraq filtrsiz informasiya verməyi vəd edib.  2023-cü ilin fevralına olan vəziyyətə görə, onları qidalandıran mənbələrin sayı əhəmiyyətli dərəcədə azdır və bu səbəbdən də onlar bir çox yeri əhatə edə bilmir. 

Bunlar:

Theairtraffic.com – Cek Suini və “Yerüstü Nəzarət Stansiyasının İxtilaf serveri” tərəfindən yaradılmış bu sayt “həmişə açıq və süzgəcsiz” işləyəcəyini vəd edir. 

Adsb.fi– “İcma tərəfindən idarə olunan uçuşizləyici dünya üzrə 500 fəal tərəfindən informasiya ilə təmin edilir” və “dünya üzrə hava nəqliyyatı məlumatlarına açıq və süzgəcsiz çıxış” vəd edir. 

Digər izləmə mənbələri

Kifayət sayda izləmə xidmətləri real vaxtda izləyə bilən xəritələr təklif edir və pulsuz olaraq təyyarələrin bu yaxınlarda həyata keçirdikləri uçuşlar və sairə haqqında məlumat verir. 

Amma bu uçuş izləmə xidmətləri hansısa təyyarənin sahibi xahiş etdikdə həmun məlumatı xəritədən silirlər. Bununla belə, onlar dünyanın bəzi hissələrində, məsələn, Afrika və Cənubi Amerikada, uçuşları ADS-B-dən yaxşı izləyirlər. 

Bəzi seçimlər, məsələn, təyyarənin havaya qalxması barədə xəbər və keçmiş uçuşlar barədə məlumat ödəniş tələb edir. 

Digər izləmə xidmətləri bunlardır: Airfleets, AVDelphi, Flight Stats,  Flight Board, FlightView, Freedar, Plane Mapper, Planeplotterhttps://skyscanworld.com.

Sərnişinlər üçün yaradılan başqa saytlar da mövcuddur. 

Bundan başqa, faydalı ixtisaslaşmış saytlar da var. Bunlara daxildir:

  • Dictator Alert – Avtoritar rejimlərə məxsus təyyarələrin uçuşlarını dünya boyu izləyən və bu təyyarələrin Paris, London, Cenevrə və ya Bazel-Mulhauz-Frayburqdakı EuroAirport-a endiyini bir neçə “Twitter” botu vasitəsilə xəbər verən layihədir. 
  • Bellingcat –Açıq mənbə məlumat bazası kimi “Qazaxıstanda son və davam edən olayların dinamikasını daha yaxşı anlamaq üçün ölkəyə və ölkədən edilən diqqətəlayiq uçuşları” izləyir.   
  • Advisory Circular Bots təyyarələr dünyanın hansısa şəhəri üzərində dövrə vuranda xəbər verir. Bu şəhərlər siyahısında Los Anjeles, Baltimor, Minneapolis və London vardır.   

Sosial media şəbəkələri də öz tapıntılarını paylaşan pleyspotterlərlə doludur. Bu “Twitter” həştəqlərinə nəzər salın: #aviation, #avgeek, #planespotting, #flight#MilAvGeek.

Fəal Twitter hesabları: Evergreen Intel @vcdgf555, Gerjon @Gerjon, Aircraft Spots @AircraftSpots, SkyScanWorld @scan_sky, and Avi Scharf @avischarf.

Eləcə dəBellingcat-in gəmilər və təyyarələr haqqında Discord kanalına baxın.

İzləmənin əsasları 

Hər bir təyyarənin arxa hissəsində yazılmış fiziki nişanları və ya “quyruq nömrələri” var və ya olmalıdır. 

İzləmə saytları təyyarəni müəyyən etmək üçün informasiyanı göstərirlər. 

Müəyyən etmək üçün vasitələrdən biri “heks kodudur”. Ona bəzən S-mod və ya ICAO deyirlər. Bu kod 6 və ya 7 hərf və nömrədən ibarətdir. O, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən hər bir dövlətə verilmiş 24-bit ünvandan alınır.  Bu, o deməkdir ki, təyyarənin koduna uyğun olaraq hansı ölkədə qeydiyyatdan keçdiyini bilmək mümkündür. Heks nömrəsi adətən nə qədər ki təyyarə satılmayıb dəyişmir. Prinsip etibarilə bu, təyyarənin unikal identifikasiya nömrəsidir və izləyiçi antennalara ötürülən informasiyadır.  

İkincisi, hər bir təyyarənin arxa hissəsində yazılmış fiziki nişanları və ya “quyruq nömrələri” var və ya olmalıdır. Bu nömrə görünə bilmək üçün ən azı 30 santimetr hündürlükdə hərf və rəqəmlər şəklində olmalıdır. Bu nömrə qısa, hərf və rəqəmlərdən ibarət olur və təyyarənin qeydiyyatdan keçdiyi ölkəni göstərən hərflə başlayır (ABŞ üçün N, Almaniya üçün D, və sairə). Vikipediyada təyyarələrin qeydiyyat nömrələrinin prefikslərinə dair yararlı siyahı var. Prefiksdən sonra bir neçə rəqəm və ya təyyarəyə aid spesifik hərflər gəlir. (Hərbi təyyarələr fərqli identifikasiya sistemindən istifadə edir.)

Siz “uçuş nömrələrindən” də agah olmalısınız. Uçuş nömrəsi pilotin həmin uçuş üçün daxil etidiyi istiqamətlərdir. Kommersiya uçuşlarında bu reys nömrələri hesab olunur. Məsələn, Honoluludan Minneapolisə Delta Hava Yollarının reys nömrəsi DAL307-dir. 

Heks kodları və qeydiyyat nömrələri təyyarənin sahibi haqqında informasiyanı tapmaq üçün vacibdir. Fransada özəl təyyarələr üçün uçuş nömrəsi çox zaman elə təyyarənin qeydiyyat nömrəsidir. 

Yüksək vəzifəli mülki məmurlar üçün uçuş nömrələri bəzən dəyişdirilir. Məsələn, Kamerun prezidenti üçün CMR001, Fransa prezidenti üçün COTAM001. 

Sahiblərin müəyyən edilməsinin çətinlikləri

Təyyarələrin sahiblərini müəyyən etmək mümkündür, lakin bu zaman bəzi çətinliklər də üzə çıxa bilər. 

Ölkələrin çoxu özlərinin sahibkarlıq “reyestrlərini” ictimailəşdirmir. Bir çox təyyarə Aruba kimi anonimliyə zəmanət verən ölkələrdə qeydiyyatdan keçir (bu haqda aşağıda söhbət açacağıq). Təyyarənin sahibinin yaşadığı ölkədə qeydiyyatdan keçməyi mütləq deyil. 

60-a yaxın dövlət sahiblik məlumatını qismən ictimailəşdirir. Bu ölkələrdən bəziləri istifadəçiyə informasiyanı internetdə axtarıb tapmağa və endirməyə imkan verir. Böyük Britaniya və ABŞ kimi ölkələr təyyarənin sahibi və hətta ona edilən fiziki dəyişikliklər haqqında ətraflı informasiya təqdim edirlər.  

Lakin bu informasiya da əslində çox məhduddur: sadəcə təyyarənin tipi və sahibinin adı. Bəzi siyahılar hər gün yenilənsə də, digərləri ayda və ya ildə bir dəfə təzələnirlər. 

Təyyarənin sahibi haqqında informasiya gizlədilə də bilər. Bir çox hallarda siyahıda sahibin adı kimi saxta bir şirkətin ya da təyyarə menecmenti şirkətinin adı göstərilir. Bu zaman təyyarənin əsl yiyəsini tapmaq üçün əlavə təhqiqat aparmağa ehtiyac yaranır.  ABŞ əcnəbi sahiblərə təyyarənin çıxarışını Amerika vətəndaşının adına keçirmək icazəsi verir. 

Bəzi izləmə saytları sahibkarlıq barədə informasiyaya malikdirlər, lakin bu zaman adətən mənbə göstərilmir və pul ödənişi tələb olunur. 

Yadda saxlamalı bəzi məqamlar:

Təyyarənin sahibi heç də həmişə ondan özü istifadə etmir. Bəzən təyyarələr icarəyə verilir və ya texniki xidmət yerlərinə uçur. Elon Maska məxsus təyyarə havaya qalxırsa, bu Elon Maskın təyyarədə olduğuna dəlalət etmir.  Sərnişin siyahıları ictimailəşdirilmir və buna görə də sərnişinlərin adını öyrənmək çətindir.  Kimin təyyarədə olduğunu bilmək üçün adətən sosial şəbəkələrə və ya köhnə jurnalistika metodlarına əl atmaq lazım gəlir.  Birbaşa müşahidə müəyyən nəticə verə bilər və ya siz hava limanlarının işçilərindən məlumat almağa çalışa bilərsiniz.  Təyyarədə olan sərnişinlər “İnstagram”da lovğalanaraq bəzən özləri sizi lazım olan məlumatla təmin edə bilərlər. 

Qeydiyyat məlumatı mənbələri

Bunlar müxətlif şərtlərlə pulsuz və abunə haqqı ilə sahiblər haqqında məlumat verən mənbələrdir: 

Axtarış aparmaq mümkün olan bəzi milli reyestlərə linklər: 

Bir neçə əlavə mənbə:

Hərbi təyyarə uçuşlarını izləyən xüsusi saytlar

Yuxarıda adları göstərilmiş ümumi axtarış saytları hərbi uçuşları da əhatə edir. “ADS-B Exchange” yalnız hərbi təyyarələri göstərən filtrə malikdir. 

Aşağıda hərbi uçuşları izləməkdə ixtisaslaşmış bir neçə başqa saytın adları göstərilib: 

ADS-B.NL ADS-B-dən real vaxtda alınan məlumatlar əsasında dünya üzrə hərbi uçuşları izləyən saytdır. 

Radarbox  pulsuz axtarış aparmaq və canlı rejimdə uçuşları izləmək üçün öz proqramınızı qurmaq imkanı verir. Hərbi əməliyyatların operativ təhlükəsizliyini qorumaq və bəzi özəl təyyarə operatorlarının şəxsi həyat məxfiliyini təmin etmək məqsədilə Radarbox onları izləməyin qarşısını alır və ya senzuradan keçirərək mümkün edir.

Scramble Avropa, ABŞ və Kanada hərbi-hava qüvvələrinin müxtəlif təyyarələri haqqında məlumat bazasına malikdir. Burada həmçinin Cənubi Amerika, Afrika və Asiya dövlətlərinin hərbi-hava qüvvələri barədə məhdud məlumat var. Bu saytı Hollandiya Mülki Aviasiya Cəmiyyəti idarə edir. Saytda istifadəçilər üçün forumlar da var. “Scramble”da   Sovet Nəqliyyat məlumat bazası  da var. 

Planeflightracker NATO və Rusiya hərbi təyyarələri üzərində ixtisaslaşıb. 

Aircraft Serial Number Search ABŞ hərbi təyyarələrini axtarmaq imkanı verir və özünü “təyyarə seriya nömrəsi divanəsi” adlandıran  Co Boger tərəfindən idarə olunur. Onun vebsaytında heyrətamiz  Aviasiya Saytları  kolleksiyası da var. 

Fotolar

Geniş təyyarə fotoşəkilləri arxivinə malik iki vebsayt: 

Həvəskar pleynspotterlər tez-tez şəkil və videolar çəkir və onları sosia media şəbəkələrində yayırlar. 

Bir çox uçuş izləyən vebsaytlar da təyyarə fotolarını dərc edirlər. 

Plansespotters.net və Jetphotos.com kimi saytlar özəl, kommersiya və hərbi təyyarələrin şəkilərini dərc edirlər.  Şəkil: Screenshot, Planespotters.net

İzləmə sistemləri barədə biliklər

Havaya qalxdıqdan sonra təyyarələr bir neçə üsulla izlənilir. Beynəlxaq miqyasda hazırda tədricən qəbul edilən ən yeni sistem ADS-B adlanır, yəni Avtomatik Asılı Müşahidə-Yayım. Bu sistem ən zəngin məlumat mənbəyidir. 

Gəlin tarixə qayıdaq və onilliklər boyu radar sistemlərinin necə işlədiyinə nəzər salaq:

Əsas radar əks olunan radio siqnallarından istifadə edərək, təyyarəni görür və onun yerini təxmin edir. Filmlərdə qısa siqnal səsi verən yaşıl ekranlarda olduğu kimi. 

“Köməkçi Müşahidə Radarı” radio siqnalı qəbul edib geriyə ötürən təyyarələrdən alınan informasiyanın köməyi ilə işləyir. Bu cavab identifikasiya məlumatı (ICARO-nun heks kodu) və təyyarənin hansı yüksəklikdə uçmasından ibarət olur, lakin onun yeri barədə məlumat verilmir. Təyyarənin yeri isə transmissiyaların müxtəlif yerlədən alındığı halda müəyyən oluna bilir. Bu məlumatlar multilaterasiya (MLAT) adlı proses nəticəsində üumumiləşdirilir və təyyarənin olduğu yeri təxmin etməyə imkan verir. (Bu əməliyyatın qrafika ilə  daha ətraflı izahı ilə burada tanış ola bilərsiniz.)

ADS-B ucuz qiymətə daha yüksək tezlikli, dəqiq və əhatəli məlumat əldə etmək imkanı verir. Bu zaman təyyarənin öz avadanlığı peyk naviqasiyası vasitəsilə onun yerini müəyyən edir və hər yarım saniyədən bir bu GPS məlumatını ötürür. Eyni zamanda təyyarənin yüksəkliyi, sürəti və istiqaməti, eləcə də identifikasiya kodu ötürülür. Bu, “ADS-B Out” adlanır.  Sürət, yüksəklik və məkan əsasında təyyarənin qalxması və ya enməsi barədə nəticə çıxarmaq olar. 

ADS-B heç də həmişə tam məlumat verə bilmir. Səhralar, okeanlar və qütb buzlaqları kimi elə ölü zonalar var ki, orada ötürücülər yoxdur.  Afrikanın əksər hissəsində və Latın Amerikasının bir çox yerində uçuş zonaları tam əhatə olunmamışdır. 

ADS-B-nin üstün cəhəti odur ki, qiyməti haradasa 20 ABŞ dolları olan bir avadanlıq siqnalları qəbul etmək imkanı verir. Kodlaşdırılmamış siqnallar 1090 MHz tezlikdə ötürülür və nə qədər ki, təyyarə antennanın gördüyü zonadadır, 200 mil radiusda qəbul edilir.  Hazırda 10 minlərlə qəbuledici var ki, onları əsasən aviasiya həvəskarları işlədir. Onlar bu siqnalları sonradan kommersiya və qeyri-kommersiya izləmə xidmətlərinə bəzən çox ucuz qiymətə ötürürlər. 

ADS-C isə peyk vasitəsilə izləmədir və ondan yalnız iri kommersiya təyyarələri istifadə edir. İzləmə saytlarının əhatə xəritələrinə baxarkən bu məlumat mənbəyini nəzərə almaq lazımdır. Beləki, ADS-C ilə işləyən təyyarələr əhatə imkanını həqiqətdə olduğundan daha yaxşı göstərə bilər. 

Bəzi izləmə xidmətləri ADS-B izləmə sistemlərinin qurulmasını subsidiyalaşdıra bilər və bu zaman izləyicilər məlumatı pulsuz əldə edə bilərlər. 

Uçuşların tədqiqində kodlaşdırmadan istifadə 

Uçuşları izləmə saytlarının sadə alətlərindən istifadə etməklə çox şey öyrənmək olar. 

Lakin daha ambisiyalı layihələr məqsədəuyğun yaradılmış proqramların köməyi ilə əldə edilmiş məlumatları təhlil etmək bacarığını tələb edir.  Dediyimiz kimi, iri izləmə şirkətlərindən məlumatları adətən pul ödəmədən əldə etmək mümkündür. Bir çox sayt məlumatdan istifadəni asanlaşdırmaq üçün applikasiya proqramlaşdırma interfeysləri (API) təqdim edir. 

Adətən böyük sayda uçuş məlumatı ilə işləmək üçün sizdən bu məlumatların emalı və təhlilini edəcək  R ya Python kimi proqram dillərindən istifadə etmək bacarığı tələb olunur.  Bəzi hallarda, siz həm də uçuş marşrutunu sadəcə olaraq “Goole Earth”ə qoşa bilərsiniz. 

Geodose tərəfindən tərtib olunmuş Python vasitəsilə sadə uçuş izləmənin yaradılması haqqında dərsliklə burada tanış ola bilərsiniz. Burada isə “onu Pandas və Bokeh-dən istifadə edərək daha ətraflı yanaşma ilə gözəlləşdirməyə” dair  sonrakı yeniləməni oxuya bilərsiniz.  Bu isə “OpenSkyNetwork” API-nin köməyilə yaxınlıqdakı təyyarələr barədə avtomatik olaraq informasiya toplayan proqramın yazılmasına dair təlimatdır. 

Uçuş məlumatlarından istifadə edən ekspertlərdən biri “BuzzFeed News”un sabiq əməkdaşı Piter Aldhousdur.  O, “FlightRadar24”dən çox diqqətəlayiq bir təhqiqatda istifadə edib. 

Aldhous 2016-cı ildə yazdığı “Səmadakı Casuslar” adlı kitabında FTB və Daxili Təhlükəsizlik Departamentinin təyyarələrinin ABŞ-ın böyük şəhərləri üzərində müntəzəm  olaraq dövrə vurduğundan yazmışdı. Sonra o, alqoritmi FTB və DTD təyyarələri üzərində sınağdan keçirməklə  kompüterə başqa casus təyyarələrini müəyyən etməyi öyrətmişdi.  (Ətraflı məlumat üçün bu izahatı oxuyun.)

BuzzFeed-in yazarı Piter Aldhous Flightradar24-ün məlumatlarından istifadə edərək, FTB-nun təyyarələrinin şəhərlər üzərində dövrə vurduğunu xəbər verdi.  

Bəzən siz “GitHub”da məlumatı təhlil etməkdə kömək edən hazır proqramlar tapa bilərsiniz, amma onlardan istifadə üçün kodlaşdırma bacarıqları lazım gələ bilər. 

Əlavə olaraq sizə “ADS-B Exchange”dən istifadəyə dair bir pleynspotterin praktik məsləhətini təqdim edirik. 

Mən “müxətlif hava çərçivələri” funksiyasının köməyilə heks kodlarını ADS-Bx-də qruplaşdırıram. Sonra bu URL-ləri asan tapmaq üçün favoritlərə daxil edirəm. Bu, mənə həmin hava çərçivələrində nə baş verdiyini izləmək üçün 24 saat vaxt verir. Mən hansı sayda belə qrupun yaratmağın mümkün olduğunu deyə bilmərəm. Amma bir dəfəyə 500 belə qrup yaratsanız, yəqin ki, kompüteriniz donacaq. 

Bu, mənə vaxta ciddi qənaət imkanı verir. Heks kodları gün ərzində, hətta bir neçə saniyəlik üzə çıxsalar belə, yaddaşda qalır və təyyarənin havada olduğunu sübut edir. Bu, qəbuledicilərin o qədər də sıx olmadığı ərazilərdə (Rusiyanın şərqi, Afrika və sairə) çox böyük əhəmiyyət kəsb edir. 

ABŞ uçuş məxfiliyi proqramlarının öhdəsindən gəlməyin yolları

ABŞ hökuməti öz  hava məkanında özəl təyyarələrin uçuş anonimliyini təmin edən iki proqrama malikdir. Onlar izləyicilərin işini əngəlləsələr də,  bu mühafizəni  keçilməz saymaq düzgün olmazdı. 

Göstərilən Təyyarə Məlumatının Məhdudlaşdırılması (LADD) proqramından yan keçmək daha asandır. LADD ABŞ təyyarə sahiblərinə öz uçuş məlumatlarını Federal Aviasiya Administrasiyasının yaydığı məlumatın süzgəcindən keçirmək icazəsi verir. “ADS-B Exchange” FAA-nın məlumatından istifadə etmədiyi üçün o, bütün LADD uçuşlarını müəyən etməyinə davam edir. Tez-tez yeniləşən qeyri-rəsmi, lakin FAA məlumatı əsasında tərtib edilən LADD Siyahısı buradadır.  

İkinci proqram özəl təyyarə sahiblərinin daha mühafizəli sistem üçün lobbiçilik fəaliyyətindən sonra yaradıldı.  Özəl ICAO təyyarə ünvanı proqramı (PIA) üzrə təyyarə sahibləri FAA-dan onlara quyruq nömrələri ilə bağlı olmayan müvəqqəti heks kodu verməyi xahiş edə bilərlər. Bu kodun işləmə müddəti 60 gündür və hər 20 gündən bir onu dəyişmək olar. 

ABŞ hökumətinin PIA proqramı izləyicilərə müəyyən maneələr törətsə də, onlar bundan da yan keçməyin bir neçə yolunu tapıblar. Bu proqramdan elə də böyük sayda təyyarə sahibi istifadə etməsə də, istifadə edənlərin anonimlik arzusunun səbəbləri diqqəti cəlb etmişdir. “Facebook”da PIA Busters  adlı bir səhifə var. 

Təyyarənin PIA kodundan istifadə etdiyini necə öyrənmək olar? “ADS-V Exchange”də “PIA” üçün filtr var. Onu tıklayıb, adətən az sayda olan belə uçuşları görmək olar. 

PIA kodunu öyrənəndən sonra ekspertlər təyyarənin kimin olduğunu bilmək üçün bir sıra yollar təklif edirlər. Onlardan çoxu təyyarənin texniki məlumatlarından çox onun hərəkətlərinin xarakteri ilə bağlıdır. 

  • PIA təyyarəsinin uçuşlarının təkrar olunmasına, tanış gələn marşrutlar və ünvanlara diqqət yetirin. (Onları Excel faylında qeyd edin.)
  • Sosial media və ya xəbərlərdən istifadə edib təyyarənin uçuşları və mümkün sərnişini arasında əlaqə tapmağa çalışın. 
  • PIA kodlu təyyarənin hərəkətlərinin vizual müşahidələrindən (hava limanlarında canlı rejimdə işləyən internet kameraları daxil olmaqla) yararlanmaqla, təyyarəni müəyyən etməyə səy göstərin. Təyyarənin quyruq nişanı dəyişmir. 
  • Kimlik barədə məlumat verə bilən ACARS mesajlarını yoxlayın. (ACARS haqqında aşağıda ətraflı danışacağıq.)
  • Başqa axtarış saytlarında PIA nömrəsini axtarın, belə ki, bəzən lazımi informasiya kompüter səhvi nəticəsində üzə çıxa bilər.  

Lakin yeni beynəlxalq məhdudiyyətlər  mümkünlüyü mövcuddur. Məsələn,  2022-ci ilin sonlarında Səudiyyə Ərəbistanı ICAO-ya təklif etdi ki, “nəzarət edilə bilən özəllik səviyyəsi tədbirlərini” qəbul etsin.  2023-cü ilin əvvəlinə olan vəziyyətə görə hələ ki, bu təklif üzrə addım atılmayıb. 

ABŞ-da İnformasiya Azadlığı Aktından istifadə etməklə uçuş məlumatının alınması 

Amerika Birləşmiş Ştatlarında uçuş informasiyasını almağın daha bir yolu Federal Aviasiya Administrasiyasına İnformasiya Azadlığı Aktına uyğun müraciət göndərməkdir. Belə müraciətlər bu elektron poçt ünvanına göndərilə bilər: 7-awa-arc-foia@faa.gov

Bu zaman siz “TFMS anbarından ….. quyruq nömrəli təyyarənin uçuş məlumatlarını” xahiş edib nömrəni göstərməlisiniz. TFMS – Nəqliyyat Axını Menecment Sisteminin anbarıdır.  Həmçinin tarix çərçivəsi də göstərin, məsələn, “1 yanvar 2023-cü ildən  müraciət edilən günə kimi”. Cavabın elektron formatda olmasını istəyin. Bu cavabda sahibi blokladığı halda uçuş izləmə xidmətləri tərəfindən alınması mümkün olmayan uçuş məlumatları olacaq.

Bu yolla informasiyanın alınmasına dair  nümunə ilə tanış olun. “ProPublica”nın müxbiri Castin Elliot 2020-ci ildə Stiv  Bannonun çinli biznesmenə bağlı özəl təyyarədən istifadə etməklə seçki kampaniyasının maliyyələşdirilməsi qanunu pozması   haqqında məqalə yazmışdı. 

Radio mesajların izlənməsi – ACARS

Təyyarələri izləməyin daha bir metodu təyyarə və hava nəqliyyatına nəzarət (ATC) arasında qısa yazılı mesajları izləməkdir. Radio transmissiya sistemi ACARS kimi tanınır – Uçaq Rabitəsinin Müraciət və Cavab Sistemi. ( Detallı təsvir və videoya ya da texniki jarqonun az olduğu videoya baxın.)

Kodlaşdırılmamış transmissiyalar əsasən uçuş planlarını təsvir edir, lakin onlarda mexaniki problemlərdən də söhbət gedə bilər. ABŞ ordusunun 2011-ci ildə Kabuldan çıxmasını müşahidə edənlər ACARS mesajlarını da diqqətlə dinləyirdilər. 

Belə danışıqlarda qısa jarqon ifadələr işlədildiyindən onları yozmaq asan deyil.  Bu  bloq post belə qısaltmaların bəzilərinə dair nümunə verir. Məsələn, “ATB: Air Turn Back” yəni “Hava Geri Dönür”. Bunu gəmi kapitanı uçuşu davam etdirmək əvəzinə qalxdığı aeroporta dönmək qərarına gələndə deyir. Belə nümunələrə dair başqa bir  məqalə. Daha uzun ACARS danışıqlarını anlamaq üçün sizə ekspert köməyi lazım gələ bilər. 

Mesajları yerdə və peyklərdə olan qəbuledicilər eşidə bilərlər. Airframes.IO onlardan beynəlxalq kolleksiya yaradıb və @thebaldgeek@AirframesIO  “Twitter” hesablarından onları yayır. ACARS mesajları real vaxtda dərc olunur. Onlar “Messages” səhifəsində zip faylı kimi sıxılır, lakin axtarılıb tapıla bilər. 

Başqa bir sayt, LiveATC.net, dünyanın hər yerindən canlı ATC radio rabitələrinə bağlanır. “LiveATC.Net” həm canlı, həm yazılmış ATC audio transmissiyalar təklif edir və onların saxlanıldığı arxivə malikdir. 

Aviasiya təhlükəsizliyi məlumatları

Qəzalar barədə məlumatlar sahiblər haqqında əlavə informasiya verə bilər. Uçuş təhlükəsizliyinə görə məsul milli agentliklər qəza və yoxlamalar haqqında məlumatları açıqlaya bilər. 

The Aviasiya Təhlükəsizliyi Şəbəkəsi (ASN) özəl, müstəqil qrupdur və təyyarə şirkətləri, hərbi yük təyyarələri və şirkətlərin sahib olduğu uçaqlarla bağlı qəzalar və təhlükəsizlik məsələləri haqqında internetdə məlumat bazasına malikdir. ASN-də qəza təhqiqatlarının  beynəlxalq siyahısı var. 

The Aviation Heralddünayada baş verən hər cür insidentlər və qəzalar haqqında xəbər verir. 

ABŞ-da baş verən qəzalara  Milli Nəqliyyatda Təhlükəsizlik Şurası baxır.  

Alqı və müqavilə məlumatları saxlanılan digər ABŞ agentlikləri də hökumət təyyarələri barədə məlumatların potensial mənbəyi kimi çıxış edə bilər. FAA qeydiyyat sənədləri  təyyarələrə edilən dəyişiklikləri, məsələn, gecəgörmə kameralarının əlavə edilməsini göstərir. 

ABŞ-da məxfilik hiylələri 

Araşdırmaçı jurnalistlər Birləşmiş Ştatlarda bəzi təyyarə sahiblərinin öz təyyarələrini bankların və qəyyumların  adına qeyd etdirməklə məxfiliyə çalışdıqlarına dair araşdırmalar aparıblar. 

ABŞ hökuməti əcnəbi təyyarə sahiblərinə təyyarənni ABŞ qəyyumunun adına keçirməyə icazə verir. Bu, sistemdən sui-istifadə üçün geniş imkanlar yaradır. Məsələn,  Texas ştatının Onalaska şəhərində yerləşən “Aircraft Guaranty” Korporasiyasında qəyyumların adına mindən çox uçaq qeydə alınıb.  “Dallas TV” kanalı olan  WFAA əsasən, bu şəhərdə aeroport belə yoxdur.  

“The Boston Globe” qəzeti “Səmada sirlər” adlı silsilə məqalələrdə gizlin qeydiyyatların nə qədər geniş yayıldığını açıqladı. Onun “Spotlayt” adlı araşdırmaçı qrupu FAA-nın zəif nəzarəti səbəbindən narkotik alverçiləri, korrupsiyalı siyasətçilər və hətta terrorizmlə əlaqəsi olan şəxslərin özəl təyyarələri qeydiyyatdan keçirə və öz kimliklərini gizli saxlaya bildiklərini göstərdi. “Globe”a əsasən, ABŞ-da qeydiyyatdan keçmiş hər altı təyyarədən biri və daha çoxunun əsl sahibini tapmaq mümkün deyil. 

“New York Times” qeydiyyat qaydalarındakı bu boşluqdan bir rus oliqarxının necə bəhrələndiyi haqda  məqalə dərc edib . (“Biznes Təyyarəsi Səyyahı” dərgisində bu praktikanı müdafiə edən  məqalə ilə tanış olun.)

İcarədən yaranan daha bir çətinlik

Təyyarələrin icarəyə verilməsi geniş yayılıb və belə hallarda hansısa uçuşun kim tərəfindən ödənilməsini tapmaq qeyri-mümkündür. 

Macarıstanda dərc olunan araşdırmaçı “Atlatszo” saytının jurnalisti  Erdelyi Katalin Baş nazir Viktor Orbanın özəl təyyarədən istifadəsini araşdırarkən məhz bu qəbildən olan çətinliklə rastlaşdı. Onun araşdırması təyyarənin Avstriyada qeydiyyatdan keçdiyini üzə çıxardı. Bu uçuşlar üçün pulun kim tərəfindən ödənildiyi naməlum qaldı. Təyyarə biznes uçaqları ilə məşğul olan “İnternational Jet Management” adlı Avstriya şirkəti tərəfindən idarə olunur. 

GIJN “Atlatszo” müxbirlərinin araşdırmanı təsvir etdikləri  “Onlar bunu necə etdilər: Özəl gəmi, lüks təyyarə və Macarıstanın hakim elitası” adlı məqaləni dərc etdi.

Viktor Orban 25 iyul 2018-ci ildə Budapeşt hava limanında OE-LEM modelli təyyarədən düşür. Foto: Atlatszo / Daniel Nemeth

Qeydiyyat üçün üstünlük verilən ölkələr

Təyyarənin sahibinin yaşadığı ölkədə qeydiyyatdan keçməsi mütləq şərt deyil.  Təyyarələr həm də yenidən qeydiyyatdan keçə bilərlər (bəzən quyruq nömrələri dəyişdirilməklə). 

CorporateJetInvestor” özünün  2023-cü il Təyyarə Qeydiyyatının Rəsmi Bələdçisində  qeydiyyatın ölkələr üzrə qaydalarını təsvir edir və aviasiya biznesi xəbərlərini bir yerdə toplayır. Qeydiyyat prosesinin asanlığı, məxfilik və vergi güzəştləri diqqəti cəlb etməli əsas məqamlardır.

Mən adası (Isle of Man) təyyarə qeydiyyatı üçün populyar yurisdiksiyalardan biridir və Avropa İttifaqının vergilərindən yaxa qurtarmaq imkanı verən yerdir. Bu barədə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsortsiumunun  hesabatında deyilir. 

Aruba, Bermuda  və Kayman adaları da təyyarəni qeydiyyatdan keçirmək üçün üstünlük verilən ərazilər sayılır.