Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Anar Abdullanın və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə Aygün Qurbanova sədrlik edib.
Məmmədlinin müdafiəçisi Cavad Cavadlı məhkəməyə vəsatət təqdim edərək Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsindən bir sıra sənədlərin rəsmi qaydada alınmasını istəyib.
Vəkilin sözlərinə görə, həmin materiallarda ittihamların həm hüquqi, həm də faktiki əsaslarını tam şəkildə şübhə altına alan, eyni zamanda ittihamların əsassızlığını göstərən məlumatlar mövcuddur.
Cavad Cavadlı qeyd edib ki, AİHM-in 2018-ci il qərarında Anar Məmmədlinin əvvəlki həbsi qanunsuz sayılsa da, həmin məhkumluq bu günə qədər ləğv edilməyib. Onun sözlərinə görə, məhz bu “məhkumluq statusu” indiki cinayət işində ağırlaşdırıcı hal kimi tətbiq olunur.
Vəsatətdə həmçinin SMDT-nin hüquqi statusu ilə bağlı AİHM-in 12 yanvar 2023-cü il tarixli qərarına istinad edilir. Həmin qərarda məhkəmə qurumun qeydiyyata alınmamasını əsassız və özbaşına hərəkət kimi qiymətləndirib və bunun Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin birləşmək azadlığının pozuntusu olduğunu müəyyənləşdirib.
Vəkilin sözlərinə görə, dövlət bu pozuntunu aradan qaldırmaq əvəzinə, əksinə, təşkilatın hələ də qeydiyyatsız olmasını Məmmədliyə qarşı hazırkı ittihamda əsas kimi göstərir.
Bundan sonra bu iş üzrə ittiham olunan ictimai fəal Anar Abdulla sərbəst ifadə verib. O, ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırıb.
Növbəti məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
Proses şahidlərin dindirilməsi ilə davam edəcək.
Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.
O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da, sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.
Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.
Anar Abdulla 2025-ci ilin aprelində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin( SMDTM) rəhbəri Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub.
Bu iş üzrə Anar Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb.
Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.
Qərar avqustun 4-də dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub.