Zelenski Putinə açıq məktub yazıb, birbaşa görüş təklif edib

V.Zelenski. Foto: Meydan TV

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktub ünvanlayaraq müharibənin dayandırılması üçün birbaşa görüş keçirməyi təklif edib.

İyunun 4-də yayımlanan məktubda Zelenski Ukrayna ilə Rusiya arasında münasibətlərin son 26 ildə köklü şəkildə dəyişdiyini bildirib və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni Putinin qərarı adlandırıb.

“Bu müharibə sizin şəxsi seçiminizdir — real səbəbi olmayan bir müharibə. Tarix bunu məhz belə xatırlayacaq”, – Zelenski yazıb.

Ukrayna Prezidenti bildirib ki, ölkəsi daimi müharibə istəmir və münaqişənin siyasi yolla həllinə hazırdır.

“Müharibə kifayətdir. Ukrayna bu müharibəyə son qoymağı təklif edir”, – məktubda deyilir.

Zelenski Putinə birbaşa danışıqlar təklif edərək bildirib ki, müharibə və sülhlə bağlı əsas məsələlər liderlər səviyyəsində müzakirə olunmalıdır.

“Mən görüş təklif edirəm. Əsas məsələləri liderlər həll edir. Həmişə belə olub və bundan sonra da belə olacaq”, – o qeyd edib.

Ukrayna liderinin fikrincə, belə bir görüş İsveçrə, Türkiyə və ya ərəb ölkələrindən birində keçirilə bilər. O, Avropa ölkələrinin və ABŞ-nin də danışıqlar prosesində iştirakını vacib saydığını bildirib.

Zelenski yazıb ki, Ukrayna danışıqlar müddətində tam atəşkəsə hazırdır. O, həmçinin bütün hərbi əsirlərin “hamıya-hamı” prinsipi ilə dəyişdirilməsini və müharibə zamanı aparılmış mülki şəxslərin, eləcə də uşaqların geri qaytarılması üçün addımlar atılmasını təklif edib.

Məktubda Zelenski Rusiyanın Ukraynaya qarşı müharibədə böyük itkilər verdiyini iddia edib. O bildirib ki, may ayında Rusiya ordusunun itkiləri 30 min nəfəri ötüb.

Ukrayna Prezidenti həmçinin Rusiyada müharibədən narazılığın artdığını irəli sürüb.

“Onlar benzin qıtlığını və daim artan qiymətləri sevmirlər. Onlar daimi məhdudiyyətləri sevmirlər. Onlar sizin müharibənizin sonunun görünməməsini sevmirlər”, – məktubda deyilir.

Zelenski Rusiyanın Şimali Koreya və Çindən asılı vəziyyətə düşdüyünü də iddia edib.

“Biz müharibəni sizin ərazinizə daşıdıq və Şimali Koreyanın köməyi olmadan bunun öhdəsindən gələ bilmədiniz”, – o yazıb.

Məktubda Rusiyanın Belarusu müharibəyə daha dərindən cəlb etməyə çalışdığı və Dnestryanı bölgə ətrafında fəaliyyət göstərdiyi də iddia olunur.

Zelenski bildirib ki, Ukrayna müharibənin başa çatmasını istəyir, lakin bunun baş verməyəcəyi halda mübarizəni davam etdirəcək.

“Əgər siz şəxsən bu müharibəni dayandırmağın vaxtı çatdığı qənaətinə gəlməsəniz, Ukrayna öz mövcudluğu uğrunda mübarizəni davam etdirəcək”, – məktubda deyilir.

Ana səhifəDünyaZelenski Putinə açıq məktub yazıb, birbaşa görüş təklif edib