Yağış, dolu əkin sahələrinə ziyan vurub

Əkin sahəsi.Foto: arxiv

Fermerlər kompensasiya ala bilmədiklərini deyir

Ötən ayın sonunda aramsız yağan yağışlar, dolu əkin sahələrinə ziyan vurdu. Kartof sahələri suyun altında qaldı. Amma dəymiş zərərə görə kompensasiya ala bilmədik, dedilər ki, vaxtında sığorta etdirməmisiz”.

Bunu Meydan TV-yə cəlilabadlı fermer  Ramil Cəfərov deyib. Onun sözlərinə görə,  Cəlilabadda əksər fermerlər faraş kartofçuluqla dolanır. Yığlan məhsulun böyük hissəsi Rusiya bazarlarına göndərilir.

Fermerlər deyir ki, Göytəpədə hektarlarla sahədə məhsuldarlq aşağı düşüb:

 “Külək, dolu da bir tərəfdən sahələri məhv etdi. Yalnız mənim sahələrim deyil, yaxın qonşuların, qohumların da kartof, çiyələk sahələrinə zərər dəydi, amma nə gəlib baxan, nə də maraqlanan oldu”.

Aramsız yağışlar Tərtər, Ağdam və digər rayonlarda təsərrüfatlara ciddi ziyan vurub. Goranboy rayonunun Börü, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində mal-qaraya və əkin sahələrinə ziyan dəyib.

Fermer Cavad Məmmədov deyib ki, onun taxıl sahəsinə zərər dəyib, eləcə də həyətyani sahəsində əkdiyi nar ağacları ziyan görüb, toyuq-cücəsini sel aparıb. Rayon icra hakimiyyətinin komissiyasına müraiət etsə də, kompensasiya ala bilməyib.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən Meydan TV-yə bildiriblər ki, yalnız sığorta olunmuş təsərrüfatlara dəymiş zərər qarşılanır. Buna görə də sığortanın əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılır, lakin yenə də fermerlərin bu sahəyə marağı yetərli deyil.

Mərkəzdən hektarlarla kartof sahəsinə zərər dəydiyini təsdiqləyiblər.

Goranboy Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.

Eksperlər hesab edirlər ki, kənd təsərrüfatı riskli sahə olduğundan sığorta şərtləri fermerləri qane etmir. Bəzi hallarda isə dəymiş zərər tam ödənilmir.

Ana səhifəBölgəYağış, dolu əkin sahələrinə ziyan vurub