Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın barəsində çıxarılmış həbs hökmlərindən verilən apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılacaq.
Bakı Apellyasiya Məhkəməsində noyabrın 16-da keçirilən iclasda hakim Mehriban Qarayevanın sədrlik etdiyi kollegiya müdafiə tərəfinin əlavə araşdırma aparılması ilə bağlı vəsatətlərini təmin etməyib.
Müdafiə tərəfi şahidlərin yenidən dindirilməsini, işdəki sənədlərin həqiqiliyinin yoxlanılmasını, eləcə də ittihamların əsaslandığı bəzi hüquqi məsələlərə aydınlıq gətirilməsini istəyib. Ancaq məhkəmə bu tələbləri qəbul etməyib. Apellyasiya şikayətlərinə yeni sübutlar araşdırılmadan və şahidlər dindirilmədən baxılacaq.
Anar Abdullanın vəkili Günay İsmayılova məhkəmədə bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı konkret sübut yoxdur. Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsində dindirilən şahidlərin heç biri Anar Abdullanın əleyhinə ifadə verməyib.
“Onun adı heç yerdə keçmir. Konkret qaçaqmalçılıq faktı ilə bağlı heç bir sübut yoxdur ki, harasa gedib, nəsə gətirib. Bu adam nəyin əsasında 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilib, məlum deyil”, – vəkil bildirib.
Anar Məmmədlinin vəkilləri də işin əlavə araşdırılmasına ehtiyac olduğunu deyiblər. Onların sözlərinə görə, ittihamın əsaslandığı bəzi sənədlərin əsli iş materiallarında yoxdur. Müdafiəçilər həmçinin sənədlərdəki imzaların saxta olduğunu, yazıların Anar Məmmədliyə məxsus olmadığını bildirirlər.
Vəkillər bu halların ekspertiza və digər araşdırmalarla yoxlanılmasını istəyiblər. Ancaq məhkəmə həmin vəsatətləri də təmin etməyib.
İş üzrə əsas mübahisələrdən biri Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilatın xarici qurumlardan aldığı vəsaitlərlə bağlıdır.
Anar Məmmədlinin sözlərinə görə, o, müxtəlif təşkilatlarla xidmət müqavilələri bağlayaraq seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsi və digər sahələrdə fəaliyyət göstərib. Gördüyü işlərin müqabilində aldığı vəsaitlərin vergisini də ödəyib. O, fəaliyyətinin qanunvericiliyə uyğun olduğunu bildirir.
İstintaq isə hesab edir ki, həmin müqavilələr əslində qrant münasibətlərini əks etdirib. İstintaqın versiyasına görə, qrant kimi rəsmiləşdirilməli olan vəsaitlər xidmət müqavilələrinin adı altında alınıb, dövlət qeydiyyatından keçirilməyib. Bu səbəbdən həmin vəsaitlər cinayət yolu ilə əldə edilmiş pul kimi qiymətləndirilib.
Müdafiə tərəfi isə qrantla xidmət müqaviləsi arasındakı hüquqi fərqin bu işdə aydınlaşdırılmasını tələb edir. Vəkillər bildirirlər ki, dövlət qeydiyyatından keçirilməyən qrantların cinayət hesab edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir.
Bu məqsədlə onlar Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırıblar. Həmçinin cinayət işində adı keçən beynəlxalq təşkilatlara sorğu göndərilməsini istəyiblər. Müdafiəçilər bu məsələdə 2014-cü ildə həbs olunmuş hüquq müdafiəçisi Rəsul Cəfərovun işini də nümunə göstəriblər.
Rəsul Cəfərov qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbs edilmişdi. 2020-ci ildə Ali Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Müdafiə tərəfi hesab edir ki, Anar Məmmədlinin işi üzrə də qrant fəaliyyəti və maliyyə əməliyyatlarının hüquqi mahiyyəti ətraflı araşdırılmalıdır. Lakin Apellyasiya Məhkəməsi bu məsələlərlə bağlı vəsatətləri də təmin etməyib.
Anar Məmmədli 2024-cü il aprelin 29-da həbs olunub. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittihamlar ağırlaşdırılıb. Ona qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə də ittiham verilib.
Anar Abdullaya da istintaqın sonunda eyni maddələrlə ittiham irəli sürülüb. Əvvəlcə polis nəzarəti altına verilsə də, sonradan o da həbs edilib.
Birinci instansiya məhkəməsi Anar Məmmədlini 13 il, Anar Abdullanı isə 12 il müddətinə azadlıqdan məhrum edib. Onlar ittihamları qəbul etmirlər.
Anar Məmmədli bundan əvvəl də həbs olunub. O, 2013-cü ilin dekabrında tutulub, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb. Həbsdə olduğu müddətdə insan hüquqları sahəsində fəaliyyətinə görə Vatslav Havel mükafatına layiq görülüb.
Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, əsassız sayır və şəxslərin konkret hüquq pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.