Vəlvələ çayının tez-tez “yuduğu” Qonaqkənd

Quba rayonu Böyük Qafqazın şimal-şərq yamacında yerləşir.  Bu rayonun Qonaqkənd qəsəbəsi Quba rayonunun mərkəzindən 46 kilometr cənubda, Vəlvələ çayının sahilində, dağ ətəyindədir. Bura Qubanın qədim kəndlərindən biri hesab olunur.

1959-cu ilin sonuna qədər Qonaqkənd rayon mərkəzi olub. Sonradan rayon statusu ləğv olunub və qəsəbəyə çevrilib. Həmin illərdə Qonaqkənd sakinlərinin əsas məşğuliyyəti qoyunçuluq imiş. Yayda davarını Şahdağ, Babadağ yaylaqlarında bəsləyən qoyunçular qışda Dərbənd-Şabran istiqamətində dəniz kənarlarında və Şirvan düzündə saxlayıblar.

Qonaqkənd ərazisinin Qubaya birləşdirilməsi Xaçmaz ərazisindəki oba və qışlaqların böyük kəndlərə çevrilməsinə səbəb olub.

Qonaqkənd dağlıq ərazi olduğundan meyvəçilik və tərəvəzçiliklə heç bir əlaqəsi yoxdur.

Kənddə qoyunçuluq azaldıqdan sonra xalçaçılıq da azalıb. Əhalinin gəliri olmadığından yaşayış da çətindir.

Bununla yanaşı qəsəbədə Vəlvələ çayı tez-tez daşır, sel suları vətəndaşların həyətyanı sahələrinə dolur. Dağıdıcı çay daşqınlarının qarşısını almaq məqsədilə Vəlvələ çayının sahilində bənd tikilib. Lakin bəndin tikintisi əsasən çayın sağ sahilində baş tutub. Çayın sol sahilində isə 15 ailə yaşayır. Çayın sol sahilində yaşayanların qəsəbənin mərkəzinə düşməsi üçün birinci bu çayı keçməlidirlər.

Çayda suyun artması sol sahilin kənd ilə əlaqəsini kəsir. Buna səbəb çayın üzərində körpü, alternativ yolun olmamasıdır. Sakinlər deyirlər ki, aprel-may aylarında güclü yağışlar çayı daşdırır. Nəticədə çayın sol sahilində yaşayan əhali köməksiz vəziyyətdə qalır.

Yayboyu əkdikləri meyvə-tərəvəz bağlarını çay yuyub aparır. Vəlvələ çayında olan sel nəticəsində əhalinin təsərrüfatına ziyan dəyir. Sonuncu sel suları qaz borularına olan ən yaxın torpaq səthini yuyub aparıb. Sakinlər deyir ki, növbəti daşqının qaz borularını da sıradan çıxaracağı aşkar görünür.  Kənd sakinləri dəfələrlə müraciət etsə də, hələ ki onların şikayətinə baxılmayıb.

Çay kənarındakı vəziyyət isə heç ürəkaçan deyil. Orada yaşayan şəxslər zibil qabları olmadığı üçün məişət tulantılarını çayın kənarına atırlar. Çayın məcrasındakı zibillər ətrafda antisanitariya vəziyyəti yaradır.

Ana səhifəFotoreportajVəlvələ çayının tez-tez “yuduğu” Qonaqkənd