”Vaxtilə 2 manata aldığım dərman indi 65 manatdır…”

Camaat hamısı pis gündədir, nə iş var, nə də dolanışıq…

Source:


“Adamlarda pul olmadığına görə alver də ölüb”

“Xlor var, xlor… asiton, kislaata, mebel yağı, ağ neft…” Günaşırı, bəzən də 3-4 gündən bir bu səs həyətimizi başına götürür. Asta yerişli, nurani görkəmli qadın həyəti dolanır, müştəri çağırır, yükünün bir qədər azalmasına, az da olsa pul kisəsinin dolmasına çalışır. Ancaq çox vaxt da istəyinə çata bilmir; əksər hallarda elə gəldiyi kimi də torbaları dolu qayıdır. Son illər artan, marketlərdə də tapılan, keyfiyyət baxımından yaxşı olan bu təmizləyici vasitələri əldən alan azalıb. Özü də etiraf edir, ancaq tələbin azalmasının səbəbini bu vasitələrin marketlərdə artmasında yox, adamlarda pul olmamasında gördüyünü deyir: “Camaat hamısı pis gündədir, nə iş var, nə də dolanışıq, adamlarda pul olmadığına görə alver də ölüb. Heç bilmirəm böyüyümüz hara baxır…”


“Ağşalvarlılar” nəsli…

Dilarə Həsənova bu yazının qəhrəmanıdı. Suraxanıda doğulub. Dediyinə görə, burada 88 saylı orta məktəbdə 5-ci sinfə qədər oxuyub. Sonra məktəbi atıb…

…Dümağ saçları var, çox vaxt da başıaçıq, örpəyi çiyninə düşmüş vəziyyətdə gəzir həyətdə. Köhnə paltar geyinsə də, elə də səliqəsiz görünmür. Uzun illərdir tanıyıram, ancaq heç vaxt təzə ayaqqabıda görməmişəm Dilarə xanımı… Müştəri çağıra-çağıra bir gözü həmişə evlərin pəncərələrinə baxır; bəlkə kimsə nəsə istədi… Bir neçə addım atır, dayanır, müştəri çağırır, təzədən yoluna davam edir. Həyəti dolanır, arada oturacaqlardan birində oturub dincini alır, bəzən həyətdəki qadınlarla dərdləşməyə də vaxt tapır. Ancaq bu çox çəkmir, görünür, iş başında olduğunu unutmur. Yenə qalxır, torbalarını götürür, təzədən xüsusi avazla “Xlor var, xlooor… asiton, kislaata, mebel yağı…” deyə-deyə, həm də bir daha evlərin pəncərəsinə boylana-boylana ləngərli yerişlə həyətdən çıxır.

“Qardaşım rəhmətlik 41-də anadan olmuşdu, müharibə başlayanda, mən də müharibə qurtaranda – 45-də”- deyir Dilarə xanım. “Əslən İçərişəhərliyik”, – deyir,- “ağşalvarlılar” nəslindənəm, eşidərsiz, oxumuş adamlar belə şeyləri bilir… bir tərəfdən də Ağaya (Mirmövsüm ağa) qohumuq. İndi İçərişəhərdəki mənzilimiz də Ağanın evinə yaxındır”.

(“İçərişəhərdə yaşayan “ağşalvarlılar” Bakının ən qədim sakinləri sayılır. Əsl, təmiz bakılı İçərişəhərdəki “ağşalvarlılar”dır (İlqar Fəhmi, “Bakı tarixindən kollaj”. Bakı – 2007). Yeri gəlmişkən, “ağşalvarlılar” o çağ Bakısının dörd ən tanınmış – toyuqyeyənlər, toyuqyeməyənlər və bozbaşlılar nəslindən biri olub – başqa bir mənbədə belə yazılıb).

Sonra elə İçərişəhərə gəlin köçüb. İki qızı, bir oğlu var. “Uşaqların üçü də 11-ci sinfi bitirib” – deyir. Üzündə bir az da sevinc duyulur bunu deyəndə. Ancaq sonra da ah çəkib deyir: “Kişi tez rəhmətə getdi, çətin günlərim başladı… Leçkomissiyada slesar işləyirdi, Şəhidlər xiyabanının yanında xəstəxana var ha, orda”.


– İçərişəhərdəki şəxsi mülkünüzdür?

– Yox, ikiotaqlı hökumət evidir. Deyirlər özəlləşdir, sat. Satmaram, özəlləşdirmək də nəyimə lazımdır, haçan təmirə ehtiyac olsa, yazırıq, gəlib düzəldirlər…

Bu arada kislota soruşurlar. “Var, ancaq yaxındakı həyətlərdən birinə qoymuşam” – deyir, “indi gətirərəm, çox götürəndə ağır olur, gəzdirə bilmirəm, gözləyin”. Sonra dönüb malı mənə tapşıraraq cəld addımlarla tez gözdən itir. Az keçmədən qayıdır. Müştərisini yola salır. Söhbətimizi qaldığı yerdən davam etdiririk.


– Bəs bu satdıqlarınızı hardan alırsız?

– 15 gündə, ayda, elə olur ayyarımda bir dəfə Nasosnıya gedib xlor, kislota, ağ neft, mebel yağı alıb gətirirəm. Sonra burda satıram. Çox yerə getmirəm. Elə buralar mənim obyektimdi,- dediyinə özü də gülür.

“Deyirəm, bala, telefon nəyinə lazımdır, Lalafo-da sat”

Uzun illərdir bu işlə məşğul olduğunu deyir: “Atam rəhmətlik də bizi alverlə dolandırırdı”. İçərişəhərdə bir laboratoriyada 19 il işləyib, ora başqa yerə köçürüləndən sonra işsiz qalıb. Sovetin vaxtlarında Tiflisdən, İrəvandan mal gətirib satıb. “İnanırsan, sata bilmədiyimi də pay verirdim qonşulara, ehtiyacı olanlara”, – deyir Dilarə xanım. Bir dəfəsə “samalyot”la İrəvana getdiyini deyir, oğlu ilə… Xaraba qalsın oraları, qardaşım oğlu Kamal Qarabağda davada şəhid oldu, tək oğluydu qardaşımın…”


– Bu yaşda belə ağır yüklə çətin deyil?

– Neçə ildir oğlum xəstədir, xəstəxanaya qoymağa da qorxuram. Pensiyamı alandan-alana, ayda, iki ayda bir dəfə aparıram həkimə. Sağ olsun, resepti pulsuz yazır, hörmət eləyir də mənə, bilir ki, heç dərmanlara pul çatdırmıram. İnanırsan, bala, vaxtilə 2 manata aldığım dərman indi 65 manatdır… Çox çətindir, oğul… Gəlinim 35 yaşında ölüb, onda nəvəmin 7 yaşı vardı. Bu yaxında 20 yaşı tamam olacaq. Heç düz-əməlli məktəb də oxumadı. Pasaj bazarının yanındakı məktəbdə oxuyurdu, deyəsən, 189-du. 6-cı sinifdən sonra getmədi dərsə. İndi o da hamı kimi işsiz-gücsüz oturub evdə… Qohumlar, qonşular, yaxşı adamlar əyin-başına yardım eləyir. Biri də telefon alıb. Deyirəm, bala, nəyinə lazımdır, qoy Lalafo-da sat. Deyir, “Ay nənə, kimdir ona pul verən?” Nə bilim, vallah…


– Televizorda nəyə baxırsız?

– Zaura baxırdım. İndi də nəsə eləyiblər, heç göstərmir ki mənim televizorum. Oğlumun televizoru göstərir, onunku təzələrdəndi. O da qoymur baxmağa, mənə görə… Zaurun verilişinə baxıram axı… Deyir, ay ana, baxıb ağlayırsan. Mən də sənin ağlamağına dözə bilmirəm…


– Kinoya, teatra getmisiz?

– Cavanlığda getmişik. Uşaqları evdə qoyub gedirdik kişiylə. Gəlib görürdük yatıblar. Ancaq indiki uşaqları qoyub getmək olar? Yamandılar… İndi də yadımdadır: “Zita və Gita”, “Fillər mənim dostumdur” kinolarına baxmışıq. Qoşa qala qapısından çıxıb aşağı düşürdük, orda kinotetr vardı, indi söküblər… Ancaq kişi öləndən sonra getməmişəm…

Bu vaxt həyətə post-patrul maşını gəlir. Ənənəvi gəlişdir… Bu gəlişi gözləyən satıcılar maşına yaxınlaşır… Dilarə xanım da bayaqdan sərgiyə düzdüyü butulkaları tez torbaya atır…

“Burda iki dəfə aldadıb pulumu alıblar”


– Heç olub ki, “xlor var, xlor…” deyib müştəri çağıranda kimsə eyvana çıxıb üstünüzə qışqırsın?

– Yox, Allah var adamın başının üstündə, hamı hörmət eləyir, ancaq elə buralarda iki dəfə aldadıblar məni. Sizin bu həyətdə biri aldadıb 45 manatımı alıb.


– Necə aldadıb?

– Həyətdə durmuşdum, odey, bax orda, o qapının qabağında (bloku göstərir), bir kişi gəlib xlor soruşdu, sonra da yuxarı baxıb kimisə adıyla çağırdı, indi ad yadımda qalmayıb, dedi arvadım gəlib 5 manatlıq xlor götürəcək. Mənə 45 manat ver, bir də yuxarı qalxmayım, arvadım gətirib sənə 50 manat verəcək. Elə bil ovsunladı məni, dilimi-ağzımı bağladı. Verdim, getdi. Gözlədim, adam gəlmədi. Yuxarı qalxdım, dedilər, burda o adda adam yaşamır… Halal eləmirəm, dedim də, seyid nəslindənəm, o pulu yeyə bilməz, Allah baxır axı göydən…

Susur. Gözləri yol çəkir, çətinliklə qazandığı pulun bir anın içində əlində çıxması, görünür, onu hələ çox göynədəcək. Üzü elə görkəm alır ki, sanki pulu indi əlindən verib… Mən də susuram, təskinlik nəyi dəyişər ki?!.

– Yaxşı, mən gedim,- söhbətimizi də, görünür, vaxt itkisi saydığından tələsik ayağa durur, hələ satılıq mal var torbada; bir butulka ağ neft, bir butulka da kislota… Qalan iki xlor butulkasını aldım, yükünü yüngülləşdirmək üçün…

Yol aldı getməyə, ancaq çağırışı elə əvvəlkiydi, “Xlor var, xlor… asiton, kislaata, mebel yağı…”

Ana səhifəReportaj”Vaxtilə 2 manata aldığım dərman indi 65 manatdır…”