Həbsxana nəzarətçisi inanclı məhbusun başını dəmir qapı arasında sıxıb

Rövşən Cabbarov. Foto: şəxsi albomundan

Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dini inanclı məhbus Rövşən Cabbarovun zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Arzu Abdullanın sözlərinə görə, müəssisədə su, hamam və sanitariya şəraiti ilə bağlı problemlərə etiraz edən məhbuslara təzyiq göstərilir.

Onun bildirdiyinə görə, məhbuslar hamamdan istifadə zamanı elektrik cərəyanı vurması təhlükəsi ilə üzləşdiklərini deyirlər.

İddialara əsasən, həbsxananın 1-ci korpusunda saxlanılan və narkotik ittihamı ilə məhkum olunmuş dini inanclı şəxslər bu problemlərlə bağlı daha fəal etiraz etdiklərinə görə, nəzarətçilər tərəfindən otaqlarda axtarış aparılıb. Axtarış zamanı məhbusların öz vəsaitləri hesabına aldıqları döşəklərin götürüldüyü, termosların sındırıldığı və pullarının alındığı bildirilir.

Arzu Abdullanın sözlərinə görə, pulunun geri qaytarılmasını tələb edən Rövşən Cabbarov fiziki zorakılığa məruz qalıb:

“Rövşən deyib ki, pulumuzu aparmısınız, qaytarın. Bundan sonra nəzarətçi onun başını dəmir qapı arasında sıxıb. Huşunu itirdikdən sonra isə döyülərək cərimə kamerasına aparılıb”, – deyə hüquq müdafiəçisi bildirib.

Bildirilir ki, daha sonra onun saçları qırxılıb və cərimə kamerasına yerləşdirilib.

Rövşən Cabbarov 2023-cü il martın 13-də narkotik ittihamı ilə həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətHəbsxana nəzarətçisi inanclı məhbusun başını dəmir qapı arasında sıxıb