ABŞ Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizinə nəzarət etməyi təklif edib. Bu addım Cənubi Qafqazın iki ölkəsi arasında uzun müddətdir dayanan diplomatik danışıqları irəlilətmək məqsədi daşıyır.
Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak cümə günü keçirilən brifinqdə jurnalistlərə bildirib.
Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı həmin sazişi rəsmən imzalamazdan əvvəl bir neçə əlavə şərtin yerinə yetirilməsini tələb edir.
Bu şərtlərdən biri Ermənistan Konstitusiyasına düzəliş edilməsi, orada Azərbaycan ərazisinə dair istinadların çıxarılmasıdır.
Danışıqlarda əsas mübahisə mövzularından biri isə Zəngəzur dəhlizidir. Bakı bu dəhliz vasitəsilə əsas ərazisi ilə eksklavı olan Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasını istəyir.
Ermənistan isə bu dəhlizin “Zəngəzur dəhlizi” adlandırılmasına etiraz edir. Rəsmi Yerevan bu terminologiyanın Ermənistanın suverenliyi altında olan Sünik bölgəsinə qarşı ərazi iddialarını ehtiva etdiyini bildirir.
Azərbaycan tərəfi dəhlizin tam olaraq Ermənistanın nəzarətində olmasına qarşı çıxır və Yerevanın maneəsiz keçidə zəmanət verə bilməyəcəyini əsas gətirir.
“Middle East Eye” yazır ki, ABŞ-nin nəqliyyat dəhlizinə nəzarəti təklif etməsi danışıqların növbəti mərhələsində yeni dinamika yarada bilər. Lakin tərəflər arasında qarşılıqlı inamsızlıq fonunda bu təklifin qəbul olunub-olunmayacağı hələlik qeyri-müəyyəndir.
Eyni zamanda, Ermənistan marşrutun hər hansı üçüncü tərəfə verilməsinə qəti şəkildə qarşı çıxır.
32 kilometrlik dəhliz Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə olunması yolunda ciddi maneəyə çevrilib.
“Onlar 32 kilometrlik yol üstündə mübahisə edirlər, amma bu elə də sadə məsələ deyil. Artıq on ildir bu məsələ uzanır – cəmi 32 kilometr yol,” – deyə Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib.
Barakın sözlərinə görə, ABŞ bu məsuliyyəti öz üzərinə götürməyi, 32 kilometrlik yolun ona yüz illik icarəyə verilməsini təklif edir ki, hər iki tərəf onu birgə istifadə edə bilsin.
Bu ideyanı ilk olaraq Türkiyə irəli sürüb
Barrakın şərhləri Tramp administrasiyası dövründə dəhlizin ABŞ tərəfindən idarə olunması təklifinin ilk rəsmi təsdiqi sayılır. Bu idarəçiliyin neytral zəmanətçi qismində çıxış edən ABŞ-nin kommersiya şirkəti vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
“Carnegie” Fondunun son hesabatında bu planın əvvəlki Avropa İttifaqı təklifinə əsaslandığı qeyd olunur. Həmin plana görə, ABŞ logistik şirkəti yüklərin daşınmasını idarə edəcək və müşahidə edəcək, məlumatlar isə hər iki tərəflə şəffaf şəkildə paylaşılacaq.
Hesabatda bildirilir ki, bu təklif Gürcüstandakı separatçı bölgələrdəki beynəlxalq nəzarət presedentlərinə əsaslanır və Bakının uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etməyi, eyni zamanda Yerevanın dəhliz üzərində suverenliyini qorumağı hədəfləyir.
Bu arada, Türkiyə Bakını sülh sazişini sakit şəkildə imzalamağa çağırır və Azərbaycan rəsmilərinə regiondakı dəyişən dinamikləri, o cümlədən İranın azalan təsirini xatırladır.
Məlumatlı regional mənbənin “Middle East Eye”a bildirdiyinə görə, dəhlizin Ermənistan və Azərbaycanın qəbul etdiyi bir özəl şirkət tərəfindən idarə olunması ideyası ilk dəfə məhz Türkiyə tərəfindən irəli sürülüb.
“Lakin Ermənistan tərəfi tələb etdi ki, həmin şirkət dəhlizin Naxçıvan tərəfini də idarə etsin. Bu isə Bakı üçün qəbuledilməz idi,” – deyə mənbə bildirib.
Qarabağ münaqişəsi
Ermənistan və Azərbaycan arasındakı münaqişə 1988-ci ildə başlayıb. Ermənistan qüvvələri Sovet İttifaqının dağılmasından sonra BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı və əlavə 7 rayonu ələ keçirmişdi.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən müharibədən sonra itirilmiş 7 rayon və Şuşa şəhəri, eləcə də 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra bütövlükdə Qarabağ geri alındı. Əksər etnik ermənilər bölgəni tərk etdilər və qondarma rejim 1 yanvar 2024-cü ildə rəsmi olaraq buraxıldı.
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi də Bakı ilə Yerevan arasında sülh sazişindən asılıdır.
Türkiyə rəsmiləri Ermənistanı “Orta Dəhliz” adlandırılan və Türkiyəni birbaşa Orta Asiyaya bağlayacaq nəqliyyat marşrutunun vacib həlqəsi kimi görürlər. Türk şirkətləri həmçinin Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməkdə maraqlıdırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçən ay Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdi. Bu, erməni liderin Türkiyəyə ilk rəsmi səfəri idi.