Həbsdə olan jurnalist “kars”a salınıb

Foto: Polad Aslanovun şəxsi arxivindən

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsinda saxlanılan jurnalist Polad Aslanov “kars”a (cərimə kamerası) salınıb.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə məlumat verib.

Gülmirə Aslanovanın sözlərinə görə, həbsxanada olan digər məhbus jurnalistə hücum çəkərək ona zorakılıq göstərib. Hadisə aprelin 29-da axşam saatlarında baş verib. Aslanova deyir ki, həmin məhbus bundan öncə də dəfələrlə jurnalisti təhqir edib, münaqişə yaratmağa çalışıb.

“Ayin 29-u axşam saatlarında məhbuslardan biri Polada hücum çəkərək onu vurub. Orada da dava düşüb, həmi məhbusa və Polada 15 sutka kars cəzası verilib. Hadisə barədə mənə digər məhbusların ailələri xəbər verib. Bundan əvvəl də həmin məhbus dəfələrlə Polada söz atıb, nalayiq ifadələrlə, yersiz davranışlarla Poladı davaya çəkmək istəyirdi. Bunların aralarında bu konflikt öncədən yaranmışdı. Bunu müəssisə rəisi də, Penitensiar da bilirdi. Amma heç bir tədbir görmədilər. Vəziyyət bu yerə çatana qədər gözlədilər ki, o, Poladı vursun, ya təhqir eləsin, orada dava düşsün”, – deyə Gülmirə Aslanova deyib.

Aslanova bu gün səhər saatlarından cəzaçəkmə müəssisəsində Polad Aslanovla görüş üçün gözləsə də, zəng və görüşə qadağa qoyulduğu deyilib. O deyir ki, jurnalist barədə məlumat ala bilmədiyindən Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovun qəbuluna gedib:

“Mən az əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Fikrət Qafarovun qəbulunda olmuşam və bildirdim ki, mənə telefon danışığı verin, mən görüm yoldaşımın vəziyyəti, sağlamlığı necədir. O cavab verdi ki, səhhətində, sağlamlığında heç bir problem yoxdur, narahat olmayın”.

Gülmirə Aslanova onlara inanmadığını və həyat yoldaşı ilə əlaqə saxlamaq istədiyini bildirib. 

“Həmçinin dedim ki, Poladın heç bir günahı olmadı halda ona da digər məhbusla eyni cəzanın verilməsi qanunsuzdur. Qarşı tərəf səhv eləyib, onu cəzalandırmalısınız. Onu vaxtında etap eləsəydiniz, bu münaqişə, bu problem yaranmazdı. Dedim ki, Poladı cəzalandıra bilməzsiniz, çünki özünü müdafiə eləyib. Dedi ki, heç nə olmayıb, nə Polada, nə də digər məhbusa. Deyirəm icazə verin özü ilə danışım, cavab verdi ki, karsdadır”.

Gülmirə Aslanova deyir ki, bu barədə Ombudsmana şikayət etsə də, heç bir cavab ala bilməyib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.

13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.

O,  ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad  Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətHəbsdə olan jurnalist “kars”a salınıb