Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən uçuq-sökük bu binada Qarabağ müharibəsi zamanı vətənlərindən didərgin düşənlər məskunlaşıblar. Bina sakinləri arasında Xocalıdan olanlar da var, ağdamlılar da, xocavəndlilər də… 90-cı illərin əvvəllərindən başlayaraq gəlib burada məskunlaşıblar.
Məcburi köçkünlərin məskunlaşdığı bərbad vəziyyətdə olan binalar ətrafda bir neçə dənədir. Bu binalarda ümumilikdə 144 ailənin yaşadığı deyilir.
Bina öz istismar müddətini çoxdan doldurub, hazırda qəzalı vəziyyətədır. Amma buna baxmayaraq, bu insanların gedəcək yeri olmadığı üçün hər günlərini həyati təhlükə ilə üz-üzə yaşayırlar. Bina sakinlərinin üzündən həyatlarının necə əzab-əziyyətli olduğunu oxumaq olur. Burada anti-sanitariya hökm sürür. Kanalizasiyadan axan üfunətli çirkab suları daima ətrafa daşaraq binanın zirzəmisini doldurur. Bu zirzəmidə məskunlaşan bir neçə ailə isə çirkab sularından evlərini necə qoruyacaqlarını bilmirlər.
Valideynlərin sözlərinə görə hər həftə ən az iki-üç uşaq anti-sanitariya nəticəsində xəstələnir, ürək bulanması, qızdırma, titrətmə ilə can çəkişirlər. Təcili yardım buradan əskik olmur.
Bina sakinləri bir çox hökumət nümayəndəsinin qəbulunda olublar. Binəqədi rayonu İcra hakimiyyəti başçısının müavini nümayəndə heyətilə birgə binada olub, baxış keçiriblər. Ən son 1 ay əvvəl sakinlər yığışaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda da olublar. Nəticədə onlara yaxın zamanlarda Müşfiqabadda məcburi köçkünlər üçün inşa olunan yeni qəsəbəyə köçürüləcəkləri vəd olunub. Amma dəqiq köçürülmə vaxtı hələ ki bəlli deyil…
Qeyd: Fotoreportaj IWPR Azerbaijan ofisinin International Alert təşkilatının dəstəyilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi üçün hazırlanıb. – İsmayıl Nur, Bakı