XİN: İraqdan Azərbaycana 38 uşaq gətirilib

XİN, Foto: Meydan TV

“Onlar İraqda uşaq evləri və cəzaçəkmə müəssisələrində saxlanılırdı”

İraqdan Azərbaycana 38 uşaq gətirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) oktyabrın 28-də yaydığı məlumatda bildirilir ki, həmin uşaqlar İraq Respublikasında uşaq evlərində və ya cəzaçəkmə müəssisələrində saxlanılırdı: “Həmin 38 uşağın hər biri Azərbaycan vətəndaşıdır. Onların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub”.

Nazirlik bildirir ki, daha öncə də İraq Respublikasından Azərbaycana ümumilikdə 286 uşaq və iki qadın gətirilib.

Dünən gətirilən uşaqlar isə Bağdad-İstanbul-Bakı marşrutu üzrə gəliblər: “Azərbaycan Respublikasına (AR) gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Bu xüsusda indiyədək 286 uşaq və iki qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub”.

XİN atılan bu addımı beynəlxalq müqavilələrlə əsaslandırıb: “Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir”.

İraq Respublikasından Azərbaycana gətirilən insanlar müharibə qurbanları sayılır.

Onların valideynlərinin son illər Azərbaycanı tərk edərək müxtəlif Şərq ölkələrinə üz tutduqları bildirilir.

Son zamanlar Avropa Birliyi ölkələrindən sığınacaq istəyən azərbaycanlıların ölkəyə deportasiya edilməsi və onlardan bəzilərinin müxtəlif maddələrlə həbsi də göstərir ki, Azərbaycan hökuməti xarici ölkələrə üz tutan insanların sonrakı fəaliyyətlərini araşdırır, izləyir.

Ana səhifəSiyasətXİN: İraqdan Azərbaycana 38 uşaq gətirilib