Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə eyni gündə – mayın 17-də yağan güclü yağış yenidən Bakıda ciddi problemlərə səbəb olub. Şəhərin müxtəlif ərazilərində yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib, uzun tıxaclar yaranıb. Bir sıra yaşayış evlərini yenidən su basıb, sakinlər və sürücülər çətin vəziyyətlə üzləşiblər.
Bu mənzərə Bakı üçün artıq yeni deyil. Demək olar ki, hər il təkrarlanan leysan yağışları paytaxtda oxşar problemlər yaradır. Sonuncu dəfə oxşar vəziyyət bu ilin mart-aprel aylarında yaşandı. Aidiyyəti qurumlar isə hər dəfə fəsadları normadan artıq yağıntı ilə əlaqələndirirlər.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yayılan məlumatda bildirilib ki, Bakı şəhərinin müxtəlif istiqamətlərində, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.

Yağışın ən çox müzakirə olunan tərəflərindən biri isə onun Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə eyni günə təsadüf etməsi olub. Forumda iştirak edən xarici qonaqlar şəhərdə yaranmış vəziyyətin şahidi olublar. Sosial şəbəkələrdə yayılan görüntülərdə su altında qalan küçələr, hərəkətsiz qalan avtomobillər əks olunub. İstifadəçilər aidiyyəti qurumların problemi illərdir həll edə bilmədiyini yazıblar.

Leysan yağış magistratura imtahanına gedən tələbələr üçün də ciddi çətinlik yaradıb. Sosial şəbəkələrdə paylaşım edən bəzi tələbələr hava şəraiti və bir sıra yolların bağlanması səbəbindən imtahan keçirilən binalara vaxtında çata bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması imtahan mərkəzlərinə gedişi daha da çətinləşdirib. Nəticədə bir sıra tələbə imtahanda iştirak edə bilməyib.
Dövlət İmtahan Mərkəzi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, hava şəraiti nəzərə alınmaqla müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakına şərait yaradılıb. Lakin bundan sonra sosial şəbəkələrdə bəzi valideynlər və tələbələr rəsmi açıqlamanın bütün halları əhatə etmədiyini yazıblar. Onların sözlərinə görə, bir sıra imtahan mərkəzlərində gecikən bakalavrlar içəri buraxılmayıblar.
Narazılıqlardan sonra DİM mayın 18-də əlavə açıqlama yayaraq bildirib ki, yağış səbəbindən imtahana gecikən və iştirak edə bilməyən tələbələr üçün iyunun 14-də magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı keçiriləcək.