Vahid Əhmədov: Mütləq maliyyə amnistiyasına getmək lazımdır

Vahid Əhmədov: Mütləq maliyyə amnistiyasına getmək lazımdır

Prezident İlham Əliyev oktyabrın 23-də bir sıra dövlət qurumlarının İqtisadiyyat Nazirliyinin nəzdində birləşdirilməsi ilə bağlı sərəncam verdi. Ölkə başçısı həmçinin Vergilər naziri Mikayıl Cabbarovu İqtisadiyyat naziri postuna təyin etdi. Başqa bir fərmanla isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev işdən azad edildi.

Baş verən hadisələr cəmiyyətdə bir sıra suallar doğurub. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla sərəncamların yaratdığı sualları müzakirə etdik.


–  Vahid müəllim, 2 gündür müzakirə obyektinə çevrilən 23 oktyabr sərəncamları struktur islahatlarının başlanğıcı sayıla bilərmi?

– İslahatlar və sərəncamlar 23 oktyabrla bağlı deyil, əvvəl də müəyyən sərəncamlar olub və struktur islahatları həyata keçirilib. Xüsusilə 2018-ci il prezident seçkilərindən sonra Azərbaycanda bir sıra kadr dəyişiklikləri oldu. Kənd Təsərrüfatı Nazirliyi, Miqrasiya Xidmətinin rəisi, Sosial Müdafiə, Vergilər Nazirliyi və Gömrük Komitəsinin rəhbərliyi dəyişdirildi. Yeni kadrlar vəzifəyə gətiriləndə artıq kadr islahatlarına start verilmişdi. İkinci, iqtisadi sahədə çox ciddi islahatlar həyata keçirildi, əsasən əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün prezident bir sıra fərmanlar imzaladı. Fərmanların imzalanması nəticəsində əsasən maliyyə bazarına 4 milyard manata yaxın vəsait buraxıldı. Ancaq 23 oktyabr sərəncamları islahatların dərinləməsi üçün çox böyük ehtiyacın olduğunu göstərir. Birinci, struktur islahatlarıdır ki, bu barədə çoxdandır danışırıq. Azərbaycanda struktur islahatlarını ona görə aparmaq lazımdır ki, hökumətin tərkibi sovet dövründən qalıb və bu strukturda çox zəif dəyişiklik olub. Prezident 23 oktyabrda Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin edəndə Əmlak Komitəsini, Vergilər Nazirliyini də bu quruma birləşdirdi, hətta buna super nazirlik də deyirlər. Bu təyinatda görünən əsas kadr potensialıdır, Mikayıl Cabbarov vergilər naziri olanda çox ciddi islahatlar gerçəkləşdirib. O, nazir təyin olunandan sonra görüşüb müəyyən söhbətlər etdik, ardınca keçirdiyi konfransda təkliflərimizi verdik, bunların əksər hissəsi nəzərə alındı və Milli Məclisdə Vergi Məcəlləsinə əlavələr və dəyişikliklərdə öz əksini tapdı. Yəni Mikayıl Cabbarov harda işləyibsə, özünü islahatçı kimi göstərib. Əvvəllər də İqtisadiyyat Nazirliyində müavin işlədiyindən sistemi yaxşı bilir. Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi ilə bağlı cənab prezidentin müəyyən iradları vardı. Sabiq nazir Şahin Mustafayevə iradını da bildirmişdi ki, qeyri-neft sektorunun inkişafına kifayət qədər yatırımlar qoyulub, amma lazımi iqtisadi artıma nail olunmayıb. Ardınca inhisarçılıq, məmurların biznesə müdaxiləsinə toxundu. Elə cənab prezident Mikayıl Cabbarovu qəbul edəndə də bu məsələlərə toxundu. Adi bir misal, Rəqabət Məcəlləsini 10 ildir qəbul edə bilmirik.


– Nə üçün?

– İmkan vermirlər.


– Kimlər?

– Məmurlar.


– İndi həmin məmurlar imkan verəcəkmi?

– İndi mane olacaqlarına inanmıram, çünki cənab prezident bu məsələni Strateji Yol Xəritəsinə daxil etdi. Deməli, 2020-ci ilin əvvəllərində Rəqabət Məcəlləsini qəbul edəcəyik. İddia etmirəm ki, Rəqabət Məcəlləsi qəbul ediləndən sonra bazarda vəziyyət köklü surətdə dəyişəcək. Amma 30-40 faiz müsbət nəticəsi olacaq.


– Yaxud gəlirlərin deklarasiyası barədə qanun layihəsi illərdir qəbul edilmir…

– O məsələyə də gələcəm. Ümumiyyətlə, aparılan islahatlar dərinləşməlidir, ilk növbədə struktur islahatlarına mütləq gedilməlidir. 10 milyon əhalisi olan ölkədə bu qədər nazirliklər, agentliklər, komitələr kimə lazımdır? İri şirkətləri tədricən özəlləşdirmək lazımdır.


– Məsələn, “Azərsu”, AZAL, “Azəriqaz”, “Azərişıq” kimi şirkətlər?

– Bəli, bunlar özəlləşməyə getməlidir. Strateji və dövlət əhəmiyyətli sahəni saxlamaq lazımdır, amma qalanları investisiya axtarmalı və özəlləşdməlidir.


– Siz də İqtisadiyyat Nazirliyini super nazirlik adlandırdınız, iqtisadçı Natiq Cəfərli də həmin ifadəni işlətmişdi. Baxın, regional inkişaf, vergi, əmlak, sahibkarlıq, bunları bir nazirliyin nəzdinə verdilər. Bəs Baş nazirin səlahiyyətləri nədən ibarət olacaq?

– Hər şey kadrlardan asılıdır. Mikayıl Cabbarov Vergilər Nazirliyində çox böyük işlər görüb. Bütün bunları nəzərə alaraq ölkə prezidenti ona səlahiyyətlər verdi ki, işləri davam etdirsin. İkinci, özəlləşdirilməylə bağlı Əmlak Komitəsi də İqtisadiyyat Nazirliyinin tərkibinə verildi, elə çox da özəlləşdirilməli əmlak qalmayıb. İri şirkətlər qalıb, tədricən onlar özəlləşdirilməyə çıxarılmalıdır. Məsələn, niyə Azərbaycanda aviasiya ilə bağlı bir şirkət olmalıdır? xarici şirkətlərə ölkəyə daxil olmağa icazə verilməlidir, elə AZAL-ı da özəlləşdirmək lazımdır.


– Adətən Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi gözlənilirdi, ancaq bu, baş vermədi. Səbəb nədən ibarətdir?

– 28 ildir müstəqil dövlətik və bu illərdə ən çox şikayət iki nazirlikdən olub, Vergilər Nazirliyi və Gömrük Komitəsindən. Hazırda bu qurumlarda müəyyən işlər gedir, amma iddia etmirəm ki, 100 faizlik nəticə alınıb. Sadəcə, 3-4 il əvvəlki Gömrük Komitəsi ilə indiki arasında böyük fərq var, insanları incitmək, rüşvət, korrupsiya kifayət qədər azalıb. Gələcəkdə çox güman ki, komitə Maliyyə Nazirliyinə birləşdiriləcək, yaxud İqtisadiyyat Nazirliyinə. Əgər komitədə neqativ hallar götürüləcəksə, qanunun tələblərinə cavab verən iş qurulacaqsa, əlavə heç nəyə ehtiyac yoxdur. Vergilər Nazirliyinə gələk, vaxtilə sahibkarlar ayın sonunda ödəməyə pul tapmırdılar, basqıyla gəlib 5 milyon köçürməni tələb edirdilər. İndi belə hallar yoxdur, real rəqəmləri ortaya qoyub dedilər bunu toplaya bilərlər.


– Siz bir sıra qurumların ləğv olunmasına toxundunuz, məsələn, Melorasiya və su təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, olmazmı bunlar Kənd Təsərrüfatına birləşdirilsin?

– Elə ona görə struktur islahatlarının vacibliyini vurğuladım, necə kadr islahatları gedirsə, ona da uyğun bu sahədə iş aparılmalıdır. Ancaq bir məqam var, bu, kadrdan asılıdır. Əgər hansısa nazirliyi birləşdirirlərsə, cənab prezidentin təyin etdiyi şəxs vəzifəsinin öhdəsindən gələ biləcəkmi, sual budur.


– O zaman, Mikayıl Cabbarov bir necə qurumu özündə birləşdirən nazirliyin vəzifələrini yerinə yetirə biləcəkmi?

–  Mən hesab edirəm ki, o, vəzifəsinin öhdəsindən gələcək, onun müsbət addımları çoxdur, kifayət qədər təcrübəli və savadlı iqtisadçıdır. Vergilər Nazirliyini tamamilə yenidən qurdu. Amma İqtisadiyyat Nazirliyi çox ciddi nazirlikdir, Azərbaycanın iqtisadi blokunda əsas nazirlikdir. Nazirliyin verdiyi proqnozlardan, rəqəmlərdən çox şey asılıdır, onlar həm dövlət büdcəsini formalaşdırır, həm də ölkənin gələcək taleyi həll olunur. Ona görə nazirliyin daxilində də ciddi islahatlara ehtiyac var.


– Bütün hallarda Baş nazir Əli Əsədov kölgədə qalmayacaqmı?

– Yox, Baş nazirin işi çoxdursa, kölgədə niyə qalmalıdır?! Ölkənin iqtisadiyyatına cavabdeh Nazirlər Kabinetidir və Baş nazir kabinetin işini tənzimləyən bir şəxsdir. Söhbətimizin əvvəlində dedim, Azərbaycanda bu qədər komitəyə və nazirliyə ehtiyac yoxdur.


– Oğlunun 2 milyonluq saat qalmaqalından sonra Rövnəq Abdullayevin rəhbəri olduğu SOCAR barədə nə düşünürsünüz?

– Mən bu barədə mətbuatdan oxumuşam. Ümumiyyətlə, SOCAR dünyada tanınmış və kifayət qədər təcrübəsi olan şirkətdir. Şirkət Türkiyə başda olmaqla bir sıra xarici ölkələrə böyük sərmayələr yatırıb. Yəni SOCAR haqda mənfi fikir söyləmək istəmirəm.


– Amma SOCAR-ın 8 milyard borcu var, dövlətin də təxminən o qədər borcu var…

– Ola bilər şirkətin daxilində problemlər var, inkar etmirəm. Amma SOCAR-ın gördüyü işləri də müsbət qiymətləndirirəm. SOCAR-ın büdcəyə vergiləri əhəmiyyətlidir, daxilində hansısa problem, korrupsiya halları varsa, bu, artıq dövlətin qayğısıdır, bunları dövlət aradan qaldırmalıdır. Əgər dövlət başçısı 16 oktyabr müşavirəsində məsələləri ciddi qoyursa, bu, yalnız iclasda iştirak edənlərə aid deyil, hamısına aiddir. Hamı artıq bu yolla getməyin mümkünsüzlüyünü başa düşməlidir, problemlər həllini tapmalıdır. SOCAR-ın borcuna gələk, maraqlanmışam, əsas kredit borclarıdır, onlar kifayət qədər kredit götürüb, bir sıra ölkələrə yatırımlar qoyub, indi borcları hansı faiz səviyyəsindədir, onu deyə bilmərəm. Bununla belə, SOCAR-da kifayyət qədər təcrübəli mütəxəssislər var, prezidentin müavinlərini tanıdığım üçün bilirəm. İkinci, Azərbaycanda Hesablama Palatası fəaliyyət göstərir, əgər palata şirkəti yoxlayıb müəyyən nöqsanlar üzə çıxarırsa, bu, artıq siqnaldır.


– Son hadisələr prezidentin köhnə qvardiyanı demontaj etdiyini təsdiqləyir. Hətta Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirdi ki, son dəyişikliklər Mehriban Əliyeva üçün yeni komanda yaradılmasının təzahürüdür. Siz bunları bölüşürsünüzmü?

– Bəli, mən komandanın demontaj edilməsi fikriylə razıyam və bu, çoxdan həyata keçirilməliydi. Hətta dəyişiklikləri gecikmiş hal hesab edirəm. Çünki yeni təfəkkürlü, cavanlar gəlməlidir, hansı ki müasir iqtisadiyyatı, innovasiya sistemini bilirlər. Mən yeni qoyulan nazirlərin hamısının yaxşı işləyəcəyini iddia etmirəm, səhvləri də, nöqsanları da olacaq, biz artıq müəyyən səhvləri görürük. Amma 3-5 ildən sonra onlar normal işləyəcəklər. Əsas korrupsiyanın, rüşvətin olmamasıdır, işlərində şəffaflıq olmalıdır. Mənə elə gəlir dəyişə biləcəklər. Məsələn, Miqrasiya Xidmətinə Vüsal Hüseynovu təyin ediblər, əvvəl deputat olub, intellektual və tərbiyəlidir, ilk dəfə olaraq online qəbullar etdi, Azərbaycanda yenilik idi. Yaxud əvvəl adını çəkdiyim Mikayıl Cabbarov, Vergilər Nazirliyinə gələn kimi araşdırma aparıb hər şeyi ortaya qoydu və cənab prezidentə məruzə edəndən sonra nazirlikdə ciddi islahatlar haqda qərar qəbul edildi. Sosial müdafiə naziri Sahil Babayev də ciddi islahatlar aparır, faktiki sosial mavinətlə bağlı məsələ ciddi problemə çevrilmişdi, indi hamısı kompüterə köçürülüb.


– Vahid müəllim, son iki gün Azərbaycanın məmur korpusunda 50 ildən çox dövrdə yüksək vəzifələr tutan Ramiz Mehdiyevin istefaya göndərilməsi müzakirə olunur. Ramiz Mehdiyevin gedişi ilə nə dəyişəcək?

– Mən mediada və sosial şəbəkələrdə yazılanları oxuyuram. Ramiz Mehdiyevi də kifayət qədər yaxşı tanıyıram, mən zavod direktoru işləyəndə, o, Mərkəzi Komitədə ideologiya katibi idi. Bir məsələyə toxunum, yeni gənc nazirlər təyin olunanda təklif etdim ki, hər biri özünə yaşlı müavin saxlasın, ancaq istehsalatı, təsərrüfatı bilən təcrübəli insanlardan. Bilirsiniz, universiteti bitirib birbaşa idarəçiliyə gəlib işləmək çox çətindir, həyatla kitab arasında böyük fərqlər var. Əlbəttə, Ramiz Mehdiyev kifayət qədər təcrübəli siyasətçiydi, istər Heydər Əliyevin, istərsə də İlham Əliyevin vaxtında idarəetmənin tənzimlənməsində çox böyük uğurları olub. Xüsusilə onun Azərbaycanın Rusiya ilə münasibətlərində gərginliyin yaranmamasında böyük təcrübəsi var, ona görə onun potensialından istifadə edilməlidir, ardınca akademikin AMEA prezidenti seçildiyini eşitdim. Bütün hallarda yaş öz sözünü deyir, Ramiz Mehdiyevin 81 yaşı var, Allah ömür versin, 100 il yaşasın, amma nə qədər olmasa da, insanda müəyyən dəyişikliklər baş verir. Yaxud Akif Əlizadə, 85 yaşı olsa da, gümrah görünür, kifayət qədər təcrübəsi var. Demək istəyirəm ki, yaşlı insanlardan istifadə etmək lazımdır. Son vaxtlar Milli Məclisə cavanlar çox gəlib, amma siyasətdə yaşlıların yerin verə bilmirlər, siyasət çox çətindir. Konqresdə 81 yaşlı konqresmen var, onların təcrübələrinə görə seçirlər.


– Vahid müəllim, mövcud vəziyyətdə ölkəyə hansı təhlükələr var?

– Ağır sualdır. Biz həmişə islahatlar getməsinin vacibliyini deyirdik, indi gedir və prezidentin özü də mane olan qüvvələrin olduğunu da qeyd etdi. Köhnə oliqarxlar var, əllərində də kifayət qədər vəsaitlər. 28 illik müstəqillik zamanı çoxlu pul toplayan insanlar olub və bunları daxildə və xaricdə yerləşdiriblər. Bu adamlar dövlət üçün qorxulu insanlardır.


– Vəzifədə olanları varmı?

– Olanı da var, olmayanı da. Belə insanları həmişə diqqət mərkəzində saxlamaq lazımdır ki, Azərbaycan üçün problem yaranmasın. İkincisi, maliyyə amnistiyasına mütləq getmək lazımdır. İnsanlar bu pulu qazanıblar, yaxşı, yaxud oğurluqla, artıq bunun əhəmiyyəti yoxdur, o pullar ölkəyə gəlməli və iqtisadiyyata yatırım qoyulmalıdır. Bunun üçün qanunlar qəbul edilməli və göstərilməlidir ki, terrorizm və narkobiznesə qoyula bilməz. Üçüncü, gəlir deklarasiyası haqda qanun 10 ildən çoxdur qəbul edilib və prezident elə həmin vaxt Nazirlər Kabinetinə müvafiq göstəriş verib. Amma 10 ildə normativ sənəd hazırlanmadı. Əgər biz islahata gediriksə, bu qanun mütləq olmalıdır, heç olmasa, gələn ilin yanvarın 1-dən tətbiq edilməlidir. Rusiyada bu qanun qəbul edildi, dünya dağılmadı ki… Azərbaycanda belə məsələləri mütləq gerçəkləşdirmək lazımdır.

Ana səhifəVideoVahid Əhmədov: Mütləq maliyyə amnistiyasına getmək lazımdır