İnsan Qaçaqmalçılığı

İnsan qaçaqmalçılığı, foto: Meydan Tv

Bu fəsil “Associated Press” agentliyinin “Pulitzer” mükafatına layiq görülmüş müxbiri Marta Mendoza tərəfindən yazılıb. O, hazırda Kaliforniyanın Silikon Vəlley şəhərində yaşayır və son xəbərlər, biznes və araşdırmalar haqqında məqalələr yazır.  O, 2015-ci ildə Cənub-şərqi Asiyanın balıqçılıq sənayesində məcburi əmək hallarını ifşa etmişkomandanın üzvü olub. Bu araşdırma iki min qulun azad edilməsinə yardım edib. 

İnsan qaçaqmalçılığı dünya üzrə davamlı və yayılmış cinayət növü olaraq, jurnalist təhqiqatları üçün kritik və təsiredici bir mövzudur. Çox zaman müasir quldarlıq göz qabağında olsa da, gizlədilir. Məhəllədəki massaj salonunda və ya yerli limanda lövbər salmış balıqçı gəmisində. İnsan qaçaqmalçılığının iki əsas kateqoriyası var: belə cinayətlərin təxminən yarısını təşkil edən seksual istismar və məcburi əmək. 

BMT-nin məlumatına əsasən, hər gün 40 milyon insanın müasir quldarlığın qurbanı olması təxmin edilir. Bunların əksər hissəsi qadınlardır, lakin kişilər və uşaqlar da belə istismara məruz qalırlar.  Beynəlxalq Əmək Təşkilatına əsasən,  canilər, qaçaqmalçılar və qul sahibləri, hər il bu fəaliyyətdən 150 milyard dollara yaxın qeyri-qanuni gəlir əldə edirlər. 

İnsan qaçaqmalçılığının araşdırılması riskli işdir.  Jurnalistlərlə danışan qurbanlar ölümcül təhlükə ilə qarşılaşırlar.  Onlar psixoloji travmalara məruz qalıblar, onları əsir edənlərdən dəhşətə gəlirlər. Onlara xüsusi xəbərdarlıq edilib ki, nəinki jurnalistlərdən, ümumiyyətlə, heç kimdən kömək istəməsinlər.  Onların həyatı təhlükədədir, buna görə bu cür araşdırma son dərəcə ehtiyatla aparılmalıdır.  Bu cinayəti törədənlər asanlıqla başqa insanları istismar etməyə qadirdirlər. Onlar qəddar və öz maraqlarını qorumağa hazır ola bilirlər. 

Mənbələr

Bunu nəzərə alaraq, insan qaçaqmalçılığını araşdırmaq üçün jurnalistlərin istifadə edə biləcəyi bir neçə yaxşı mənbələr mövcuddur. Bura müasir quldarlığa son qoymaq üçün çalışan qeyri-hökumət təşkilatları (QHT) daxildir. Beynəlxalq Miqrasiya Təşkilatı,  Minderoo (Azad Ol) Fondu, Polaris Layihəsi və Katolik Xeyriyyə Təşkilatları kimi qurumlar ayrı-ayrı ölkələrdə nümayəndələrə malikdirlər və onlar müəyyən regionlarda maraq doğuran problemlər haqqında çox zaman əla məlumat verə bilirlər. 

Günahkarları aşkar etmək üçün insan qaçaqmalçılığını araşdıran jurnalistlərə pul axını və təchizat zəncirlərini təhqiq etmək lazımdır. 

Bəziləri, məsələn,  Beynəlxalq Ədalət Missiyası, caniləri müəyyən etmək, həbs etmək və məhkum etmək üçün hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq edirlər. İssara İnstitutu kimi digər qurumlar miqrant icma qrupları və bizneslərlə işləyərək, yoxlamalar keçirir və işçilərə öz səslərini eşitdirməyə imkan yaradır. Bundan başqa, Qullara Azadlıq kimi təşkilatlar müasir quldarlığın mövcud olmasına imkan verən mühitin dəyişdirilməsinə çalışırlar. Bir çox QHT-lər dinə əsaslanır, bəziləri hökumət tərəfindən idarə olunur və qalanları isə konkret mövzu və ya ölkə üzərində diqqətlərini cəmləşdirirlər. 

İnsan qaçaqmalçılığını araşdırarkən ilk növbədə ərazidə fəaliyyət göstərən mümkün qədər çox sayda, ən azı 10-12 təşkilatla söhbət etmək lazımdır.  Onlar sizi quldarlıqdan xilas olanlarla görüşdürə, bundan əvvəlki ittiham halları ilə tanış edə bilər, jurnalistlərin insan qaçaqmalçılığı halları ilə qarşılaşa biləcəyi xüsusi sahələri müəyyən edə bilər. 

Məsələn, Malayziyada rezin əlcək hazırlayan fabrikalarda uzun illər ərzində miqrant fəhlələrin istismara məruz qalmaları haqqında xəbərlər gəlirdi. Fəhlələr çox zaman orada işləmək üçün qeyri-qanuni işəgötürmə ödənişləri etməli olurdular.  Onilliklər boyu Dubai və Abu Dabi kimi Yaxın Şərq ölkələrində seks ticarəti çiçəklənirdi.  Ev işləri görmək adı altında xaricdən qadınlar ölkəyə gətirilir və seks sənayesində işləməyə məcbur edilirdi. Balıqçılıq sənayesində quldarlıq halları ətraflı sənədləşdirilib. Bu sənayedə adətən miqrant işçilər sahillərdən uzaqda, heç bir nəzarət olmadığı şəraitdə çıxılmaz vəziyyətdə istismar olunurlar. 

Illüstrasiya: Ənn Kiernan GIJN üçün

Bu təşkilatlardan əlavə bir çox dövlətlər və BMT hər il müasir quldarlıq barədə yerlərdəki vəziyyət barədə spesifik hesabatlar dərc edirlər. Buraya daxildirlər: BMT Narkotiklər və Cinayətlər üzrə İdarəsinin İnsan Qaçaqmalçılığına dair Qlobal Hesabatı, ABŞ Dövlət Departamentinin İnsan Qaçaqmalçılığı Hesabatı və Avropa İttifaqının Birlikdə İnsan Qaçaqmalçılığına Qarşı hesabatları. ABŞ-ın Əmək Departamenti həmçinin illik Uşaq Əməyi və ya Məcburi Əmək tərəfindən İstehsal Olunmuş Mallar Siyahısı dərc etdirir. Burada 155 şübhə doğuran əmtəə vahidinin adları çəkilir. Məsələn, Kambocada istehsal olunmuş geyimlər, Hindistan istehsalı olan futbol topları və ya Ukraynadan kömür. Belə istehsal prosesinin təchizat zəncirində istismar halları baş verə bilər. 

Günahkarları aşkar etmək üçün insan qaçaqmalçılığını araşdıran jurnalistlərə pul axını və təchizat zəncirlərini təhqiq etmək lazımdır. Bunu etməyin ən yaxşı yolu bu proseslərin göz şahidi olmaqdır. Əgər mümkündürsə,  etiketlərə və brend adlarını yoxlayın, məhsuları və ya qurbanları izləyin və onların istismarından faydalanan şəxsləri müəyyən edin.  Təchizat zəncirinin haradan hara getdiyini izləyərkən,  xarici ticarət fəaliyyətinə dair məlumatlarla tanışlıq, yüklərin spesifik fabrikalardan xaricdəki alıcılara getməsini izləmək imkanı verə bilər. 

Pul axınını izləməyin daha bir yaxşı yolu korporativ sənədlərdir. Onlarda illik gəlirlər, biznes partnyorları və şirkətin əlaqələri haqqında informasiyanı tapmaq olar. Məhkəmə sənədləri isə insan qaçaqmalçılığına görə həbs edilmiş şəxslər haqqında məlumat toplamağa, onların başqa təşkilatlarla əlaqələrini öyrənməyə yardım edə bilərlər. 

Foto: Skrinşot

Araşdırma nümunələri

Böyük Britaniya şəxsi mühafizə avadanlığını (ŞMA) gizlin surətdə qul əməyindən istifadə olunan Şimali Koreya zavodlarından alırdı

Covid-19 pandemiyası dünyanı bürüyərkən tibbi maska, əlcək, test çubuqları və xalatlara tələbat sürətlə artmışdı.  Bu malların istehsal olunduğu Çinin zavodları tələbatın öhdəsindən gələ bilmirdi.  2020-ci ilin noyabr ayında “The Guardian” qəzeti geniş araşdırma dərc edərək, Britaniya hökumətinin şəxsi mühafizə avadanlığını Çin şirkətlərindən aldığını, həmin şirkətlərin isə Şimali  Koreyadakı zavodlarında gizlin şəkildə məcburi əməkdən istifadə etdiklərini bəyan etdi.  Üç ay ərzində aparılan araşdırmayla məlum oldu ki, qul kimi işlədilən və əksəriyyəti qadın olan bu adamlar daimi nəzarət altında çalışırlar, onlara iş yerini tərk etmək qadağandır və iş günləri 18 saata kimi davam edir.  Şimali Koreya hökuməti adətən öz vətəndaşlarını xarici şirkətlərdə işləməyə göndərir və məvaciblərini özünə götürür. BMT və ABŞ bu praktikanı cinayət elan edib.  Bu araşdırmaya cavab olaraq, Britaniya hökuməti dövlətlərarası müqavilələri daha şəffaf etməyi söz verdi və bu təchizat zəncirlərində baş verən əmək istismarı hallarını pislədiyini və onlara son qoymaq üçün səy göstərdiyini dedi. 

Narahat sular: Qul uşaqlar alveri

Foto: Sənədli filmdən kadr 

Uşaqları 250 dollara alırlar. Onlar bütün günü balıqçı torlarının iplərini açırlar. Heç zaman pul almırlar.  2019-cu ilin fevral ayında CNN teleşirkətinin sənədli filmi illər uzunu yerli xəbər təşkilatları və fəalların dediklərini təsdiq etdi: 20 minə yaxın afrikalı uşaq Qananın Volta gölündə istismar edilir.  Valideynləri onları balıqçılara pulla satır, ya da bir inəyə dəyişirlər.  Uşaqlar olduqca təhlükəli bir şəraitdə işləyirlər. Bu halı üzə çıxarmaq üçün CNN müxbirləri uşaqları xilas edən, onlara sığınacaq verən və dərs keçən yerli fəalın köməyindən istifadə etdilər.  CNN uşaqların əməyini lentə aldı, onların ailələri, keşikçiləri və xilasedicilərindən müsahibələr aldılar.  Bundan əvvəl 2017-ci ildə Coy Nyuzun çəkdiyi “Voltanın Qulları” adlı sənədli film dərin təhlil apararaq, əvvəllər qul edilmiş uşaqların hekayələrindən, onların həyatlarına quldarlığın təsirindən bəhs etmişdi. 

Foto: Skrinşot

Qullardan dəniz məhsulları

“Associated Press” jurnalistləri 18 ay ərzində qəfəslərdə saxlanılan adamları aşkar edib, onların tutduqları dəniz məhsullarının ABŞ supermarketlərinə və heyvan yemi dükanlarına necə çatdırıldığını araşdırmışdırlar. Bu təhqiqat 2016-cı il İctimai Xidmətlər üçün Pulitzer Mükafatına layiq görülmüşdür.  Bundan daha əhəmiyyətlisi odur ki, araşdrıma iki mindən çox kişinin azadlığa çıxmasına gətirib çıxardı.  Məhkəmə işləri, maliyyə vəsaitinin müsadirələri baş tutdu, sənaye boyu əmək təchizatı zəncirlərinin təkmilləşdirilməsinə dair vədlər əldə edildi. Araşdırmanın başlanmasına Tailandın dəniz məhsulları sənayesində işləmiş miqrant balıqçların qul kimi işlədilmələri barədə hekayələri əsasında yazılmış bir neçə məqalə səbəb olub. Bu məqalələr narahatlıq doğursa da, elə bir təsirə malik olmayıb. AP-nin təhqiqatı hazırda qul kimi saxlanılar şəxsləri tapıb, onların sahiblərini və biznes partnyorlarını məsuliyyətə cəlb edib.  Bu araşdırmanın ardınca aparılan təhqiqatlar dünyanın bir çox yerində əmək istismarı hallarını üzə çıxarıb,  sanksiya və qadağanların tətbiq olunması ilə nəticələnib. 

Məsləhət və vasitələr

Bu mövzunu araşdırmaq istəyən jurnalistlər:

  1. Travma yaşamış adamlardan müsahibə almağın xüsusiyyətlərini öyrəndikdən sonra seks və ya əmək istismarı barədə xəbər yazın. Jurnalistika və Travma üzrə Dart Mərkəzi və Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi buna dair zəngin resurslara  malikdir. QHT-lərə müraciət edib mənbələrlə necə danışmaq və onları necə müdafiə etmək barədə məlumat alın. 
  2. Panjiva and Importgenius ticarət aqreqatları import-eksport sənədlərinə malikdirlər və jurnalistlərə əmtəənin hazırlandığı zavoddan başqa ölkədə olan alıcıya çatdırılmasını izləmək imkanı verirlər. Bura həm də spesifik zavodda istehsal edilmiş brendlər də daxildir. 
  3. OpenCorporates dünayada ən böyük açıq şirkətlər barədə məlumat bazasına malikdir. Bu bazada dünyanın 130 yurisdiksiyasından 190 milyon korporasiya barədə məlumat var. Bu bazada iş aparmaq asan deyil, amma jurnalistlər korporasiyaların şura üzvlərinin adlarını, illik hesabatları, təşkilatların əsasnamələrini tapa, insanları və pulları bir şirkətdən digərinə bağlayan telləri aşkarlaya bilərlər. 
  4. GIJN ya Journalism Fund tərəfindən elan edilmiş təşəbbüslərdən istifadə edərək, başqa ölkələrdəki jurnalistlərlə işbirliyi yaradın. İnsan qaçaqmalçılığını işıqlandırmaq çox ağır bir vəzifədir, lakin bu cinayətin qurbanlarının oğurlandığı və gətirildiyi ölkələrdə işləyən jurnalistlərlə əməkdaşlıq işi xeyli asanlaşdıra bilər.  
  5. Cəmiyyətin normaları ilə tanış olun: bəzi yerlərdə müasir quldarlıq adi bir haldır. Məsələn, Yaxın Şərqdə kafala və ya sponsorluq sistemi asiyalı işçilərin borclarını qaytarmaq üçün müvəqqəti işləmələri deməkdir.  Haitidə valideynlər  restavek adəti üzrə uşaqlarını evlərdə qulluqçu kimi işləməyə verirlər. Bu da uşaqlardan qul kimi istifadə etməyin bir formasıdır.  AP ABŞ-da Havay adalarının balıq donanmasında xarici fəhlələrdən Amerika əmək qanunlarının mühafizəsi olmadan istifadə etməyə imkan yaradan viza sxemini aşkar etmişdi.

Diqqətli olun 

Araşdırmaçı jurnalistlər səsi eşidilməyənlərin səsini eşitdirməyi, günahkarları məsuliyyətə cəlb etməyi özlərinə borc bilirlər. İnsan qaçaqmalçılığının araşdırılması və ifşası  bu məqsədlərin hər ikisinə çatmaq deməkdir. Həqiqətən də, fərdin vəziyyətinə bu cür tez və müsbət təsir göstərən və istismarçı biznes praktikalarına uzunmüddətli müsbət təsir edən jurnalistika mövzuları çox deyil.  

Buna görə də, ehtiyatlı, lakin inadkar olmaq,  qurbanların təhlükəsizliyini daima düşünmək lazımdır.  2016-cı ildə mənim AP-dəki həmkarlarım  Qullardan Dəniz Məhsulları araşdırmasının nəticəsi olaraq azadlığa çıxmış kişilərdən yenidən müsahibə aldılar.  Onlardan bəziləri travma və dəhşətli yuxulardan hələ də əzab çəkirdilər.  Bəziləri utanc hissi ilə yaşayırdılar və ya yenidən asılı vəziyyətə düşmüşdülər. Lakin digərləri yaxşı iş tapa bilmiş,  biznesə başlamış, ailə qurmuş və hətta onları istismar edənlərin məhkum edilməsinə nail olmuşdular.  Bir çoxu vaxt keçdikcə ağrılarının azaldığını deyirdilər.  Onlar azad olduqlarına görə minnətdarlıq bildirdilər.  “Onlar evə döndüklərinə, azad yaşadıqlarına görə minnətdardırlar”, – AP yazırdı – “Onlar artıq qul deyillər”.