XİN: “Fazil Mustafaya qarşı terror aktının ilkin izləri İrana dəlalət edir”

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Rəsmi Bakı İranın iddialarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin bugünkü açıqlamasını növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib.

Ayxan Hacızadə Kənaninin açıqlamasını Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addım adlandırıb:

МИД Азербайджана
Foto: Meydan TV

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq”.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü açıqlamasında İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı açıqlama verib.

N.Kənani nazirlərin birgə bəyanatını anti-İran anlaşması və Tehrana qarşı vahid cəbhə kimi qiymətləndirib.

Nasir Kənani. Foto: “irna.ir”

N.Kənani bildirib ki, İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə imzaladığı birgə bəyanat “İrana qarşı birləşmiş cəbhə”, həmçinin Azərbaycan ərazisini dəyişdirmək kimi mənfur niyyətləri ifadə edən növbəti sənəddir.

XİN-in sözçüsü Ayxan Hacızadə isə bildirib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib:

“Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanla sərhəd boyu hərbi təlimlərin, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxslərinin anti-Azərbaycan bəyanatlarını, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsini və nümayişini göstərə bilərik”.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum və deputat Fazil Mustafaya qarşı həyata keçirilən terror aktının istintaqının ilkin izləri də hadisənin İrana bağlı olduğuna dəlalət edir.

“Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır. Son 30 ildə İran faktiki olaraq, səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi də yaxşı məlumdur”, – deyə XİN rəsmisi vurğulayıb.

Azərbaycanın Tehrandakı səfirliyi. Foto: Reuters

2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər yaralanıb.

Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya təxliyə edilib.

Deputat Fazil Mustafa
Foto: Meydan TV

Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında  güllələnib.

Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.

Elə həmin gün Baş Prokurorluq deputata siyahlı hücumla bağlı cinayət işi açıb.

Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.

Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb

Ana səhifəSiyasətXİN: “Fazil Mustafaya qarşı terror aktının ilkin izləri İrana dəlalət edir”