Xuan Laportanın Bakı səfəri: “Barselona” akademiyası və investor axtarışı

Səfərdən yeni iqtisadi anlaşmalar əldə etmək üçün də istifadə olunduğu deyilir

Martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laporta Azərbaycana səfər edib. Laporta Bakıya “Barselona” klubunun direktorları Joan Soler və Xavyer Puiqlə birlikdə gəlib.

“Mundo Deportivo”nun xəbərinə görə, bu səfərin əsas məqsədi Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması olsa da, səfərdən yeni iqtisadi anlaşmalar əldə etmək üçün də istifadə olunub.

Martın 1-də Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Qəbul zamanı Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə “SOCAR” və AFFA-nın prezidenti Rövşən Nəcəf, həmçinin Xuan Laportanın dostu – azərbaycanlı iş adamı Adnan Əhmədzadə də iştirak edib. Məqalədə qeyd olunur ki, Adnan Əhmədzadə Azərbaycanda planlaşdırılan iqtisadi layihələrdə əsas fiqurlardan biri ola bilər. Adnan Əhmədzadə həmçinin “Barselona”nın 125 illik yubiley gecəsinin VIP qonaqlarından biri olub.

Bu, Laportanın Azərbaycana ilk səfəri deyildi. O, keçən ilin noyabr ayında Alejandro Echevarría, Joan Soler və Xavyer Puiqlə birgə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmişdi.

Hökumətin məşhur futbol klublarla əməkdaşlığı da ilk deyil. Bundan əvvəl Azərbaycan İspaniyanın “Atletiko Madrid” futbol klubu ilə sponsorluq müqaviləsi imzalayıb. 2013-cü ildə imzalanan ilkin müqaviləyə əsasən, 18 ay ərzində idmançıların geyindiyi köynəyin üzərində “Land of fire Azerbaijan” sözləri yazılmışdı. Bu müqavilə çərçivəsində Azərbaycan tərəfinin 12 milyon avro ödədiyi bildirilir.

2023-cü ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” futbol klubu ilə sponsorluq müqaviləsi imzalayıb. Üç illik sponsorluq müqaviləsinin ümumi dəyəri 15 milyon avrodur.

Ana səhifəTövsiyəXuan Laportanın Bakı səfəri: “Barselona” akademiyası və investor axtarışı