“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:
Bir ildir saxlanıldığım Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin döşəmələrindən nə qədər qan yuyulduğunu deyə bilmərəm. Hər dəfə kameradan çıxarılıb vəkilə, görüşə, məhkəməyə və s. aparılarkən birinci mərtəbədən keçəndə yerdəki qan damlalarından yan ötməyə çalışıram. 12 aylıq müşahidələrim, eşitdiklərim, söhbətləşdiyim məhbusların hekayələri məni həbsxanadakıların psixoloji vəziyyətinə diqqət çəkməyə sövq etdi.
“Həbsxanaya düşdüyüm ilk gün idi, məni qorxu bürüdü. Qorxu bürüdü ki, bir də burdan heç vaxt çıxa bilməyəcəyəm və mən burada olanda yaxınlarımı itirəcəyəm”, – deyə qadın məhbuslardan biri qeyd edir.
Həbsxana şəraitinin insanları cəmiyyətdən təcrid edərək psixoloji sağlamlığına ziyan vurması barədə çoxsaylı araşdırmalar mövcuddur və bu, artıq mütləq həqiqət kimi qəbul edilir. Təcrid müəssisələri hüquqsuzluğun ən yayğın və münbit olduğu yerlərdir. Həbsxana rəhbərliyi məhbusun xarici dünya ilə rabitəsizliyindən istifadə edərək, onun vəkillə, ailəsi ilə görüşünə qadağa qoymaq, telefon danışığına məhdudiyyət tətbiq etmək səlahiyyətinə malikdir. Beləliklə, məhbus çılpaq mövcudluğu ilə yalnız qalır.
“Mən qanunsuz olaraq, saxta ittihamlarla artıq 3 ildən çoxdur ki, həbsdəyəm. Həbsdə insanların hüquq və azadlıqları qorunmur, dustaqlara qarşı nəzakətli müraciət və münasibətdən söz gedə bilməz. Hüquqlarını tələb edənlər döyülür, şəxsiyyət və ləyaqətləri alçaldılır. Bu isə məhbusları özünə xəsarət yetirməyə, ölüm həddinə çatdırır. İnsan həyatı bunların vecinə belə deyil. Nə prokurorluq, nə də ombudsman baş verənlərə məhəl qoymur”, – kişi dustaqlardan biri deyir.
Həbsxana fəlsəfəsi islahı itaət etməkdə görür və burada məhbusa onun etirazının nəticəsiz olduğu təlqin olunur, çünki onu heç kim eşitmir. Elə bu səbəblərdəndir ki, əksər məhbusların ən qorxduğu şeylərdən biri unudulmaq və görülməməkdir. Əksəriyyəti düşünür ki, buradan heç vaxt xilas ola bilməyəcək. Buna görə də ümidsizliyə qapılır və təşviş yaşayır.
Bir müddət sonra mühitə adaptasiya olunmağa başlayırsan, lakin hər gün harada olduğunu dərk etməkdə çətinlik çəkirsən. Tənhalıq hissi insanı heç tərk etmir. Sən burada hamı üçün sıradan birisən. Həbsxana sanki insanın kimliyini öldürür.
“Elə bilirsən, buradakıların heç biri səni eşitmir, başa düşmür. Laqeydlik insanı mənəvi olaraq çökdürür”, – deyə qadın məhbus bildirir.
Harvard Universitetinin psixiatrı Stüart Qrassianın araşdırmaları təcridin sadəcə bir cəza növü olmadığını, əslində insan beyninə qarşı tətbiq edilən bioloji və psixoloji bir hücum olduğunu sübut edir. Araşdırmalarda deyilir ki, uzunmüddətli tənhalıq insan beynində spesifik, geridönməz və dağıdıcı bir patologiya yaradır. Psixiatr bu vəziyyəti SHU (Xüsusi Saxlama Bölməsi) sindromu adlandırır.
Ailə və sosial ətrafdan təcrid. Total nəzarət
Məhbuslar həbsxanada ailə, dost və tanışlarından, bir sözlə, sosial çevrələrindən ayrı qalırlar. Həftədə yalnız bir dəfə limitli imkanlarla verilən görüş hüququ bu uçurumu aradan qaldırmaq gücündə deyil. Görüşlər rabitə vasitəsilə, yəni şüşə arxasında baş tutduğundan yaxınlarınla fiziki təmas qura bilmirsən və bu da aranızda gözəgörünməz bir divar hörür.
Məhbuslar artıq öz həyatlarına nəzarət edə bilmirlər. Onlar tamamilə başqalarından asılı vəziyyətə salınırlar. Hətta ailənizlə nə qədər görüşəcəyinizi belə nəzarətçi təyin edir. Bir göz qırpımında keçən görüşü nəzarətçinin “yekunlaşdırın” səsi bölür.
Vəkil və ailə ilə görüşlər konfidensial keçirilmir. Həbsxana daxilində sərbəst hərəkət etmək hüququndan da məhrumsan; qapıları yalnız nəzarətçi açarla açıb-bağlayır. Saxlanıldığın kameranın qapısının içəridən cəftəsi olmur, yalnız çöl hissədən bağlanır. Səni daim müşahidə edən nəzarətçi, telefon danışıqlarında və rabitəli görüşlərdə “ikinci qulaq”, bəzi otaqlarda isə dinləmə cihazları və kamera nəzarəti mövcuddur. Yeni tanıdığın kamera yoldaşlarına gəldikdə isə, heç bir güvəndən söhbət gedə bilməz. Nəticədə, məhbus öz fikir burulğanının içində çabalayır. Bu vəziyyət onu özünü daha çox senzura etməyə məcbur buraxır və özünə qapanmağa itələyir.
Bir çox hallarda məhbuslar uşaqlarına həbs olunduqlarını açıqlaya bilmədiklərini və bu gerçəyi onlardan gizlətdiklərini dilə gətirirlər. Onlar qorxurlar ki, uşaq qəlbi bu reallığın altında əzilə bilər. Lakin deyilən bu yalan da məhbuslara əlavə mənəvi yük qazandırır. Onlar uşaqları ilə aralarındakı bağın tamamilə zəifləyəcəyindən, yaxud qopacağından qorxurlar. Tez-tez kiminsə övladının şəklinə baxa-baxa kövrəldiyini görə bilərsən. Bəzilərinin gücü isə yalnız həbsxananın bir “iş yeri” olduğu yalanını uydurmağa çatır, görüşə gələn uşağa bu acı həqiqət məhz belə satılır.
“Dərk edəndə ki, həyatının ən böyük səhvini etmisən, öz yaxınlarına qarşı haqsızlıq etmisən, vicdan əzabının altında qalırsan. Bu illər ərzində qızımın başına nələr gələcək? Onun böyüdüyünü görməyəcəyəm, yanında ola bilməyəcəyəm. Həyatda nə qədər şeyi qaçıracağam, valideynlərimi itirmək qorxusu içimi bürüyür. Mənim səhvim ucbatından uşağımın gələcəyi sual altında qalır”, – deyə məhbus qadın əlavə edir.
Ailə ilə münasibətlərin qopması başqa formada da özünü büruzə verir. Məsələn, bəzi məhbus ailələri maddi imkansızlıqdan və ya həbsxanaya düşən yaxınlarını bir utanc mənbəyi olaraq gördüklərindən, nə görüşə gəlir, nə də onlara sovqat gətirirlər. Bu da məhbusların psixoloji vəziyyətinə ağır təsir göstərir və onlarda tərk edilmişlik hissini daha da gücləndirir.
Məhbusların bir qismi isə həbsxanada tamamilə çarəsizliyə qapılır. Monotonluğun gətirdiyi vaxt itkisi və can sıxıntısı onların psixoloji cəhətdən çökməsinə yol açır. Burada keçirdikləri ayların hədər getdiyini düşünmələri və bu vaxtı daha səmərəli xərcləyə bilməməkləri onların özlərini faydasız və yararsız hiss etmələrinə gətirib çıxarır. Məhbuslardan biri söhbətimiz əsnasında demişdi: “Anam deyir ki, gedib orada boş-boş oturmusan. Ondansa işləyib evə pul gətirərdin”.
Ailə tərəfindən günahlandırılmaq onsuz da özünü suçlu hiss edən məhbusun psixologiyasını darmadağın edən ən ağır amillərdən biridir. Hətta ailə bunu etməsə belə, davamlı olaraq ziyarətə gəlsələr də, məhbus tez-tez onlara yük olduğunu və əziyyət verdiyini düşünür.
Qeyri-müəyyənlik
Hər gecə yuxuya getməmişdən əvvəl buradan azadlığa çıxdığın günü xəyal etməyə çalışırsan, amma həmin günün nə vaxt gələcəyindən xəbərsizsən. Azadlığa çıxandan sonra nə ilə məşğul olacağını da bilmirsən. Azərbaycanda məhkumluğu olan insanlar artıq cəmiyyət üçün yararsız hesab olunurlar.
“Başa düşürəm ki, daha yaxşı işdə çalışa bilməyəcəyəm. Heç vaxt kiməsə bu səhvi niyə etdiyimi başa sala bilməyəcəyəm. İnsanlar məni yalnız barmaqla göstərəcəklər. Bu ləkə həyatım boyu üzərimdə qalacaq. Nə edəcəyəm, heç bilmirəm”, – qadın məhbus söyləyir.
Sosial psixoloq Ervinq Qofman (Erving Goffman) 1961-ci ildə yazdığı “Sığınacaqlar: Psixi xəstələrin və digər məhbusların sosial vəziyyətinə dair esselər” (Asylums: Essays on the Social Situation of Mental Patients and Other Inmates) əsərində məhbusun keçdiyi yolu “mənəvi karyera” adlandırır. Qofman qeyd edir ki, bu, karyera yüksəlişi deyil, kimliyin deqradasiyasıdır.
O iddia edir ki, cinayətkarlıq fərdin daxili xüsusiyyəti deyil, cəmiyyətin ona yapışdırdığı etiketin nəticəsidir. Bir dəfə etiketləndikdən sonra fərdin bütün normal davranışları belə həmin etiketlə izah olunur.
Məhbus həbsxanadan necə xilas olacağını, çıxarsa cəmiyyətin onu necə qəbul edəcəyini və gələcəyə dair planlarını müəyyənləşdirməkdə çətinlik çəkir. O, həbsdə ancaq indini planlaya bilir, lakin azadlıqdakı həyatına dair bunu edə bilmir. Gələcək məhbus üçün sürüşkən hala gəlir. Bunlar isə onda dəyişkən ruh halı yaradır: gah ani aqressiya yaşayır, gah da apatiya duyur.
Pis şərait, qeyri-insani rəftar və ləyaqətin alçaldılması
Məhrumiyyətlər, qadağalar, şəxsi sferanın olmaması, kamerada özünün seçmədiyi insanlarla əhatələnmək və istəmədiyi həyatı yaşamağa məcbur buraxılmaq, tətbiq edilən psixoloji və fiziki zorakılıq (həbsxana işçiləri və ya digər dustaqlar tərəfindən), asudə vaxtın yalnız eyni şeylərlə (televizor, kitab, stolüstü oyunlar) doldurulması, bir otağa qapadılmaq, günəş işığına və təmiz havaya həsrət qalmaq, psixoloji və fiziki sağlamlığın qorunması üçün keyfiyyətli tibbi yardımdan məhrum edilmək, eləcə də kamera şəraitinin pis olması…
Bütün bunlar toxunduğum problemin daha da dərinləşməsinə yol açır. Məhbusun adi pəncərəsi belə yoxdur, ancaq səmaya baxan tavan var, onu isə yalnız dəmir barmaqlıqlar ardından görür.
“Bir müddət sonra başa düşməyə başladım ki, qanunsuz həbsim heç kəsi maraqlandırmır. Saxlanıldığım Bakı İstintaq Təcridxanasından üç il yarım ərzində hüquq-mühafizə orqanlarına şikayətlər göndərirdim. Sonradan anladım ki, 500-dən çox müraciətim göndərilməyib. Dünya sanki başıma fırlandı. Etiraz olaraq, hüququmdan istifadə edərək qidadan imtina edib aclığa başladım”, – kişi məhbus qeyd edir.
Həbsxanada zorakılıq yayğın faktordur, hətta birbaşa zorakılığa məruz qalmayıb, sadəcə başqasının zorakılığa məruz qaldığını görmək özü belə psixoloji zorakılıq hesab edilir. Kobud, jarqon və qeyri-etik ifadələr eşitmək də insan ləyaqətinin alçaldılmasında böyük rol oynayır. Bütün bunlar fərdin özünə inamını zəiflədir və o, bir şəxsiyyət kimi öz gözündə sınır.
“Yalan vədlər, boş məsləhətlər, xəyanətlər, kiminsə səndən maddi olaraq istifadə etməyə çalışması, sənin boynuna minərək irəli düşməyə cəhd edənlərin olması insana mənəvi cəhətdən çox pis təsir edir. Bir yerdən sonra başa düşürsən ki, başını itirməmək üçün ən yaxşı halda susa bilərsən. Çünki qəfildən özünü çox mənasız bir mübahisənin içində tapa bilərsən. Kamera yoldaşlarının psixoloji təzyiqləri də çox pis hiss etdirirdi. Gah kobud davranış, gah görməzdən gəlinmək, gah da bütün kamera yoldaşlarının səni danışdırmaması kimi hallarla üzləşirdim. Nəzarətçilərin kobud, iynələyici sözləri, üstəlik, bunu başqalarının yanında etmələri məni pərt edirdi. Danışdığım bütün bu şeylər bir müddət sonra intihar düşüncəsinə çevrilir”, – deyə qadın məhbus qeyd edir.
Sosial psixoloq Ervinq Qofman isə bu vəziyyəti belə izah edirdi: “Biz insanları normal etmək üçün onları qeyri-normal şəraitlərə qapadırıq. Lakin unuduruq ki, qeyri-normal şəraitdə yalnız qeyri-normal məxluqlar yetişə bilər.”
“Bu müddət ərzində həbsxanada çox şey görmüşəm. Hüquqsuzluğa dözməyən şəxslər isə özlərinə xəsarət yetirir və ya özlərini öldürmək həddinə çatırlar. Özünü ülgüclə doğrayanlar, qaşıq, çəngəl, batareyka, dırnaqtutan, hətta domino daşlarını udanlar, barmaqlarını, qulaqlarını kəsənlər, qarnını kəsib bağırsaqlarını qapıya bağlayanlar, özünü asaraq öldürənlər görmüşəm. Əksər hallarda bu hadisələr gizlədilir. Dustaqlara psixoloji yardım göstərəcək bir nəfər psixoloq belə yoxdur”, – kişi məhbus əlavə edir.
Özünə xəsarət yetirmə və intihar
“Təcridxana divarları fərdin mənliyini sadəcə sıxmır; onlar mənliyi o qədər kiçildir ki, sonda fərd öz mənliyinin içində yoxa çıxır”, – deyə psixiatr Stüart Qrassian qeyd edir.
Qadın məhbus intihara cəhd etdiyi həmin günü belə xatırlayır:
“Köməksizlik səni qorxulu hisslərə və intihara sürükləyir. Dünyaya qarşı küskünlük yaşayırdım. Uzun müddət idi ki, dözməyə çalışırdım. Təslim olmaq istəmirdim. Amma hər şey üst-üstə gələndə psixikam məğlub oldu. Mən hər şeyi bitirmək qərarına gəldim. Heç nə haqqında düşünmürdüm. Mən sadəcə bu işgəncəni bitirmək istəyirdim. Buna görə də əlimdə olan bütün dərman vasitələrini içdim. Ancaq kamera yoldaşım bunun fərqinə varıb dərhal müdaxilə etdi və məni xilas elədi”.
Məhbusları həbsxanada özünə xəsarət yetirməyə itələyən səbəblər arasında pis şərait, türmədə gördükləri rəftardan ən yüksək olanı isə “psixoloji yüklənmə”dir. Onlar işlərinə düzgün baxılmadığında, istintaq ədalətsiz aparıldığında və ya şərləndiklərini hesab edəndə diqqət çəkmək üçün özlərinə xəsarət yetirir, yaxud intihara cəhd edirlər. Bu bir il ərzində onlarla belə hadisənin şahidi olmuşam: kimsə damarını doğrayır, kimsə qaşıq udur, kimsə isə özünü asır.
Mart ayında Bakı İstintaq Təcridxanasında məhbuslardan biri intihar edib. O, intihar məktubunda haqsız həbsinə etiraz etdiyini yazaraq, işinə baxan müstəntiqi günahlandırıb. Halbuki tibbi ekspertiza həmin məhbusun psixi problemlərini müəyyənləşdirərək ona müalicə məsləhət görmüşdü. Əgər intihar etməsəydi, 3-4 gün sonra Maştağada yerləşən psixiatriya xəstəxanasına göndəriləcəkdi.
Bu cür intihar hadisələri adətən mediada işıqlandırılır və cinayət işinin açıldığı bildirilir. Ancaq indiyədək hansısa məmurun kimisə intihara həddinə çatdırdığına görə cəzalandırıldığı barədə heç bir məlumat yoxdur.
“Əksər hallarda aclıq edən şəxslər rejim rəisləri və müavinlər tərəfindən döyülür, alçaldılır. Antisanitariya vəziyyətində olan doprexod adlanan kameralarda günlərlə saxlanılırlar. Sonra isə hansısa rejim qaydalarının pozulması ilə bağlı cərimə kamerasında saxlanılırlar. Yeməkdən niyə imtina etdiyin heç kimin vecinə deyil. 20 gündən artıq aclıq etdiyim dövrdə qışqırıb kömək istəyirdim ki, qanunsuz həbsimə əncam çəksinlər. Telefonla danışmaq hüququmu da əlimdən almışdılar. Yerdən köhnə bir ülgüc tapıb qollarımı kəsdim. 30-40 dəqiqə sonra əlimi sarıdılar. Xəsarətlərimə baxmayaraq, əllərim arxadan qandallı vəziyyətdə məni döyməyə başladılar. Huşumu itirdim. Ayılanda gördüm ki, məni antisanitar otaqda dəmir çarpayıya qandallayıblar. 12 saat o vəziyyətdə qalmışam”, – kişi məhbus başına gələnləri danışır.
Ombudsmanın fəaliyyətinə dair 2024-cü il hesabatına əsasən Penitensiar Xidmətin müəssisələrində bir il ərzində 163 ölüm faktı qeydə alınıb. Bunlardan neçəsinin intihar hadisəsi olması barədə məlumat yoxdur. İntihar hadisəsi zamanı Cinayət Məcəlləsinin 125 – “özünü öldürmə həddinə çatdırma” maddəsinə əsasən cinayət işi başladılmaması üçün “xəstəlikdən öldü” demək də bir ehtimaldır.
Psixoloji yardım
“Psixoloji yardım haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, dövlət keyfiyyətli psixoloji yardıma təminat verir və 6.2.3-cü maddəsinə əsasən isə Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslərin psixoloji yardımının maliyyələşdirilməsini üstünə götürür.
İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin (İQAK) həbsxanalarda psixiatrik yardımla bağlı tövsiyələrində əks olunur:
- Ümumi əhali ilə müqayisədə məhbuslar arasında psixiatrik simptom halları yüksək olur. Deməli, hər bir həbsxananın tibb-sanitar yardımı xidmətində psixiatriya üzrə ixtisaslaşmış həkim işləməlidir və orada çalışan tibb işçilərinin bəziləri bu sahə üzrə təlim keçmiş olmalıdır.
- İQAK psixiatrik xəstəliklərdən (depressiya, reaktiv psixoz və s.) əziyyət çəkən məhbusları qabaqcadan müəyyən edərək, onları əhatə edən mühitin müvafiq şəkildə tənzimlənməsi imkanına malik olmaqda həbsxana rəhbərliyinin rolunun vacibliyini vurğulayır.
Təcridxanada rejim rəisləri hər korpusa təhkim olunurlar. İxtisasca psixoloq olsalar da, bundan nə qədər məhbusun məlumatlı olduğu bilinmir. Ümumiyyətlə, məhbuslar psixoloji yardıma çatmaq hüquqlarının varlığından xəbərsizdirlər. Rejim rəisləri yetərli və keyfiyyətli psixoloji yardım göstərə bilərlərmi? Həbsxanada məhbusun probleminin konfidensial qalması sual altındadır. Buna görə də rejim rəisinə dərdini danışmaq yaxşı fikir olmaya bilər. Məhbusun onsuz da məhv edilən şəxsi toxunulmazlığı, bu halda vəziyyəti daha köməksiz hala gətirə və onu özünə qapanmağa sövq edə bilər.
Tibb-sanitar hissədə isə nə ixtisaslaşmış psixoloq, nə də psixiatr var. Bu da məhbusların psixoloji durumunun gözardı edilməsinin ən mühüm səbəblərindən biridir.
Ən yaxşı halda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən 2-3 aydan bir nevroloq dəvət olunur. O da bir neçə saat sonra gedir. Yalnız məhbus özünə xəsarət yetirdikdən sonra üzdə görünən yaralarına çarə tapılır. Məhbus özünə xəsarət yetirməyə meyllidirsə, onun şəxsi işinə bu dörd söz qırmızı zolaqlarla həkk olunur və üzərindəki nəzarət gücləndirilir. Özünə xəsarət yetirmisənsə, səsin karserdən (təkadamlıq cəza kamerası) də gələ bilər. Məhbusun zahiri yaraları yodla sağaldılsa da, daxili yaralarına məlhəm düşünülmür.
Ülviyyə Əli
Bakı İstintaq Təcridxanası 6 may 2026-cı il